Uzun müddətdən bəri başlayan və açıq formatda keçirilən görüşlər ölkədəki siyasi durğunluğun aradan qaldırılmasına zəmin yaradır. Hakimiyyətin təşəbbüsü ilə başlayan iqtidar-müxalifət dialoqunda müəyyən müsbət nəticələr var. İqtidar-müxalifət dialoqu, Milli Məclisin komitələrində müxalif nümayəndələrin rəhbərlikdə təmsil olunması, partiyaların dövlət qeydiyyatına alınması dialoqun müsbət nəticələrini özündə göstərir.
İqtidar-müxalifət dialoqu siyasi səhnədə uzun müddətdən sonra bir canlanma yaratdı. Ötən ilin noyabr ayında Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldı. Sözügedən şöbənin müdiri Ədalət Vəliyevin müxalifət partiyaları ilə əlaqə saxlaması iqtidarın bu məsələyə müsbət münasibətinin göstəricisidir. Parlament seçkilərindən sonra Milli Məclisin rəhbər heyətinə müxalifət nümayəndələrinin seçilməsi iqtidarın bu məsələyə xüsusi önəm verməsini bir daha təsdiqlədi. İki müxalif mövqedən çıxış edən partiya qeydiyyata alındı. Bütün bunlar həm də iqtidar-müxalifət dialoqunun bütün dövrlər üçün öz aktuallığını qoruduğunu göstərir. Hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi prosesin uğurlu gedişindən xəbər verir. Görünən odur ki, hakimiyyətin təklif etdiyi siyasi dialoq artıq ilk müsbət nəticəsini verir.
Maraqlıdır, bəs dialoq aparan tərəflər bunu necə dəyərləndirirlər? İqtidar-müxalifət dialoqunda hansı nəticələr var?
Sözügedən məsələni dəyərləndirən YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynovun sözlərinə görə, iqtidar-müxalifət dialoqunun nəticələri var: “Əvvəla Azərbaycan hakimiyyəti hər zaman siyasi dialoqun tərəfdarı olub. Ölkənin milli maraqlarından çıxış edən müxalifətə əl uzadıb. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən sonra ölkədə demokratik prinsiplərə söykənən idarəçilik sistemi formalaşdı. 1995-ci ildə bir sıra partiyaların iştirakı ilə parlament formalaşdı. Bu siyasət sonra da davam etdirildi. Bu gün iqtidar və müxalifət partiyalarının nümayəndələri parlamentdə, oradakı komitələrdə təmsil olunurlar. Vitse-spiker səviyyəsində müxalifət partiyası təmsil olunur. Belə ki, parlamentdəki bütün komitələrdə müxalifət nümayəndəsi təmsil olunur. Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev partiya rəhbərlərilə görüşlər keçirdi. Bununla belə, 2 müxalifət partiyası qeydiyyata alındı. Bütün bunlar siyasi dialoqun nəticəsidir. Dialoq sayəsində biz qarşıda duran məsələləri həll edəcəyik. Dövlətimizi daha da qüdrətləndirəcəyik. Konstruktiv müxalifətlə sağlam əməkdalıq davam etdiriləcək”.
Arzuxan Əlizadə: “Bu dialoq müxalifət və iqtidar arasında qarşılıqlı etimad mühiti yaradır”
Məsələyə münasibət bildirən AMİP-in sədr əvəzi Arzuxan Əlizadənin fikrincə, aparılan iqtidar-müxalifət dialoqunda müəyyən müsbət nəticələr var: “Ümumilikdə, uzun fasilədən sonra iqtidar və müxalifət nümayəndələrinin görüşləri müsbət tendensiyadır. Bu dialoq müxalifət və iqtidar arasında qarşılıqlı etimad mühiti yaradır. Müəyyən məsələlərdə müxalifət partiyalarının da rəyi nəzərə alınır. Biz partiya olaraq bunun tərəfdarıyıq. Müxtəlif məsələləri birgə müzakirə etmək, ortaq mövqedən çıxış etmək dövlətin, millətin xeyrinədir. AMİP hər zaman dialoqun tərəfdarı olub.Təəssüflər olsun ki, bundan əvvəlki dövrlərdə iqtidar-müxalifət dialoqu reallaşmayıb. Ötən ilin sonlarında Prezident Administrasiyasında yeni bir şöbə yaradıldı. Bundan sonra iqtidar-müxalifət dialoqu ilə bağlı proseslərə start verildi. Karantindən əvvəl Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə partiya rəhbərləri arasında tanışlıq görüşləri keçirildi. Mən də həmin görüşlərdə iştirak etmişəm. Ədalət bəy bildirdi ki, tanışlıq görüşündən sonra belə təmaslar davam edəcək. Bir sıra məsələlər birgə müzakirə olunacaq. Ümid edirik ki, karantindən sonra sözügedən görüşlər olacaq və ölkənin taleyüklü məsələlərinin müzakirəsində müxalifət-iqtidar təmasları təmin olunacaq. Görüşlərdə müxalifət partiyalarının qərargah məsələsi qaldırılıb və ümid edirəm ki, bunlar öz həllini tapacaq”.
Vidadi ORDAHALLI