Ermənistanın sərhəd xəttində son təxribatı Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həllinin mümkünlüyünə dair indiyə qədər olan ümidlərə kifayət qədər sərt zərbə oldu. Artıq əksər ekspertlər bu qənaətdədir ki, münaqişənin çözümü güc tətbiqi yolu ilə baş tutacaq və bütün bunlara görə də məsuliyyət birmənalı şəkildə Ermənistanın üzərinə düşür.
Bu vəziyyətdə diqqət çəkən məqamlardan biri də budur ki, Azərbaycan bir dövlət, cəmiyyət olaraq müharibəyə tam hazırdır və xalqın bu məsələdə vahid mövqe sərgiləməsi də qeyd edilənlərin təsdiqidir. Eyni zamanda, dünya miqyasında da azərbaycanlılar mükəmməl bir mütəşəkkilik nümayiş etdirir. Müxtəlf ölkələrdə Ermənistanın sərhəd təxribatı ilə bağlı soydaşlarımızın keçirdiyi aksiyalar nəinki düşmən ölkə, hətta onun öyündüyü diaspor üçün də çox gözlənilməz olub. Hələ da davam edən bu aksiyalar Ermənistanın işğalçılıq siyasətinin dünyaya çatdırılmasında artıq mühüm rol oynayır.
Daha bir önəmli məqam isə iqtisadi müstəvidə yaşananlardır. Məlumdur ki, Azərbaycanın regionda Ermənistanı transmilli layihələrdən kənarda qoyması və bu ölkəyə qarşı tətbiq etdiyi təcrid siyasəti İrəvanı sözün əsl mənasında çökdürür. Indi Ermənistanda böyük əksəriyyət üzləşdiyi sosial-iqtisadi problemlərin məhz Qarabağ münaqişəsindən qaynaqlandığını açıq etiraf edir. Ermənistanın sosial-iqtisadi sferada çöküşünün daha dinamik xarakter almasının məhz Qarabağ münaqişəsinin davam etmə səbəbindən qaynaqlanması artıq heç kimə sirr deyil. Ümumiyyətlə, Ermənistanın iqtisadi, hərbi-təhlükəsizlik və xarici siyasətində yaşananların təməlində məhz Azərbaycan ərazilərini işğal altında saxlaması durur. İşğalın davam etməsi Ermənistanın indiki hakimiyyətinə də böyük sosial, siyasi, iqtisadi problemlərin həlli istiqamətində real iş görməyə imkan vermir. Çünki bunun üçün Ermənistanın regional layihələrlə iştirakı vacibdir və bu da Azərbaycandan asılıdır. Azərbaycan isə yalnız işğala son qoyulduqdan sonra Ermənistanla hansısa əməkdaşlığı mümkün sayır. Amma son sərhəd təxrbatları Ermənistanla danışıqların davam etdirilməsinin artıq mənasız olduğunu üzə çıxarır. Bu səbəbdən savaş başlanana qədər Azərbaycanın müxtəlif istiqamətlər üzrə Ermənistana təzyiqləri artırması da tamamilə gözləniləndir. Özü də təkcə Qafqazda yox.
