Prezident İlham Əliyev Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən korrupsiyanın bələdiyyələrlə yerli icra hakimiyyətləri arasındakı münasibətlərə sırayət etdiyini bildirib:"Biz bunu dəfələrlə görmüşük. Sadaladığım bu rayonlarda səhiyyə, təhsil, mədəniyyət sahəsində kütləvi şəkildə vətəndaşlardan, valideynlərdən, hər məktəb direktorundan pul yığılır. Rayon mərkəzi xəstəxanasının baş həkimindən icra hakimiyyətinə pul verilir. O da, öz növbəsində, bütün şöbələrdən hər ay haqq yığır. Bütün bələdiyyələr icra hakimiyyətinə aylıq pul verir. Biz bu hallara qarşı amansız mübarizə aparacağıq. Haqq da, xalq da bizim tərəfimizdədir. Bütün bu ifşaedici görüntülər hər bir Azərbaycan vətəndaşında haqlı olaraq ikrah hissi doğurur. Eyni zamanda, mənə ünvanlanan yüzlərlə, minlərlə məktubda bizim bu addımlarımıza böyük dəstək göstərilir. Ona görə prokurorluq orqanları bu işdə ön sıralarda olmalıdır və qanunun aliliyini təmin etməlidir”.
Göründüyü kimi, ölkə başçısı bir-birilə struktur bağlılığı olmayan icra hakimiyyəti ilə bələdiyyələr arasında da qanunsuz münasibətlərin mövcudluğuna diqqəti yönəldib. Bələdiyyələr istisnasız olaraq başçılara aylıq haqqı nə üçün verir?
“Yerli bələdiyyə torpağı satır, sənədi isə icra hakimiyyəti verir”
Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ölkə başçısının səsləndirdiyi bu fikir həmin sahədə ürəkaçan mənzərənin olmadığından xəbər verir:“Çiddi problemdir. İcra başçısı açıq şəkildə bildirir ki, icra hakimiyyəti başçılarının böyük əksəriyyəti korrupsiya ilə məşğul olur. Çünki ortada dövlət başçısının səsləndirdiyi konkret fikir var. Bu o anlama gəlir ki, bütün icra strukturlarının fəaliyyətinə ciddi nəzarət lazımdır. Avtomatik olaraq belə məntiq ortaya çıxır ki, icra başçılarının böyük əksəriyyətini, bəlkə də hamısını yeniləmək lazımdır. Mən düşünürəm ki, vəziyyətdən çıxış yolu icra qurumları ilə bağlı sistemdə yeniləmənin aparılmasından keçir. Dəfələrlə bu məsələyə toxunmuşuq. Əslində yerlərdə olan kənd icra hakimiyyəti nümayəndələrinin saxlanmasına zərurət yoxdur. Kənd icra nümayəndələrinin işi də bələdiyyələrə verilməlidir. Onların səlahiyyətinin azaldılması bələdiyyələrin cəmiyyətdəki rolunu artıra bilər. Hətta tezliklə həmin qurumların ləğvi də həyata keçirilə bilər. Bələdiyyələrin yerli icra hakimiyyətlərinə pul ötürməsi məsələsində isə artıq söhbət birlikdə, mütəşəkkil formada həyata keçirilən cinayət əməlindən gedir. Məsələn, yerli bələdiyyə torpağı satır, sənədi isə icra hakimiyyəti verir. Bax belə hallarla bağlı məsələ rüşvət mexanizminə yol açır. Bələdiyyə seçkilərinin keçirilməsində şəffaflıq, nəzarət bir az da artırılmalıdır ki, orda təmsil olunanlar icra hakimiyyətlərinin istəyinə uyğun formalaşmasınlar. Bu da həmin bələdiyyələrin icra başçılarından asılıığına şərait yaradır. Buna görə də onlar məcbur olurlar ki, bələdiyyə büdcəsinə toplanan pullardan icraya ötürsünlər. İlkin olaraq bələdiyyələrin müstəqilliyi tanınmalıdır. Bundan sonra xalqın seçimi ilə gələn bələdiyyələr yalnız xalq qarşısında hesabat verəcəklər. Bələdiyyələrin rolu artsa, icra qurumlarından asılılğı azalsa, bələdiyyə seçkilərində iştiraka maraq da çoxalar. Nəticədə bələdiyyələrdə daha şəffaf adamlar təmsilçilik qazanacaq ki, onlar da icra başçıları ilə sövdələşməyə getməzlər”.
Məhəmmədəli QƏRİBLİ