Məlum olduğu kimi, tanınmış rusiyalı jurnalist və "Russia Today" telekanalının direktoru Marqarita Simonyan Ermənistan hakimiyyətinə qarşı kəskin tənqidlərlə gündəmə gəlib. O, Ermənistan hakimiyyətinə yönəlik kəskin tənqidi fikirlər səsləndirib:“Özünüzə kənardan baxın. Nə etdiyinizə baxın. Özünüzü necə aparırsınız?”.
M.Simonyan qeyd edib ki, Paşinyan və komandası ölkəni anti-Rusiya QHT-ləri ilə doldurub:“Siz Qafqazdakı anti-Rusiya qüvvələrinin tramplininə çevrilmisiniz. Siz Rusiya ilə əlaqəli heç bir şey istəmirsiniz. Media və sosial şəbəkələriniz Rusiyaya, Putinə, Putini dəstəkləyən hər kəsə, xüsusən də Rusiya ermənilərinə çirkab atır. Siz uğursuz və yoxa çıxan erməni xalqını düşmənlərə - rus ermənilərinə və "həqiqi" insanlara - bir anlıq hakimiyyətinizi dəstəkləyənlərə bölmüsünüz. İndi sərhədinizdə müharibə olanda, rejiminizin mövcudluğu təhlükə altına düşəndə xatırladınız ki, Rusiya sizi yenidən xilas etməlidir. Bəyəm bu, Ermənistanın daxili işi deyilmi? Son illər Rusiyaya qarşı bəslədiyiniz bütün kinlərdən və xirtdəyə çatan hörmətsizliklərdən sonra informasiya cəbhəniz və özünüz hesab edirsiniz ki, kömək gözləməyə haqqınız var?”.
M. Simonyanın məlum yazısı Ermənistanda müəyyən rezonansa səbəb olub. Bununla yanaşı, Paşinyanın mövqeyindən çıxış edən erməni mediası M.Simonyanı kəskin tənqid edir. Eyni zamanda onu Rusiya təbliğatının iyrənc nümayəndələrindən biri kimi səciyyələndiriblər: “Dünyadakı məşhur ermənilər Ermənistanı dəstəklədiklərini söylədikləri halda, M.Simonyan öz reklamlarında sərt tənqidlərə yol verərək Ermənistan hakimiyyətinə müraciət etdi. Simonyanın bu münaqişədə Ermənistana dəstəyini ifadə edə bilmədiyi aydındır - buna görə bağışlanmayacaq”.
Qeyd olunur ki, Rusiyanın Ermənistana qarşı siyasətinin əsasını təşkil edən ən vaciblərindən ikisini ayırmaq olar: “Beləliklə, Marqaritanın məlum yazısı ilə bağlı iki vacib fakt nədir? Birincisi, ermənilər dövlət sahibi olmağa qadir deyillər və Rusiyanın səxavəti olmadan ermənilər yox olacaq. İkincisi, bu, Rusiyanın böyük erməni icmasının Ermənistana qarşı təşəbbüsüdür. Bu iki məqam Moskvanın Ermənistana münasibətdə siyasətinin əsasını təşkil edir”.
Bütün bu deyilənlərin fonunda görünən odur ki, Rusiyadakı erməni dasporunun fəalları artıq Ermənistana qarşı çıxır. Maraqlıdır, nə baş verir? Ümumilikdə bu, Paşinyanın fiaskosu deyilmi?
“Rusiyadakı erməni diasporu fəallarının belə mövqe sərgiləməsi onların Ermənistandakı mövcud hakimiyyətə qarşı olduqlarını göstərir”
Məsələyə münasibət bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlunun sözlərinə görə, Rusiyadakı erməni dasporu fəallarının Paşinyan hakimiyyətinə qarşı çıxması ciddi məqamlardan xəbər verir:“Əvvəla, Paşinyanın apardığı siyasətin fiaskoya uğradığı ortadadır. Rusiyadakı erməni diasporu fəallarının belə mövqe sərgiləməsi onların Paşinyan hakimiyyətinə qarşı olduqlarını göstərir. Məsələ ondadır ki, Ermənistanın var olması Rusiyanın hesabına olub, amma indi ermənilər Moskvaya arxa çevirir. Digər tərəfdən, baş verənlər onu göstərir ki, bütün ermənilər Rusiya rəhbərliyinin gözündən düşüb. Hətta Rusiyadakı erməni elitası belə, nüfuzdan düşmüş vəziyyətdədir. Bütün bunların fonunda gəldiyim qənaət ondan ibarətdir ki, Rusiya həqiqi mənada Dağlıq Qarabağ münaqişəsinin həlli uğrunda ciddi səy göstərir. Rusiyanın atdığı addımlarda 3 vacib məqam diqqəti cəlb edir. Birincisi, Putin Tovuzda baş verən təxribatı Təhlükəsizlik Şurasının iclasında müzakirə etdi. İkincisi, Rusiyanın müdafiə naziri Şoyqu bəyan etdi ki, onların Qafqazda keçirdikləri hərbi təlimlərin Tovuzda baş verən insidentlə heç bir əlaqəsi yoxdur. Üçüncüsü, xarici işlər naziri Sergey Lavrov Rusiya Ermənilər İttifaqının sədri Ara Abramyanı yanına çağırıb. Ona bildirib ki, gedin Qarabağı qaytarın. Yəni Rusiya bu qədər ermənilərdən narazıdır”.
Belə məlum olur ki, Rusiya hakimiyyətinin Ermənistandan narazı olması buradakı erməni lobbisinə də təsirsiz ötüşmür. O baxımdan bütün bunların bir-biri ilə əlaqəli olması qənaəti yaranır.
Vidadi ORDAHALLI