19/09/2020 03:03
728 x 90

“Qarabağ” yatağı kimi, Qarabağ torpağımıza da qayıdacağıq – İlham Əliyevin bu bəyanatına da erməni isterikası başlayıb

Ramil Hüseynov: “Ermənilər də artıq anlamağa başlayıblar ki, işğal altında olan ərazilərin hərb yolu ilə azad edilməsi an məsələsidir”

img

Bu günlərdə Prezident İlham Əliyev müsahibəsində Qarabağla bağlı önəmli fikirlər səsləndirib:“Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş "Qarabağ" yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Ölkə başçısının Qarabağa həmişəlik qayıdacağıq fikirlərini erməni mediası böyük isterika ilə qarşılayıb. Onlar hər vasitə ilə sözügedən fikirlərə kölgə salmağa çalışsalar da, bütün bunlar onların nə qədər narahat olduqlarını ortaya qoyur. Bu onların məlum reaksiyasında açıq-aşkar özünü göstərir. Özlərinə təsəlli vermək üçün iddia edirlər ki, guya hansısa neft yatağına qayıtmaq Qarabağa qayıtmaq qədər asan deyil və s. Əslində erməni mediasında belə xüsusi reaksiyaların olması təsadüfü deyil. Məsələ ondadır ki, belə reaksiyalar hakimiyyət dairələrindən gələn sifarişi özündə ehtiva edir. Çünki Azərbaycanın Qarabağ məsələsində belə inamlı və qəti mövqe tutması, sözsüz, Ermənistanda hakimiyyəti xalqın gözündən salır. Ona görə də hakimiyyət tapşırıq verib ki, buna xüsusi reaksiya verilsin. Erməni mediasında müşahidə edilən bu canfəşanlıq məhz bundan qaynaqlanır.

  • “Qarşı tərəf elə hesab edirdi ki, işğalın uzanması bütün mənalarda onların xeyrinə işləyəcək, amma belə olmadı”

Məsələyə münasibət bildirən siyasi ekspert Ramil Hüseynovun fikrincə, erməni mediasının isterik şəkildə buna reaksiya verməsi bir sıra məqamlardan xəbər verir: “Ən başlıca məqam ondan ibarətdir ki, baxmayaraq Qarabağ uzun illərdir işğal altındadır, bu, zərrə qədər də olsun Azərbaycanın işğalla barışmasına gətirib çıxarmayıb. Nə Azərbaycan dövləti, nə də xalq bununla barışıb. Ermənilər elə hesab edirdilər ki, işğalın uzanması bütün mənalarda onların xeyrinə işləyəcək, amma belə olmadı. Ancaq ötən müddət ərzində işğalçı tərəf de-yure Qarabağı özününküləşdirə bilməyib. Bütün beynəlxalq sənədlər, qətnamələr Azərbaycanın xeyrinədir. Bu, məsələnin bir tərəfi. Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, Azərbaycan dövləti, xalqı işğal altında olan ərazilərin azad olunması ilə bağlı daha inamlı mövqe sərgiləyir. Ermənilər də artıq anlamağa başlayıblar ki, işğal altında olan ərazilərin hərb yolu ilə azad edilməsi an məsələsidir. Əlverişli geosiyasi məqam yaranan kimi, Azərbaycan ordusu genişmiqyaslı hücuma keçəcək. Əgər Azərbaycan zəif olsaydı, o zaman bu, danışıqlar prosesində də özünü göstərərdi. O mənada ki, rəsmi Bakı danışıqlarda konkret mövqe sərgiləməzdi. Bütün çətinliklərə, ikili standartlara rəğmən, Azərbaycan danışıqlarda ölkənin ərazi bütövlüyü məsələsində bir addım da olsun geri çəkilmir. Ən nəhayət, son illər Azərbaycanın artan hərbi gücü, Türkiyə ilə keçirilən birgə hərbi təlimlər işğal altındakı ərazilərin azad olunmasına olan inamı daha da artırır”.

Ekspertin fikrincə, düşmən tərəfi bütün bunların fərqində olduğu üçün Prezident İlham Əliyevin məlum fikirlərindən bu dərəcədə narahatdır. Narahat olduqları üçün də bu cür isterik reaksiya verirlər.

Vidadi ORDAHALLI

Son xəbərlər