Məlumdur ki, Ermənistanın ayaqda qalmasında xaricdən, xüsusən də Rusiyadan gələn vəsaitin böyük rolu var. Amma burada da soydaşlarımızın Ermənistana qarşı təşkilatlanmış fəaliyyəti düşmən ölkə üçün yeni böyük iqtisadi çətinliklər yaradır. Xüsusən də Rusiyanın böyük bazarlarında ermənilərin sıxışdırılması artıq böyük çaxnaşma yaradıb. Hətta iş o yerə çatıb ki, bəzi ermənilər Rusiyanı tərk etməyə hazırlaşır. Rusiya erməniləri birliyi sədrinin birinci müavini Lusik Qukasyan da faktı təsdiq edir:“Vəziyyət son günlərdə xeyli ağırlaşıb. Rusiya erməniləri birliyinin sədri son günlərdə müxtəlif rəsmilərlə görüşlər keçirir”. Qukasyan qeyd edib ki, Rusiya erməniləri birliyinin sədri Rusiya xarici işlər naziri Sergey Lavrovla da görüşüb. Onun sözlərinə görə, Rusiyada da vəziyyət gərgindir və həqiqətən təhlükəlidir: “Həm Moskvada, həm də müxtəlif vilayətlərdə vəziyyət gərgindir, “toplaşaq, gedək nümayişlər edək, Ermənistana gedək” kimi çağırışlar səslənir, bizə müraciət edirlər ki, bu köçürməni təşkil edək”. Lusik Qukasyan bildirib ki, Moskvanın ən böyük bazarı olan “Food City”nin rəhbərliyi erməni əriklərinin satışındakı əngəlləri aradan qaldırmaq üçün danışıqlara getmiş erməni iş adamlarını və Ermənistan səfirliyinin nümayəndələrini qovub. Yaxın tezlikdə burada ermənilərin ticarətlə məşğul olmasına imkan verilməsi isə böyük sual altındadır. Moskvada yaşayan erməni sosial şəbəkə istifadəçi Karen Ağabekyan da vəziyyətin gərgin olduğunu bildirir:“Yayılan videoda bazar administrasiyasının nümayəndəsinin ermənilərdən necə kobud şəkildə ərazidən çıxmağı tələb etdiyi görünür, bundan sonra bazarın təhlükəsizlik nümayəndəsi, yəqin ki, iş adamı olan ermənini əli ilə itələyərək, ondan çölə çıxmağa tələb edir, erməni olan şəxs isə “əllərinizi çəkin” deyə cavab verir. O da məlumdur ki, “Food City” rəhbərliyi bütün erməni pavilyonlarına “Ermənistan”, “Erməni”, “İrəvan”, “İcevan” və sair sözləri görünən yerlərdən, hətta qutuların üzərindən çıxarmaq barədə xəbərdarlıq edib. Sonra Ermənistan nömrələri olan “furalar”ın əraziyə girişini qadağan edib. Bu, millətlərarası problemlərin baş verməsinin qarşısının alınması tədbiri kimi göstərilib. “Food City” sahiblərindən ikisi Azərbaycan yəhudisi Qod Nisanov və Zarax İliyev olan özəl bir təşkilatdır. Bundan əvvəl isə Ermənistanın Rusiyadakı səfirliyinin əməkdaşları hadisə yerinə gəliblər. Gün ərzində Ara Abrahamyan və Samvel Karapetyan da məsələ ilə məşğul olub. Amma vəziyyət getdikcə pisləşir”.
Xatırladaq ki, bu günlərdə kənd təsərrüfatı məhsulları və ərikləri Moskvaya daşıyan ermənilər azərbaycanlıların Moskvadakı “Food City” topdansatış ticarət bazarında ciddi təsirə sahib olduqlarını və ərik yüklü iri tutumlu maşınların bazara girməsinə imkan vermədiklərini bildiriblər. Sankt-Peterburq, Krasnodar və Voronej bazarlarında da eyni vəziyyət olub. Hətta iş o yerə çatıb ki, yük maşınlarının topdansatış bazarına buraxılmamasından sonra ermənilər görünməmiş hiyləyə əl atıblar. Belə ki, ermənilər bazara daxil olmaq üçün Ermənistandan gələn yük maşınlarına Rusiya Federasiyasının dövlət nömrə nişanlarını vurublar. Amma bunun üstü tez açılıb və ermənilər yenə bazarlardan uzaqlaşdırılıb. Bu durumda erməni tərəfinin gündəlik itkiləri milyonlarla dollar həcmində ölçülür. Bu halda Ermənistana gedən pulların da miqdarında kəskin azalma qeydə alınır. Təbii ki, bütün bunlar Ermənistanda sosial-iqtisadi vəziyyəti daha da ağırlaşdırır. Erməni tərəfinin rəsmi və qeyri-rəsmi bütün cəhdləri isə nəticəsiz qalır. Hesab edilir ki, proses müəyyən müddət davam etsə, Ermənistan iqtisadi müstəvidə daha böyük zərbələr alacaq. "Qraparak" qəzeti yazır ki, erməni kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olanlar indi çətin durumdadır:“Azərbaycanlıların nəzarətində olan Rusiya bazarlarında erməni kənd təsərrüfatı məhsullarını qəbul etməkdən imtina davam edir. İndiki halda söhbət pomidor satışından gedir. Bu mövsüm məhsulunun Rusiyada satışından erməni fermerlər hər il milyonlarla dollar vəsait qazanır. Amma indi məhsulun əldə qalması həm fermerləri, həm də ticarətlə məşğul olanları ciddi ziyana salacaq. Bu, minlərlə erməni ailəsinin də problem yaşaması deməkdir. Səfirliyimiz, dövlət qurumlarımızın rəsmi nümayəndələri bu faktlarla ciddi məşğul olmalı və vəziyyətin gərginləşməsinin qarşısını almalıdırlar. Amma hələlik ortada ciddi nəticə yoxdur". Erməni nəşri yazıb ki, vəziyyət dəyişməsə, Ermənistanda sosial gərginlik artacaq.
