Ermənistanın Baş naziri Nikol Paşinyanın diplomatlarla olan gərgin münasibətləri çərçivədən çıxaraq qalmaqallara çevrilir. Paşinyan deyib ki, Vatikandakı keçmiş səfir Mikael Minasyanın ölkənin müxtəlif şirkətlərinin satışında müəyyən payı var. Diplomatın buna cavabı çox gecikməyib. O, özünün “Facebook” səhifəsində Paşinyanın ittihamlarına münasibət bildirib.
Minasyan qeyd edib ki, Paşinyandan fərqli olaraq, birbaşa vasitəçilərsiz yazır: “O isə “Aykakan Jamanak” qəzetindəki imzasız məqalələri ilə yanaşı, mətbuat katibindən oğurladığı “Facebook” profilində baş verənlərə “operativ reaksiya” göstərməyə cəhd edir.
Bunları diqqətinə çatdırıram. Siz, Nikol Vovayeviç Payinyan, şəxsən cavab verəcəksiniz: 1.Dağlıq Qarabağ məsələsi ilə bağlı işğal edilən Azərbaycan torpaqlarının geri qaytarılması üçün gizli danışıqlar apardığınıza və mərhələli həllə razılıq verdiyinizə görə. Əvəzində hakimiyyəti əldə saxlamaq istəyirsiniz. 2.Oliqarxlardan pul götürdüyünüzə və bunun müqabilində onları “qanunlara tabe olan sahibkarlar”a çevirdiyinizə görə. 3. Dövlət büdcəsindən on milyonlarla dolları açıq şəkildə oğurlayıb pul və bonus şəklində sizinlə addımlayanlara verdiyinizə görə. 4.Cinayətkarlığa göz yumduğunuza, idarəçilikdə etdiyiniz səhlənkarlığa, dövlət əmlakının mənimsənilməsinə və oğurlanmasına, koronavirusun yayılmasını və ölüm faktlarını gizlətdiyinizə görə. 5. Karantin zamanı ümumi fəaliyyətsizliyə və sosial məsuliyyətsizliyin təzahürünə görə. Nəticədə o insanları aclığa, qaranlığa və yoxsulluğa məhkum etdiniz. Hökumətin bağ evlərindən zövq aldığınıza və ehtiyac olmadan böyük məbləğə təmir etdiyinizə, bahalı və mənasız gəzintilərə və başqa hər şeyə görə. Xalqın özü sizi mühakimə edəcək”.
Görünən odur ki, Paşinyanın uğursuz siyasəti üzündən diplomatlar onun üzünə dururlar. Get-gedə onun diplomatlarla olan ziddiyyətləri daha da dərinləşir.
“Hesab edirəm ki, Ermənistanda kritik böhran bundan sonra başlayacaq ”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Paşinyan hər vasitə ilə əks düşərgəyə yaxın olan şəxsləri zərərsizləşdirməyə çalışır: “Paşinyanın eks-prezident Serj Sarkisyanın kürəkəni və Vatikanda keçmiş səfir Mikael Minasyana qarşı korrupsiya, mənimsəmə iddiaları irəli sürməsi əsasən bu qrupun zərərsizləşdirilməsinə hesablanıb. Qeyd edim ki. Sarkisyanın kürəkəni ciddi varidata və diplomatlar arsında müəyyən nüfuza malikdir. Paşinyan qorxur ki, Minasyan ona qarşı siyasi cəbhə formalaşdırıb bu istiqamətdə onun mövqelərini zəiflədər. Ona görə də Paşinyan çalışır ki, Minasyanın da həbsinə nail olaraq, daha da mövqelərini gücləndirsin. Hesab edirəm ki, diplomatların çoxunun Paşinyana qarşı qadırılmasında əsasən Minasyan mühüm rol oynayır. O üzdən, tərəflər arasında savaşın şiddətlənəcəyi gözlənir. Bu prosesdə Paşinyanın mövqeyi zəifləsə də, Minasyanın Paşinyan üzərində qələbə çalması mümkün deyil. Hesab edirəm ki, Ermənistanda kritik böhran bundan sonra başlayacaq və Paşinyan üçün çətin günlər gözlənir. Göründüyü kimi, Paşinyanın islahatlar inqilabı suya düşmüş olur”.
Vidadi ORDAHALLI