Ölkələrarası daşıma ilə məşğul olan Türkiyə vətəndaşı bu günlərdə hər kəsə örnək ola biləcək addım atıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə yayılan videoda TIR sürücüsü 7-8 ildir Gürcüstana mal daşıdığını və maşının arxasına Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla Türkiyədə FETÖ-çülərlə mücadilədə həyatını itirmiş Ömər Halisdəmirin şəklini vurduğu üçün hər dəfə Gürcüstan sərhədində saatlarla gözlədildiyini bildirir. Onun sözlərinə görə, dəfələrlə ondan bu şəkilləri sökməsini tələb ediblər, lakin heç bir halda buna getməyib.
"Son keçişimizdə də polis yenidən gəldi, maşınımı kənara çəkdilər. Pasportumu və lisenziyamı alaraq məndən fotonu çıxarmamı istədilər. Azərbaycanla Ermənistan arasında problem olduğunu bildirərək, fotoya icazə verməyəcəklərini bildirdilər. Mən də onlara hər ikisinin qürurumuz olduğunu söyləyərək sökməyəcəyimi söylədim. Onlara "bura Ermənistandır yoxsa Gürcüstan?" deyərək etiraz etdim. Bunlarla yaşadığım problemlərdən bezdim, amma bu fotoları mənə heç kim sökdürə bilməz..." - deyən türkiyəli sürücü əmindir ki, ondan bu tələbi edənlər erməni əsilli Gürcüstan vətəndaşlarıdır.
Həmin videonu təqdim edirik: