ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyası (USCİRF) növbəti illik hesabatını yayıb. Komissiyanın hesabatında Azərbaycanla bağlı məlumat dərc olunub.
Qeyd edək ki, siyahıya Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, İndoneziya, Malayziya, Cənubi Afrika Respublikası və bir sıra ölkələrin adları əlavə edilib. Bildirək ki, həmin komissiya öz fəaliyyətində bir sıra ölkələrə qarşı qərəzli yanaşma ilə seçilir.
Hesabatda dini azadlıqların qorunması sahəsində Azərbaycanın qonşu ölkələrdən daha çox nailiyyətlər əldə etdiyi qeyd olunub. Bununla yanaşı, ötən illərdə olduğu kimi, bu il də hesabatın Azərbaycana dair hissəsində bəzi qeyri-obyektiv və həqiqəti əks etdirməyən məqamlar öz əksini tapıb.
Onu da qeyd edək ki, ötən il də olduğu kimi, komissiyanın 9 üzvündən biri - Coni Mur (Johnnie Moore) bu qərəzli yanaşma ilə razılaşmayaraq, öz xüsusi rəyini açıqlayıb və bu mövqe hesabata daxil edilib.
Coni Mur Azərbaycanın bu hesabata daxil edilməsini düzgün hesab etməyib. O, Azərbaycanda sünni və şiə məzhəbinə aid nümayəndələrin birlikdə ibadət etdiklərini, Evangelist və Rus Ortadoks nümayəndələrinin birgə mərasimlərini və yəhudi icmasının tam azad və təhlükəsiz şəraitdə yaşadığını qeyd edib. Həmçinin, C.Mur Azərbaycan əhalisinin əksəriyyətinin müsəlman olmasına baxmayaraq, hindu liderlərinin Azərbaycanda qonaq edildiklərini, İranla həmsərhəd olan Azərbaycanın əhalisinin əksəriyyətinin şiə olmasına baxmaraq, İsraillə ictimai və diplomatik əlaqələrin mövcudluğunu xüsusi qeyd edib.
C.Murun dediyi kimi, Azərbaycanın bu kimi hesabatlara daxil edilməsi düzgün deyil. Çünki ölkəmizdə dini azadlıq problemi yoxdur.
“Azərbaycanda olan milli və dini tolerantlıq dünyanın bir çox ölkəsində olmayacaq qədər güclüdür”
İlahiyyatçı Cəmşid Əliyev bildirdi ki, Azərbaycanda olan milli və dini tolerantlıq dünyanın bir çox ölkəsində olmayacaq qədər güclüdür: “Ölkəmizdə dini azadlıq sarıdan problem olmadığı üçün, Azərbaycanın bu cür hesabata daxil edilməsi düzgün deyil. Çünki ölkəmizdə bütün dinlərə isti münasibət bəslənir. Sevindirici haldır ki, dövlətimiz bu sahədə örnək göstərilir. Dövlətimizin vətəndaşı ilə münasibəti dini və ideoloji deyil, ədalət çərçivəsindədir. Həmçinin, dövlətimiz cəmiyyətin mənəvi dəyəri olan dinə hörmətlə yanaşır. Dövlət içində din və vicdan azadlığı hakimdir və hər bir şəxs istədiyi dinə etiqad edə bilər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycanda yaşayanlar arasında müsəlman olmayanlar da var. Onların öz dinlərinə sərbəst itaət etmələri üçün şərait yaradılır.
Günel CƏLİLOVA