19/09/2020 00:43
728 x 90

Xaricdəki bəzi yutuber-televizionşik soydaşlarımız Azərbaycan-Türkiyə hərbi təlimlərini də hədəfə aldılar - sərhədsiz təəssübsüzlük...

Azər Həsrət:“Həmin 3-5 yutuber bu mərhələdə maskalarını tam çıxarıb, erməni kimi davrandıqlarını göstərirlər”

img

Azərbaycana qarşı daima düşmən mövqe sərgiləyən xaricdəki bəzi blogerlər yenə öz amplualarındadır. Tovuz təxribatından sonra onların tutduğu mövqe ermənilərlə tam adekvatlıq təşkil etdi. Yəni həmin blogerlər öz dövlətlərinə qarşı olmaqla informasiya savaşında düşmənin dəyiranına su tökdülər.

Bunun ardınca cərəyan edən proseslərdə də eyni mövqeni sərgiləyirlər. İndi də həmin adamlar Azərbaycan-Türkiyə birgə təlimlərini hədəfə alan yalnış məlumatlar tirajlayırlar. Məlumdur ki, həmin təlimlərdən daha çox əndişələnən Ermənistan olmuşdu. Belə mövqeləri ilə adı azərbaycanlı olan blogerlər faktiki olaraq Ermənistanın maraqlarına uyğun davranış ortaya qoymuş olurlar.

Müdafiə Nazirliyinin Mətbuat xidməti də yaydığı bəyanatda bununla bağlı narahatlığını ifadə edib. Qurumun adından yayılan məlumatda bildirilir ki, bu cür çirkin üsullarla Azərbaycan Ordusuna və hərbi qulluqçularımıza qarşı addımlar atan, qərəzli yazılar dərc edənlərin başlıca niyyətləri işğalçı Ermənistanın maraqlarına xidmət etməkdir:“Amma həmin məkrli dairələr və onların ortaya atdığı ünsürlər bilsinlər ki, heç zaman çirkin niyyətlərinə nail ola bilməyəcəklər.

Biz həmin şəxslər tərəfindən səsləndirilən qərəzli fikirləri qəti surətdə rədd edirik. Bildiririk ki, belə dezinformasiya xarakterli məlumatların məhz bu gün - Azərbaycan-Türkiyə birgə taktiki təlimlərinin keçirildiyi ərəfədə yayılması Ermənistanın xüsusi xidmət orqanları tərəfindən ölkəmizə qarşı həyata keçirilən növbəti təxribatın tərkib hissəsidir”.

Media üzrə ekspert Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu adamların mahiyyəti haqqında illərdir danışılır:“Uzun illərdi ki, vətənpərvər siyasi şərhçilər, deputatlar, dövlət adamları onların əsl simalarını açıb ortaya qoyurlar. Onların mövqeyinin məhz ermənilərə xidmət olduğunu dönə-dönə dilə gətiririk. Hər zaman üstümüzə yeriyiblər ki, güya biz onlara şər atırıq. İddia edirlər ki, onların bütün fəaliyyətləri Azərbaycanın rifahı, demokratikləşməsinə yönəlib. Deyiblər ki, onların tərk dərdi hakimiyyətdir. Biz deyirdik siyasi mübarizəni ədəb-əxlaq, qanunlara uyğun şəkildə etmək lazımdır. Onların fəaliyyətində milli təəssübkeşlik ümumiyyətlə gözə dəymir. Tovuz əməliyyatları zamanı onlar açıq şəkildə öz mahiyyətlərini ortaya qoydular. Nəinki ordumuza, dövlətimizə dəstək ifadə etmədilər, əksinə, Azərbaycan dövlətinin və ordusunun əleyhinə iş ortaya qoydular. Bir tərəfdən əsgərimizi gözdən salmağa çalışdılar, digər tərəfdən Ermənistanın rəsmi kəşfiyyat orqanlarının istehsal etdiyi  informasiyaları yaydılar. Başqa tərəfdən isə Azərbaycanda vətəndaş-dövlət qarşıdurması yaratmağa xidmət edən  paylaşımları yaydılar. İndi də Azərbaycanla Türkiyə arasındakı hərbi yaxınlaşma bu adamları daha da özündən çıxarıb. Onlar  bu prosesi də təqdir etmirlər. Əksinə,  Azərbaycan ordusunu gözdən salmağa çalışırlar. İki ölkənin münasibətinin soyumasına xidmət edən fəaliyyətlə məşğuldurlar. Belə fəaliyyətlə məşğul olmaq birbaşa Ermənistana xidmət deməkdir. Həmin 3-5 yutuber bu mərhələdə maskalarını  tam çıxarıb, erməni kimi davrandıqlarını göstərirlər. Bu adamlar heç nədən  çəkinmədən, utanmadan Ermənistanın və ermənilərin yanındadırlar. Onların qohumları, həmin adamları tanıyan hər kəs həmin şəxslərə lazım olan qiyməti verməlidir. Onları izləyənlər də həmin adamları təqib etməkdən imtina etməlidirlər. Çünki onlar əvvəl yalan demokratiya vədləri verib, həmin auditoriyanı yığıblar. İndi bəlli olur ki, onların əsas məqsədi erməni təbliğatını gücləndirməkdir. Çalışmalıyıq ki, insanlarımız bu antimilli adamlardan uzaqda dayansınlar. Belə adamlar vətəndaşlarımızı erməni təbliğatının təsirinə sala bilərlər”

Doğrudan da bu mərhələdə bəzi blogerlərin tam mahiyyəti üzə çıxdı. Onlar artıq hakimiyyəti yox, Azərbaycan dövlətini, onun ordusunu hədəf alıb, ermənilərin əlinə oynayırlar.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər