Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov TASS agentliyinə açıqlamasında bildirib ki, biz ATƏT-in Minsk Qrupu həmsədrlərindən Ermənistan tərəfinin substantiv danışıqlara hazır olmasının təminatlarını gözləyirik. Həmçinin, o qeyd edib ki, danışıqların predmeti işğalçı qüvvələrin çıxarılması qrafiki olmalıdır.
Bununla belə, nazir bildirib ki, Ermənistanın fəaliyyəti vasitəçilərin səylərini sıfıra endirir: “Ermənistanın Dağlıq Qarabağ regionunda və Azərbaycanın digər işğal olunmuş ərazilərində münaqişənin tənzimlənməsi prosesini pozması təkcə 12 iyul hücumu ilə məhdudlaşmır. Bu ölkənin rəhbərliyi müharibənin nəticələrinin qəbul edilməsinin zəruriliyini bəyan etməklə, ərazilərin azad edilməsi imkanlarını istisna etməklə, Azərbaycanın yaşayış məntəqələrinə zərbələr endirməyi təhdid etməklə və bununla da orada demoqrafik vəziyyəti dəyişməklə danışıqların bərpası şanslarını pozur. Erməni tərəfinin bu cür aqressiv bəyanatlar və təxribatçı addımlarının siyahısını davam etdirmək olar. Bu şəraitdə Xarici İşlər nazirlərinin görüş tarixləri barədə danışmaq tez olardı. Biz ATƏT Minsk Qrupu həmsədrlərindən Ermənistan tərəfinin işğal olunmuş ərazilərin azad edilməsi və BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli dörd qətnaməsi və ATƏT-in 1994-cü il Budapeşt sammitinin qərarı ilə nəzərdə tutulduğu kimi, silahlı münaqişənin digər fəsadlarının aradan qaldırılması üzrə substantiv danışıqlara hazır olmasının təminatlarını gözləyirik. Bu razılaşmaların reallaşdırılması siyasi məsələlərin nəzərdən keçirilməsinə başlamaq üçün imkan yarada bilər”.
Nazirin məlum açıqlaması o deməkdir ki, Azərbaycan danışıqlar naminə danışıqların davam etdirilməsində maraqlı deyil və danışıqların predmet üzrə aparılmasında qərarlıdır. Bununla bir daha Azərbaycan öz mövqeyini ortaya qoydu.
“...Ermənistan tərəfinin substantiv danışıqlara hazır olmasına zəmanət verməlidir”
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun fikrincə, ATƏT-in Minsk Qrupu münaqişənin həllində qərarlıdırsa, o zaman danışıqların konkret predmet üzrə aparılmasını təmin etməlidir: “Yeni Xarici İşlər naziri Ceyhun Bayramov müxbirin sualını cavablandırarkən açıq şəkildə işarə etdi ki, həmsədrlərin nəticəsiz vasitəçiliyindən Azərbaycan xalqı doyub. Ötən 30 ilə yaxın müddətdə bunlar bizi barışdırmaq istəyir, vasitəçilik edərək dinc yolla münaqişəni həll etmək çağırışları ilə çıxış edirlər. Ancaq bu cür formal yanaşmalarla, çağırışlarla münaqişə həll olunmaz. Hesab edirəm ki, nazirin cavabında sözügedən fikirlər açıq şəkildə öz əksini tapıb. Bu o deməkdir ki, biz Minsk Qrupundan konkret fəaliyyət, təkliflər gözləyirik. Sözügedən təkliflər təkcə stol arxasında bir araya gəlməkdən ibarət olmamalıdır. Məsələ ondadır ki, münaqişənin həlli ilə bağlı beynəlxalq hüquq normalarına uyğun konkret təkliflər olmalıdır. Ən başlıcası, başda Rusiya olmaqla, vasitəçilər Ermənistana təzyiq göstərməlidirlər. Çünki işğala məruz qalan Azərbaycandır. Təəssüf ki, biz hələ də bunun elementlərini görmürük. Bu olmadıqca, Ermənistan danışıqlarda destruktiv və pozucu mövqe sərgiləməkdə davam edir. Danışıqlar naminə danışıqların aparılması münaqişənin həllinə yox, onun daha da uzanmasına xidmət edir. Bu da işğalçı tərəfin mənafeyinə uyğundur. Ona görə də Minsk Qrupu növbəti görüşün keçirilməsini istəyirsə, o zaman Ermənistan tərəfinin substantiv danışıqlara hazır olmasına zəmanət verməlidir. Eyni zamanda, bunu təmin etməlidir”.
Politoloqun fikrincə, yalnız o halda danışıqlara getmək olar.
Vidadi ORDAHALLI