Yaxın tezlikdə Ermənistanda növbəti hakimiyyət dəyişikliyinin baş verməsi gözlənilir və belə görünür ki, prosesdə fəal şəkildə iştirak edənlərdən biri Rusiya olacaq. Moskva artıq baş nazir Nikol Paşinyanın yerinə kimi gətirəcəyini də müəyyən edib. Bu, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş direktoru Artur Vanetsyandır. Elə Artur Vanetsyanın siyasi müstəvidə fəallaşması da bununla izah olunur.
Yaranmış durumda rusiyalı politoloq Aleksandr Perenciyev də qeyd edir ki, tezliklə Ermənistanda çevriliş baş tuta bilər:“Rəhbər zənginliyin, maliyyə vasitələrinin daxilolma mənbələrini itirəndə həm də hakimiyyətini itirmiş olur. Paşinyanın ətrafı yenidən eyni şeyi həyata keçirəcək, amma bu dəfə inqilab yerinə çevriliş baş verəcək. Ona görə də məhz Paşinyanın ətrafı KİV-ə onun işğal edilmiş əraziləri Azərbaycan və Türkiyənin iqtisadi blokadasının ləğv edilməsi qarşılığında qaytaracağı haqqında məlumat sızdırır. Bunun məqsədi isə Paşinyanın milli xəyanətdə ittiham edilməsi üçün şəraitin yaradılmasıdır. Ona görə də Ermənistanda hakimiyyət strukturlarında çevriliş yaranması ehtimalı artır. Bu prosesdə də əsas iştirakçılardan biri bir zamanlar Paşinyan iqtidarında yer almış Artur Vanetsyandır”.
Burada xatırladaq ki, Artur Vanetsyan bu yaxınlarda Rusiyanın yardımı ilə siyasi partiya yaradıb. O, hazırda Rusiya və buradakı ermənilərlə sax əlaqəlidir. Bu durumda Vanetsyan ölkə üçün böyük siyasi dəyişikliklərin olacağına dair maraqlı açıqlamalar da verib. Onun “Rodina” İnkişaf Fondunun rəsmi “Facebook” səhifəsində yerləşdirilən bəyanatda bununla bağlı deyilir: "Bu yaxınlarda baş verən daxili siyasi hadisələri nəzərə alaraq əminliklə deyə bilərəm ki, yaxın gələcəkdə bizi böyük siyasi hadisələr gözləyir. Sizin fəaliyyətinizə daha çox tələb olacaq və əməyiniz qiymətləndiriləcək”. Qeyd edək ki, Vanetsyan bu fondun Qəyyumlar Şurasının sədridir. Bundan başqa məlum olub ki, Vanetsyan Nikol Paşinyanı məhkəməyə də verməyə hazırlaşır. Onun vəkilləri olan Lusina Saayan və Aramazd Kiviryan məlumatı təsdiq ediblər. Vəkillər Ermənistan baş nazirinin mətbuat katibi Mane Gevorqyanın böhtan xarakterli ifadələrinə görə mülki iddia ərizəsinin hazırlanıb məhkəməyə təqdim olunacağını bildiriblər:“Hökumət başçısının öz sözçüsünün vasitəsilə qəsdən yalan məlumat yaymağını yolverilməz və çirkin hesab edirik. Bu özündə birbaşa siyasi təzyiq elementlərini cəmləşdirir. Məhkəməyə müvafiq mülki iddianı təqdim edəcəyik. Qanuna görə, böhtan atan hər kəs bunun üçün cavab verməlidir və Ermənistanda böhtan xarakterli mübarizə üsulu nəhayət rədd edilməlidir”. Xatırladaq ki, Paşinyanın mətbuat katibi Mane Gevorqyan sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan və Artur Vanetsyanı bir sıra şirkətlərin rəhbərləri vasitəsilə qanunsuz olaraq səhm almaqda ittiham edib. Gevorqyan bu barədə məlumat əldə etdiklərini bildirib. Vanetsyan isə bu ittihamları absurd sayır. Bundan başqa qeyd edir ki, Nikol Paşinyan hüquq-mühafizə orqanlarından ona qarşı cinayət işi açmağı tələb edib:“Mən baş nazirin sevdiyi sözlərlə deyəcəm. Havada dolaşan xəbərlərə əsasən, Paşinyan hüquq-mühafizə sisteminin nümayəndələri ilə çox pis görüş keçirib, görüş zamanı hər hansı bir bəhanə ilə mənə qarşı cinayət işi açmalarını və məni cinayət məsuliyyətinə cəlb etmələrini tələb edib. Qanun pozuntusuna yol verdiyimə əmindirlərsə, qoy Nikol Paşinyan prokurorluğa müraciət etsin, günahkar olsam, məsuliyyət daşımağa hazıram, günahkar olmadığım məlum olsa, deməli o, yalan mühakiməyə görə cinayət məsuliyyətinə cəlb olunmalıdır”. O qeyd edib ki, hüquq-mühafizə sisteminin nümayəndələri nəinki ona qarşı bu və ya digər əməliyyatları həyata keçirməkdən imtina ediblər, eyni zamanda söyləyiblər ki, əməliyyat-axtarış fəaliyyətləri nəticəsində Vanetsyanın işində hər hansı qanunsuz əməl tapılmayıb. Nəticədə baş nazir cavab verib ki, siz bu məsələni həll edə bilmirsinizsə, özüm həll edəcəm. Və gecə saat 12-də mətbuat katibinin bəyanatı çıxır. Burada bir cümlə ilə çox aydın və birbaşa şəkildə hüquq-mühafizə orqanlarına bu cinayətləri aşkara çıxarmaq istiqamətində tədbirlər görmək göstərişi verilir”. Onun sözlərinə görə, Nikol Paşinyanın səriştəsiz idarəetməsi nəticəsində polis hüquq-mühafizə orqanı olaraq hazırkı şəraitdə sadəcə mövcud deyil. Ermənistanın “İrates” qəzeti yazır ki, Vanetsyan hazırda Rusiyadan da tam dəstək alır:“Rusiya Paşinyana çox qəzəblidir. Belə görünür ki, Moskva Paşinyanın yerində Vanetsyanı görmək istəyir”. Hələ də Rusiyanın istədiyi adam ola bilməyən Paşinyan isə bu arada Rusiyanı qəzəbləndirən daha bir addım atıb. Bu, ABŞ-ın Ermənistandakı biolaboratoriyaları ilə bağlıdır.
