İyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin çıxışından sonra çoxlu sayda gənc sərtləşdirilmiş karantin rejiminin tələblərinə əməl olunmaqla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aidiyyəti rayon şöbəsinə müraciət etməklə müvafiq qaydada qeydiyyata alınır.
Azərbaycan ordusunda könüllü xidmət etmək haqqında arzularını ifadə edənlər arasında hərbi xidməti başa vuran, müxtəlif sahələrdə çalışan gənclər, idmançılar, müharibə veteranları, hətta qadınlar da var.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaydığı məlumatda qeyd olunur ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 46 000-dən çox vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə elektron qaydada, həmçinin Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıb.
“Ermənilərin sərhədlərimizdə təxribat törətməyə çalışdığı bir vaxtda milli birliyin nümayiş etdirilməsi, vətəndaşlarımızın həmrəyliyi düşmənə ikinci ağır zərbədir”
Könüllü orduda xidmət etmək istəyənlərin sayının artması barədə fikir bildirən hərbi ekspert Rasim İsgəndərov qeyd etdi ki, ruh yüksəkliyi təkcə cəbhə xəttində yox, paytaxt Bakı və digər ərazilərdə də özünü göstərir. Azərbaycan Prezidentinin çağırışından sonra minlərlə vətəndaşımız, yaşı və cinsindən asılı olmayaraq, könüllü olaraq ordu sıralarına yazılır:“Bu bir daha vətəndaşların ölkə rəhbərinə inamının, dəstəyinin və düşmənə qarşı mübarizədə böyük birliyin olmasını nümayiş etdirir. Ermənilərin sərhədlərimizdə təxribat törətməyə çalışdığı bir vaxtda milli birliyin nümayiş etdirilməsi, vətəndaşlarımızın həmrəyliyi düşmənə ikinci ağır zərbədir”.
Son olaraq bildirək ki, hazırda bütün dünyanın koronavirusla mübarizə apardığı bir vaxtda xalqımız düşmənlə mübarizdə ön cəbhədə olmağa hazır olduğunu bəyan edir. Orduya yazılan hər bir şəxs Qarabağ torpağının azad olunması üçün hər an savaşa hazır olduğunu bildirir, Ali Baş Komandanın əmrini gözləyir.
Günel CƏLİLOVA