Sərhəddə məlum təxribatdan sonra Ermənistanın bu aqressiv hərəkətinə qardaş Türkiyənin sərgilədiyi mövqe İrəvanda hələ də böyük narahatlıq mənbəyi olaraq qalır. Burada hesab edilir ki, Azərbaycana açıq dəstək verən Türkiyə qəti hərəkətə keçmək istəyir. Ermənistan isə Rusiya dayaqlarından məhrum olduğu üçün prosesi əngəlləmək iqtidarında deyil.
Həqiqətən də sərhəddə baş verənlərdən sonra Türkiyə ən yüksək səviyyədə Azərbaycana dəstəyini ifadə elədi. Bunun ardınca isə indi qardaş ölkə Azərbaycanla hərbi müstəvidə əlaqələrini daha da genişləndirməyi düşünür. Artıq bu xüsusda Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın NTV telekanalına müsahibəsində olduqca maraqlı fikirlər səsləndirib:"Diqqətdə olan əsas məsələ işğaldır, Ermənistanın Dağlıq Qarabağı işğalına son qoymaqdır. Bu məsələdə Azərbaycanın yanında olduğumuzu çox açıq və qəti şəkildə bildirmək istəyirik. Son hücumlar işğal altındakı Dağlıq Qarabağ bölgəsində deyil, Azərbaycan-Ermənistan sərhədində baş verib. Azərbaycan bu hücumlara qətiyyətli şəkildə cavab verib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevlə bir neçə dəfə telefon əlaqəsi saxlayıb. Həm müdafiə, həm də xarici işlər nazirlərimiz, eləcə də hər iki ölkənin kəşfiyyat idarəsinin rəhbərləri və biz özümüz həmkarlarımızla, demək olar ki, hər gün telefon əlaqəsi saxlayırıq. Bu mövzuda bir daha açıq şəkildə Azərbaycanın yanında olduğumuzu bəyan edirəm. Onsuz da Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq anlaşması var. Bunlar yenilənməli və əhatə dairəsi genişlənməlidir. Azərbaycanı çətin günündə heç vaxt tək qoymarıq”.
Bu açıqlamadan bir daha görünür ki, Türkiyə Azərbaycanla hərb müstəvisində əlaqələrin daha da genişlənməsinə hazırdır. Qeyd edilən istiqamətdə elə bu günlərdə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir olduqca maraqlı bir açıqlama verib:“Müdafiə sənayemiz silahlı PUA-larımızdan tutmuş silah-sursatlarımız və raketlərimizə, elektron hərbi sistemlərimizədək bütün təcrübə, texnologiya və imkanları ilə hər zaman Azərbaycanın əmrindədir. Azərbaycan ordusuna yeni sistem qazandırmaqla yanaşı, mövcud sistemlərin modernləşməsi, təmiri və təlim məsələlərində birlikdə çalışacağıq. Bir millət - iki dövlət!”. Ekspertlər hesab edir ki, əslində, hərbi əməkdaşlığı genişləndirməklə Azərbaycan Türkiyədən idxal etdiyi modern silahların həcmini daha da artıra bilər. Elə hərbi ekspert Ədalət Verdiyev də Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlığı, ölkələrin müdafiə rəsmiləri arasında baş tutmuş son görüşləri şərh edərkən bu məqamı xüsusi qabardır:“Azərbaycan və Türkiyə arasında tərəfdaşlıq haqqında müqavilələrin tarixi yeni deyil. Hələ 2010-cu ildə bağlanan strateji tərəfdaşlıq haqqında müqavilələr hər iki ölkənin təhdidlərə qarşı birgə hərəkət etməsini şərtləndirir”. O, “ordu.az” portalına açıqlamasında qeyd edib ki, Ermənistanın Azərbaycan ordusuna qarşı təxribatlarının aktiv fazada olduğu müddətdə Azərbaycan müdafiə nazirinin müavini – HHM komandanı, general-leytenant Ramiz Tahirov və general-polkovnik Kərəm Mustafayevin Türkiyə milli müdafiə naziri ilə görüşü iki ölkə arasında on illərdir mövcud olan strateji əməkdaşlığın möhkəmləndirilməsində mühüm əhəmiyyət daşıyır: “Türkiyənin müdafiə naziri Hulusi Akarla keçirilən görüşdə Azərbaycan və Ermənistan arasında baş verən son hadisələrlə yanaşı, əvvəlki ildə əldə edilən razılıqlar, hərbi sahədə müttəfiqlik əlaqələri, həmçinin keçiriləcək birgə hərbi təlimlər, təhdidlərə qarşı birgə mübarizə və digər məsələlər müzakirə edilib. Əslində bu görüşün əsas məqsədi hazırda Azərbaycan ərazilərində, xüsusilə Tovuz istiqamətində atəşkəsin pozulması ilə təxribatlara yol verən Ermənistan hakimiyyətinə xüsusi bir mesaj xarakteri daşıyır. Eyni zamanda. bu görüş tək Ermənistana deyil, həm də onun havadarlarına qarşı bir əks-tədbir kimi nəzərdən keçirilə bilər. Əldə olunan razılaşmalar artıq Azərbaycan və Türkiyə arasında hərbi ittifaqın qurulmasının göstəricisidir. Azərbaycan və Türkiyə arasında 1990-cı illərdən sonra davam edən hərbi əməkdaşlıq məsələləri bu müqavilə ilə daha üstün bir səviyyəyə çıxarılıb, hər iki ölkə arasında həm texnoloji, həm hərbi sahədə əməkdaşlıq müqaviləsinin önünü açıb. Bu anlaşma hər iki ölkənin üçüncü bir ölkə tərəfindən təhdidə məruz qaldığı təqdirdə bir-birini qarşılıqlı olaraq dəstəkləməsini, həm də hərbi yardım göstərməsini mümkün edir. Bu müqavilənin imzalanması ərəfəsində Türkiyə Müdafiə Sənayesi İdarəsinin direktoru İsmail Dəmirin də Azərbaycanı dəstəklən açıqlamalar verməsi, Türkiyənin bütün imkanları ilə Azərbaycana hərbi-texniki sahədə dəstək veriləcəyini açıqlaması xüsusi önəm daşıyır. İsmayıl Dəmirin öz “Twitter” səhifəsində “Müdafiə sənayemiz, silahlı PUA-larımız, sursatlarımız, REM vasitələrimizə qədər bütün təcrübə və texnoloji imkanlarımız hər zaman Azərbaycanın əmrindədir” mesajı kifayət qədər ciddi və əhəmiyyətlidir. Belə bir kritik məqamda Ermənistanın bundan narahatlıq duymaması, bunlara reaksiya verməməsi, bunu nəzərə almaması mümkün deyil. Hazırda Türkiyənin həm dövlət rəhbərliyi tərəfindən, həm Türkiyə Böyük Millət Məclisi tərəfindən, həm digər korpus, ordu komandanlığı, qoşun növləri komandanları tərəfindən Azərbaycana gələn dəstək yaxın günlərdə ön xətdə baş verən ciddi dəyişikliklərin bir siqnalı hesab oluna bilər”.
Bu arada, Ermənistanın “Qraparak” nəşri yazır ki, Türkiyənin Azərbaycana artan hərbi dəstəyinə İrəvan hansısa müqavimət göstərə bilməyəcək:“Bu məsələdə Rusiyaya da arxayın olmaq olmaz. Moskva üçün Bakı və Ankara ön plandadır. Bu vəziyyətdə iyulun 17-də məlum olub ki, Azərbaycan nefti 2020-ci il yanvarın 1-dən dayandırılmış Bakı-Novorossiysk neft kəməri ilə yenidən axmağa başlayıb. Bununla Rusiya-Azərbaycan münasibətləri yeni mərhələyə daxil olur. Tavuşdakı eskalasiyanın bu proseslərlə, Azərbaycandan Türkiyəyə qaz tədarük edilməsi prosesi ilə əlaqəli ola bilməsi barədə şübhələr aradan qalxmayıb. Əgər 7 aylıq fasilədən sonra Azərbaycan Rusiyaya neft tədarükünə yenidən başlayırsa, bu, şübhəsiz, geosiyasi mənaya malikdir. Rusiya bu vəziyyətdə Ermənistana görə türk ölkələri ilə münasibəti korlamayacaq və Türkiyə Qafqazda daha asan hərəkət edəcək”.
Samirə SƏFƏROVA