Hazırda Ermənistanı bu xüsusda narahat edən Moskvanın baş verənlərə sakit münasibət sərgiləməsidir. Kremlin bu məsələdə tutduğu mövqe Ermənistanda ciddi narazılıq yaratsa da, günahın Nikol Paşinyan iqtidarında olduğu da etiraf edilir. Hazırda pisləşən Ermənistan-Rusiya münasibətləri fonunda Paşinyan artıq nə edəcəyini bilmir. "Qraparak" qəzeti yazır ki, bu hal Ermənistanın durumunu daha da ağırlaşdırır: “Paşinyan belə bir şəraitdə iqtisadiyyatın çöküşü və dərin böhrandan daha çox kabinetini, statusunu əlindən ala biləcək yeni liderin ortaya çıxma ehtimalından narahatdır. Paşinyan proseslərin məhz belə istiqamət ala biləcəyindən ehtiyat edir. Cəmiyyətin kortəbii, sağlam vətənpərvər təzahürləri ilə rəqib ordusuna yalnız ordu vasitəsilə müqavimət göstərmək olmaz. Uğur əldə etmək üçün ən vacib amil dövlət sisteminin adekvat davranışıdır. Bu günlərdə gözümüzün qarşısında baş verən dövlət sisteminin stres testi ciddi narahatlığa zəmin yaradır”. Qəzet yazır ki, bu halda Rusiyada erməni iş adamlarına münasibət Paşinyan üçün ciddi problemlərin daha bir istiqaməti olacaq:“Nikol Paşinyan Rusiya Federasiyası hakimiyyətinin ən az neytral münasibətinə layiq olmağın yollarını axtarmağa davam edir. Paşinyan üçün Ermənistanda böyük iqtisadi və siyasi təsir gücünə sahib olan güc mərkəzinin onun hökumətinə laqeyd və ya düşmən münasibətdə olmaması həyati vacib əhəmiyyət daşıyır. Amma indiyə qədər ciddi səhvlərə yol verib. Məsələn, Paşinyan bölgədəki yeganə Rusiya hərbi bazasının yerləşdiyi, Qafqazdakı yeganə dayağı olan bir ölkədə güclü antirus dalğasını qaldıra biləcəyini ruslara anlatmağa çalışıb. Buna rusiyanın hansı reaksiya sərgiləcəyini təsəvvür etmək çətin deyil. Ancaq Paşinyan bir şeyi nəzərə almayıb, Rusiyanın hazırkı prezidenti “KQB” məktəbini keçib, bu da onlar üçün şantaj və hədə-qorxu ilə danışıqlar aparıla bilməyəcəyini və güzəştlərin edilməsinin daha yolverilməz olduğunu göstərir. Bu fonda Paşinyanın başlatdığı siyasət erməni hakimiyyət orqanlarına nəinki kömək edib, hətta onların hakimiyyəti altında qazılmış çuxuru daha da dərinləşdirib. Bu səbəbdəndir ki, Ermənistana qarşı Türkiyə və Azərbaycanın müxtəlif təzyiqlərinə Rusiya sadəcə seyrçi qalır. Bunun acı nəticələrini Ermənistan hakimiyyəti, erməni cəmiyyəti hələ çox hiss edəcək”. Təbii ki, belə vəziyyətdə Ermənistanın sürətli çöküşünü də gözləmək olar və bu da Qarabağ münaqişəsinin gedişinə təsir edən əsas faktorlardan sayılır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.