DTX tərəfindən həbs edilərək məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətiimkan tədbiri seçilən 62 yaşlı Mahir Quliyevin təəccüblü tərcümeyi-halı üzə çıxıb. Rayonun icra hakimiyyətinə aid rəsmi saytında qeyd olunur ki, Mahir Quliyev Kəlbəcər rayonunda anadan olub.
2000-ci ildə Bakı şəhərində fəaliyyət göstərən ”Naxçıvan” universitetinin İnzibati İdarəetmə ixtisasını bitirib. 1975-1976-cı illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə, 1976-cı ildə “Yenilik” qəzeti mətbəəsində mürəttib, 1976-1977-ci illərdə Kəlbəcər rayon İstehlak cəmiyyətində satıcı, 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub. 1980-1981-ci illərdə “Azərnəqliyyat” tikinti trestində usta, 1981-2005-ci illərdə “26 Bakı Komissarı” adına rayonun İctimai iaşə idarəsində satıcı, inzibatçı, kafe müdirinin müavini, restoran müdiri, 2005-2006-cı illərdə Səbail bələdiyyəsində sədr müavini, 2006-cı ildən 2011-ci ilədək Astara Rayon İcra Hakimiyyətinin başçısı olub. Bundan sonra isə Biləsuvar rayonuna icra başçısı təyin edilib. Mahir Quliyev mətbuatın diqqətində əsasən ofisiantlıqdan icra başçısı postuna yüksəlməsi ilə qalıb. Bu haqda Mahir Quliyevin vikipediya məlumatında da yazılırdı. Mahir Quliyevin təhsili ilə də bağlı ilginc məlumat var. Məlum olur ki, Mahir Quliyev bu təhsilini 42 yaşında, özü də o qədər də populyar olmayan özəl universitetlərdən birində alıb. Haqlı olaraq ortaya belə bir sual çıxır: bu cür təsadüfi adamların yüksək postlara təqdimatları ölkə başçısının masasının üzərinə necə gəlib çıxır?
Sabiq dövlət müşaviri Qabilı Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə halların baş verməsi olduqca təəccüblüdür:“Prezident böyük bir iş aparır. Son zamanlar həmin iş yeni məzmun və kefiyytlə zəngilləşib. Bu cür yararsız, vicdansız adamlar ölkə başçısının apardığı siyasətin ruhunu korlayır, orda əyintilər əmələ gətirir. Onun namizədliyinin kimin tərəfindən irəli sürülməsi ilə bağlı nəsə deyə bilmərəm. Özü də uzun müddətdir ki, icra başçısı işləyir. Bu müddət ərzində onun işinə kim və hansı formada nəzarət edib? Axı ölkə başçısı hər bir xırda detala nəzarət edə bilmir. Hesab edirəm ki, bu cür oğru, quldur təfəkkürlü adamların namizədliyini irəli sürən və onların işinə nəzarət etməli olan şəxslər də məsuliyyətə cəlb edilməlidir. Davranılarından, mimikasından, nümayiş olunan kadrlardan görünür ki, həmin adamın işi-gücü xalqın qanını sormaq olub. Sözün həqiqi mənasında quldurdu. Prezident böyük işlər görür, dəfələrlə onlara xəbərdarlıq edir ki, düz işləsinlər. Bunlar da Prezidentin tövsiyələrinə qulaq asmaq əvəzinə, öz əxlaqlarına uyğun fəaliyyət ortaya qoyurlar. İcra hakimiyyətləri üzərində ciddi nəzarət sistemi həyata keçirilməlidir. Hazırda fəaliyyətdə olan bir çox icra başçıları ilə də bağlı ciddi araşdırmalar aparılmalıdır. Hansını tərpədirsən, altından bu cür “qara” işlər çıxır. Hesab edirəm ki, Prezidentin başladığı bu kurs davam etdirilməlidir. Xalq bu məsələdə ölkə başçısına böyük dəstəyini ifadə edir”.
Məhəmmədəli QƏRİBLİ