“Azərbaycanın çoxmillətli və tolerant ölkə olması bizim böyük sərvətimizdir, üstünlüyümüzdür. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da - bütünlükdə hamısı azərbaycanlıdır.
"Azərbaycan" sözü bizi həmişə birləşdirib. Respublikamızın ən başlıca sərvəti əsrlərdən bəri bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olar”. Ümummilli Lider Heydər Əliyevin bu fikirləri Azərbaycan dövlətinin milli-mədəni mənzərəsini dəqiq ifadə edir. Bəli, azərbaycançılıq ideologiyası dəst-xəttində inkişaf edən Azbaycan multikultural ölkədir. Multikulturalizm və azərbaycançılıq bir-birilə yaxın şəkildə uzlaşan, dövlətimizin mənzərəsini canlandıran bir nümunədir.
Azərbaycanda humanizm və tolerantlığın simvolu Mehriban Əliyeva...
Azərbaycan xalqının və dövlətinin tükənməz dəyərinə, milli ideologiyasına çevrilən azərbaycançılığın təbliğində Azərbaycanda humanizm və tolerantlığın simvoluna çevrilən, Azərbaycan Respublikasının I Vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva önəmli rol oynayan dövlət xadimi kimi bu istiqamətdə saysız iş görüb, layihələr həyata keçirib. Bütün dünya bilir ki, M.Əliyeva azərbaycançılıq məfkurəsinin, multikulturalizmin Azərbaycan modelinin təbliğinə, habelə ölkədə sosial rifahın yüksəldilməsinə, elm, təhsil, mədəniyyət, idman sahələrinin inkişafına əhəmiyyətli töhfə verib, məhz onun təşəbbüsü ilə həyata keçirilən çoxsaylı layihə milli dəyərlərin qorunması və bu dəyərlərin ictimai şüurda möhkəmlənməsinə xidmət edir. M.Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da bu istiqamətdə əməyi, rolu danılmazdır.
Heydər Əliyev Fondunun azərbaycançılıq ideologiyasının təbliği, beynəlxalq aləmdə tanıdılması ilə bağlı gerçəkləşdirdiyi layihələrin hər biri ölkəmizin beynəlxalq imicinə müsbət təsir göstərir. Qeyd etdiyimiz kimi, fondun həyata keçirdiyi layihələrdə azərbaycançılıq, multikulturalizm kimi dəyərlər əsas dəst-xətti təşkil edir.
Mehriban Əliyevanın müəllifi olduğu multikultural layihələr...
Nərmin Əhmədova “Mehriban Əliyevanın fəaliyyətində multikulturalizm dəyərləri: Qeyri-Maddi İrsin qorunması” araşırmasında olduqca maraqlı faktlara toxunur. “Azərbaycanda multikulturalizm bir dəyərlər toplusu, etnomədəniyyətlər çələngi kimi tarixən mövcud olub. Azərbaycan multikultural və tolerantlıq ənənələrini, etnik və milli-dini qruplar arasında gözəl harmonik münasibətləri bütün dünyaya çatdırmaqdadır. Cənab Prezident həmişə qeyd edir ki, multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Multikulturalizmin daha da inkişaf etməsi üçün dövlət səviyyəsində hər zaman qayğı göstərilir. Tarixə nəzər salsaq, görərik ki, alban kilsəsinin mövcudluğu, yəhudi icmasının, eləcə də rus pravoslav icmasının burada məskunlaşması və digər amillər Azərbaycanda xalqların harmonik şəkildə birgə yaşamasının sübutudur”.
Vatikanda, Starsburqda və başqa yerlərdə görülən işlər...
O qeyd edir ki, Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan multikulturalizminin hüquqi və siyasi qolunu qoyması bu sahədə yeni mərhələnin başladığını göstərirdi. Hazırda ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən bu istiqamətdə işlərin genişləndirildiyini qeyd edən yazarın sözlərinə görə, bu yeni mərhələdir.
