Hələ də dünyanı ciddi şəkildə təhdid edən koronavirus pandemiyası qlobal miqyasda, gözlənildiyi kimi, mühüm dəyişikliklərə rəvac verir. Hadisələrin inkişaf axarı bu virus üzündən artıq yaxın tezlikdə ABŞ-la Çin arasında ciddi toqquşmaların olacağını istisna etmir. Məsələ burasındadır ki, ABŞ-dan Çinə yönəlik ittihamların sayı artır. Vaşinqton virusa görə yaşanan hadisələr səbəbindən Pekini ittiham edərək trilyonlarla dollar təzminat tələb etməyə hazırlaşır.
ABŞ prezidenti Donald Tramp baş verənlərlə ilgili bildirir:“Çin koronavirusun peyda olmasında səhvə yol verdi və onu gizlətməyə cəhd etdi. Düşünürəm ki, onlar dəhşətli səhvə yol veriblər və bunu etiraf etmək istəməyiblər. Biz istəyirdik, Çinə araşdırma üçün gedək, onlar bizi, hətta Ümumdünya Səhiyyə Təşkilatını buraxmaq istəmədilər. Onlar bunu dərhal yox, bir qədər gec etiraf etdilər. Fikrimcə, onlar səhvə yol verdilər və onu gizlətməyə cəhd etdilər. Çinin etdiyi ən pis şey ondan ibarət idi ki, onlar ölkəyə girişi qadağan etdilər, ancaq ABŞ da daxil olmaqla, dünya ölkələrinə gedişləri qadağan etmədilər”. ABŞ dövlət katibi Mayk Pompeo isə koronavirus pandemiyasının Çinin Uhan şəhərində heyvanların satıldığı bazarda deyil, laboratoriyada meydana gəldiyini bildirib:“Unutmayın ki, Çinin dünyada yoluxmalara səbəb olmasının tarixi var, onların standartlardan aşağı səviyyədə laboratiyaları var. Bu ilk dəfə deyil ki, dünya Çindəki laboratoriyalarda pozulmalar nəticəsində virusların təsirinə məruz qalır”. ABŞ-ın baş diplomatı virusun Uhanda yarasalarda virusun mövcudluğu ilə bağlı tədqiqat aparılan laboratoriyadan gəldiyinə dair onda və ölkəsinin digər rəsmilərində yüksək inam olduğunu deyib:“Bunun məhz burada başladığına dair çoxsaylı dəlillər var”. O, Çini dünyanın COVİD-19 təhlükəsi ilə bağlı məlumatlandırılmasında gecikməkdə ittiham edib: “Biz təsdiq edə bilərik ki, Çin Kommunist Partiyası dünyanın nə baş verdiyini daha erkən öyrənə bilməməsi üçün hər şeyi edib. Buna dair çoxlu dəlil var”. Pompeo ABŞ və beynəlxalq alimlərin Uhan laboratoriyasını ziyarət etməsinə icazə verilmədiyini və Çinin orijinal virus nümunələrini hələ təqdim etmədiyini deyib. Amma ABŞ kəşfiyyat orqanları və Ümumdünya Səhiyyə Təşkilatı ABŞ prezidentinin, dövlət katibinin iddiasına qarşı çıxır. Onlar virusun tamamilə təbii şəraitdə yarandığını, laboratoriya istehsalı olmağına dair hansısa dəlilin olmadığını bəyan edir. Pompeo isə yenə əks mövqedən çıxış edir:“Ən yaxşı mütəxəssislər virusun insan tərəfindən yaradıldığını düşünürlər. İndiki məqamda bunu inkar etməyə heç bir səbəbim yoxdur”. Bu durumda Çinin “Global Times” qəzeti, hakim Kommunist Partiyasının rəsmi “People Daily” qəzeti Pompeonun səslənmiş açıqlamalarına redaksiya məqaləsi ilə cavab verib. Həmin məqalələrdə virusun Uhandakı laboratoriyadan yayıldığına dair heç bir dəlil olmadığı və Pompeonun Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlərə səslənərkən dəlil təqdim etmədən “blef etdiyi” vurğulanıb: “Tramp administasiyası COVID-19 pandemiyası ilə mübarizədə qlobal səylərə mane olmağa çalışarkən, misli görünməmiş təbliğat müharibəsi aparmağa davam edir”. Türkiyənın “Takvim” qəzeti isə yazır ki, ABŞ bu durumda Çindən təzminat istəyir:“100 min adam üçün istəniləcək təzminatın 1 trilyon dollar, işsiz qalanlar üçün isə 5 trilyon dollar olacağı təxmin edilir. Şirkətlər üçün də 10-15 trilyon dollar planlaşdırılır. Yəni bu, cəmi 21 trilyon dollara çata bilər. Pıçıltı ilə danışılanlara görə, gözlənti belədir. Çinin isə, nəinki 21 trilyon dollar, heç 1 trilyon dollar da ödəmək şansı yoxdur. ABŞ-dan başqa bir çox ölkə də təzminat almaq niyyətindədir”.
Rusiyalı senator Aleksey Puşkov isə hesab edir ki, ABŞ-ın koronavirus pandemiyasının Çində yaradılması ilə bağlı son açıqlaması iki ölkənin müharibəyə qədəm qoyduğunu göstərir. Puşkov bildirib ki, burada əsas məsələ Vaşinqtonun münaqişədən nə əldə edəcəyidir:“Əsas məsələ odur ki, müharibə ABŞ-a daxili hədəfinə çatmaq üçün lazımdır. Trampın seçkilərdə qələbəsi... ABŞ hakimiyyəti "xarici düşmən" effekti yaratmağa çalışır”. Ekspertlər də hesab edir ki, qarşılıqlı ittihamlar artsa, tərəflərin onsuz da Cənubi Çin dənizində olan gərgin münasibəti savaş mərhələsinə keçəcək. Bunun isə sonda yeni dünya savaşına çevrilmə ehtimalı yüksəkdir. Amma Fransanın “Le Monde” qəzeti yazır ki, bu savaş ABŞ üçün asan olmayacaq. Çünki koronavirus pandemiyası İkinci Dünya müharibəsindən sonra qurulan dünya düzənini və ABŞ liderliyini indidən sona çatdırıb: “Vaşinqton son illər lider rolundan getdikcə uzaqlaşmışdı. ABŞ-ı gücdən salan bu pandemiya, nəhayət, onu liderlikdən uzaqlaşdırdı. Pandemiya Avropa Birliyinə də ciddi zərbə endirdi. Pandemiyanı öncədən təxmin edə bilməyən Avropa virusdan əziyyət çəkən ölkələrə yardım belə edə bilmədi”. Tükiyənin “Yeni Şəfəq” qəzeti isə artıq yeni güc mərkəzlərinin formalaşmaqda olduğunu yazır: “Pandemiya bütün dünyaya təsir etdi, amma bəzi ölkələri tamamilə alt-üst etdi. ABŞ isə bütün hərbi, siyasi və iqtisadi gücü ilə darmadağın oldu. Vyetnam müharibəsində belə bu qədər itki verməmişdilər. On minlərlə ölüm var. Buna baxmayaraq, ABŞ-ın texnoloji yeniliyi xəstəliyi sağaltmaq əvəzinə onları izləmək üçün istifadə olunur. Artıq ABŞ heç vaxt dünyaya liderlik edə bilməyəcək. Bu, Qərbin dünyaya hömranlıq etmək gücünün məhv olmasıdır. Yeni dünyada Almaniya, Türkiyə, Rusiya, Çin, Hindistan kimi ölkələrin gücü ələ alacağı gözlənilir”. Qəzet yazır ki, indiki durumda türk dünyasının sərgilədiyi həmrəylik onu güc mərkəzlərindən birinə çevirir. Bildirilir ki, Türk Şurasının ortaq mübarizəsi artıq dünya üçün nümunədir.
Bu arada xatırladaq ki, aprelin 10-da Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının fövqəladə Zirvə görüşünün keçirilməsi, Bakının pandemiya ilə birgə mübarizə təşəbbüsünü irəli sürməsi və üzv ölkələrin bu təşəbbüsə qoşulması olduqca əhəmiyyətli addım sayılır. Avropa İttifaqı ölkələrinin bir-birinə dəstək verməməsi fonunda Azərbaycan liderinin Türk Şurasının fövqəladə toplantısını keçirmək təşəbbüsü, Türkiyə və ortaq hərəkət etmək təklifinin digər türkdilli ölkələrin liderləri tərəfindən dəstəklənməsi dünyanın yeni siyasi-iqtisadi sistemində türk dünyasının əhəmiyyətli yer tutacağını deməyə əsas verir. Hər halda, proseslər məhz biu istiqamətdə gedir.
Tahir TAĞIYEV