Xatırladaq ki, 2019-cu ilin noyabr ayında İrəvanda Ermənistan və Rusiya tərəflərinin iştirakı ilə keçirilən birgə mətbuat konfransı zamanı rus mütəxəssislərinin ABŞ-ın Ermənistandakı biolaboratoriyalarına qəbulu ilə bağlı memorandumun imzalanacağı bildirilmişdi. İndiki durumda erməni jurnalistlər Ermənistan və Rusiya Xarici İşlər Nazirliyindən Ermənistanda fəaliyyət göstərən biolaboratoriyalara rus mütəxəssislərin daxil olması ilə bağlı memorandumun taleyini soruşub. Rusiya Xarici İşlər Nazirliyindən qeyd edilib:“Bu məsələ ilə bağlı erməni tərəfinə müraciət etməyi məsləhət görürük”. Nazirlik bildirib ki, memorandumun rus layihəsi müzakirə üçün İrəvana verilib, amma hələ cavab almayıb. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan bu məsələ ilə bağlı aşağıdakı şərhi verib: “İlk növbədə vurğulamaq istəyirəm ki, Ermənistanda fəaliyyət göstərən bioloji laboratoriyalar Ermənistana aiddir və Ermənistanın dövlət orqanları tərəfindən tamamilə nəzarət olunur. Erməni tərəfi dəfələrlə bildirib ki, laboratoriyaların şəxsi heyəti yalnız Ermənistan vətəndaşlarından ibarətdir, laboratoriyaların ərazisində xarici ölkə mütəxəssislərin mövcudluğu istisna edilib. Ermənistan və Rusiya arasında “Bioloji təhlükəsizliyin təmin edilməsi məsələləri üzrə” qarşılıqlı anlaşma memorandumu Ermənistanda fəaliyyət göstərən bioloji laboratoriyalarla bağlı məsələlər və üstəlik də Rusiya mütəxəssislərin giriş hüququ haqqında deyil, lakin dəfələrlə qeyd etdiyimiz kimi, tərəflərin bioloji təhlükəsizliyin təmin olunması ilə bağlı problemlərinin geniş çərçivəsinə toxunur. Memorandumun hazırkı layihəsi ilə hər hansı tərəf üçün laboratoriyaların iş ərazilərinə giriş və ya hər hansı digər birtərəfli nəzarət həyata keçirmək hüququna dair zəmanət nəzərdə tutulmur”. ABŞ-ın İrəvanda bioloji laboratoriyasının olduğu məlumdur. Ermənistan illərdir ABŞ-ın bu laboratoriyadan hansı məqsədlər üçün istifadə edilməsinə dair Rusiya tərəfinin ünvanladığı sualları cavabsız qoyur. Ötən il laboratoriyaya rus mütəxəssislərin cəlb edilməsi ilə bağlı Moskva və İrəvan arasında müqavilə imzalansa da, Ermənistan hakimiyyəti bunun təsdiqini yubadır. Elə bu da koronavirus pandemiyasının yayıldığı şəraitdə Moskvanı qıcıqlandıran əsas amillərdən biridir. Bu səbəbdən Kreml, görünür, Paşinyanın devrilmə ssenarisini tezləşdirməyə hazırlaşır. Bunun üçün də Artur Vanetsyan kartından istifadə olunur. Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasının deputatı Qraçya Akobyan bunu belə şərh edir:“Bütün bu hekayədə sual yaranır ki, başqası yox, niyə məhz Artur Vanetsyan? Bu təsadüfi deyil. Problem odur ki, koronavirusa qarşı mübarizə kontekstində elan olunmuş fövqəladə vəziyyətin sonu artıq yaxınlaşır və təbii olaraq siyasi həyat aktivləşəcək”. Onun sözlərinə görə, sirr deyil ki, Paşinyanın əsas rəqibi fərdi siyasi xadim olaraq Artur Vanetsyandır: “O, keçmiş hakimiyyətlə əlaqə qurararaq, Rusiyadan yardım alaraq hakimiyyətə gəlmək istəyir”.
Nahid SALAYEV