1996-cı ildə Azərbaycanla UNESCO arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Azərbaycan-UNESCO münasibətlərinin inkişafında, bu münasibətlərin canlanması və gücləndirilməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva əvəzolunmaz rola malikdir. Heydər Əliyev Fondunun təşkilatçılığı və Mehriban xanımın iştirakı ilə 2015-ci il sentyabrın 8-də "Parisin ürəyində Azərbaycan" adlı tədbir çərçivəsində dini tolerantlıq və birgə yaşayış mövzusunda konfrans keçirilib. Sentyabrın 3-dən 9-dək məşhur Luvr Muzeyinin qarşısındakı Pale Royal meydanında ölkəmizin zəngin mədəniyyətini təqdim edən "Azərbaycan şəhərciyi" fəaliyyət göstərib. Həmçinin, dünyaca məşhur fotoqraf Reza Deqatinin "Azərbaycan tolerantlıq ölkəsi" sərgisi nümayiş olunub. “Elə həmin layihə çərçivəsində sentyabrın 8-də Parisdə "Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti" mövzusunda konfrans təşkil olunub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva konfransda iştirak edib. O, konfransda çıxış edərək ölkəmizin tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovşağında yerləşdiyini, Azərbaycanda məscidlərin kilsə və sinaqoqlarla yanaşı mövcud olduğunu, bütün dini azadlıqların təmin edildiyini diqqətə çatdırıb. Heydər Əliyev Fondunun digər dinlərə də xüsusi diqqət göstərdiyini deyən Mehriban Əliyeva Luvr Muzeyində islam mədəniyyəti bölməsinin təşkilində, yəhudi uşaqlar üçün təhsil imkanlarının yaradılmasında, Strasburq və Fransanın digər regionlarındakı kilsələrin təmirində Heydər Əliyev Fondunun yaxından iştirak etdiyini bildirib.
...Eləcə də qeyd etmək lazımdır ki, Roma katakombasının bərpası, Vatikan Apostil Kitabxanasındakı unikal əlyazmaların bərpası, Roma Katolik Muzeyinin filosoflar zalının təmiri və digər layihələrin təşkili müsəlman ölkəsi olaraq, Azərbaycanın atdığı mühüm addımlardır. Heydər Əliyev Fondunun bu cür layihələri multikulturalizm sahəsində gözəl təşəbbüs olmaqla yanaşı, mədəniyyətlər və sivilizasiyalar arasında dialoq üçün əsl qlobal nümunədir”.
Azərbaycanın maddi və qeyri-maddi irs nümunələrinin UNESCO-ya daxil edilməsində Mehriban Əliyevanın rolu...
Müəllif qeyd edir ki, Heydər Əliyev Fondunun yaranması ilə aparılan yüksək səviyyəli islahatlar nəticəsində, 2003-2017-ci illər ərzində UNESCO-nun sənədlərində Azərbaycan Qeyri-Maddi Mədəni İrs Siyahısına 13 qeyri-maddi mədəni irs nümunəsi daxil edilib.
“2019-cu ilin böyük uğurlarından biri də Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsidir. Azərbaycanın ən qədim şəhərlərindən olan Şəkinin tarixi hissəsi yüzillər boyu ölkəmizin mədəniyyət mərkəzlərindən biri kimi tanınıb. Unikal abidələrlə zəngin Şəki şəhərinin tarixi hissəsinin mühafizəsi və inkişafı daim dövlətin diqqətində saxlanıb.
Dövlət başçısı İlham Əliyev Azərbaycan xalqını təbrik nitqində bildirirdi ki, Şəkinin tarixi mərkəzində keçmişimizi özündə təcəssüm etdirən Şəki Xan Sarayı, karvansaraylar, məscid və minarələr, qədim körpülər, sənətkarlıq emalatxanaları və yaşayış evləri bu gündən etibarən təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur. “Azərbaycan sülhsevər, qədim sivilizasiyaya, qədim mədəniyyətə və tarixə malik olan bir ölkədir. Ölkəmizdə dini və ya milli zəmində heç zaman heç bir qarşıdurma olmayıb və bu gün də yoxdur. Əsrlər boyu Azərbaycanda müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin nümayəndələri sülh, qarşılıqlı hörmət şəraitində yaşayıblar. Təsadüfi deyil ki, bu gün də Azərbaycan dünyada mutlikulturalizm mərkəzlərindən biri kimi tanınır”. Ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva həmin il sentyabrın 25-də Romadakı "Custiniani" Sarayında keçirilən "Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq münasibətləri" adlı konfransdakı çıxışında bütün bu məsələləri qeyd edirdi. Səslənən bu fikirlər Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfənin beynəlxalq miqyasda bir daha etirafıdır” - deyə N.Əhmədova qeyd edir.
Mədəniyyətşünaslar qeyd edirlər ki, ölkəmizdə multikulturalizm hərəkatının inkişafında, milli-mədəni irsimizin qorunması və təbliğində Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti olduqca əhəmiyyətli rol oynayır.
“Azərbaycan bu gün çoxkonfessiyalı, çoxmillətli ölkədir”
Çıxışlarından birində Mehriban Əliyeva multikulturalizmə, bu vacib dəyərə belə qiymət verir:
“Biz hesab edirik ki, insanların, xalqların bir-birinə daha yaxın olması, bir-birini daha dərindən tanıması və doğru anlamasında ən gözəl vasitə məhz humanitar əməkdaşlıqdır, humanitar layihələrdir. Azərbaycan bu gün çoxkonfessiyalı, çoxmillətli ölkədir. Biz öz dinimizə, tariximizə və mədəniyyətimizə çox böyük hörmətlə yanaşırıq. Eyni zamanda, biz mədəniyyət müxtəlifliyinə çox diqqətlə və böyük hörmətlə yanaşırıq. Heydər Əliyev Fondu bu illər ərzində ölkəmizdə 50 dini, tarixi və mədəni abidənin bərpasında iştirak edib. Eyni zamanda, biz dünyada, dünyanın müxtəlif ölkələrində və şəhərlərində 40-dan çox dini və mədəni abidənin bərpasında iştirak etmişik”.
Mədəniyyətşünaslar bildirirlər ki, 2008-ci ilin 10-11 iyun tarixlərində Bakıda Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və adıçəkilən qurumların dəstəyilə “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans indiyə qədər öz əhəmiyyətini qoruyib saxlayır. Həmin tədbirdə irqi, etnik, dini və gender müxtəlifliyi zəminində dözümsüzlüyün və ksenofobiyanın yayılması ilə bağlı ümumi narahatlıqlarını bildirməklə yanaşı, bu kontekstdə dünyanın mədəni müxtəlifliyinə dair mədəniyyətlərarası və dinlərarası dialoqun artan rolu qeyd edilirdi. Həmin tədbirdə qəbul edilən Bakı Bəyannaməsində mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafında qadınların oynadığı mühüm rol, bunun sayəsində dünyada sülhün, sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi vurğulanıb və beynəlxalq birlik naminə sülh uğrunda dialoqun bütün proseslərində qadınların bərabər iştirakına şərait yaradacaq mühitin təmin olunmasında qətiyyətli olmaq bildirilirdi.
Mehriban Əliyeva ölkəmizi dünyaya multikulturalizm, tolerantlıq, dözümlülük məkanı kimi təqdim edir və bu istiqamətdə mühüm işlər görür.
“Azərbaycan mədəniyyətlərarası dialoq, digərlərinə qarşı tolerantlıq və hörmət nöqteyi-nəzərindən...”
Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Parisdə UNESCO-nun baş qərargahında 1999-2009-cu illərdə təşkilatın baş direktoru olmuş Koişiro Matsuuranın anadan olmasının 80 illiyi münasibətilə konfransda çıxış zamanı deyib: “Sivilizasiya, mədəniyyət və dinlərin qovuşuğunda yerləşən bir ölkə kimi Azərbaycan mədəniyyətlərarası dialoq, digərlərinə qarşı tolerantlıq və hörmət nöqteyi-nəzərindən beynəlxalq ictimaiyyətə bir çox şeylər təklif edə bilər”.
Mehriban Əliyeva İSESCO-nun da xoşməramlı səfiri olaraq Azərbaycan tarixini, mədəni irsini, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində yorulmaz fəaliyyət göstərir: İçərişəhər, o cümlədən, Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Həmçinin, muğam və aşıq sənətimiz, “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti”, “Dədə Qorqud irsi”, Azərbaycan kəlağayı sənəti Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahıya salınıb. Nəhayət, Azərbaycan 2019-cu ilin iyulunda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla evsahibliyi edib. Əlbəttə, bütün bu işlərin həyata keçirilməsində Mehriban xanımın zəhməti, əməyi danılmazdır.
Azərbaycançılıq ideyasının ən müasir formada təbliğ edilməsi forması kimi multikulturalizm məfhumu önəmli yerə malikdir. Azərbaycançılıq ideyası multikultural düşüncənin də yaşadıldığı bir dəyərdir, ideologiyadır.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.