Koronavirus pandemiyası virtual görüşlərin və təmasların mümkünlüyünü də gündəmə gətirmiş oldu. Biz şahidi olduq ki, belə vasitələrlə ali və orta məktəblərdə dərslərin keçirilməsi, ən müxtəlif formatlı görüşlərin videokonfrans formatında təşkili mümkündür.
Artıq Rusiyadakı müxalif qüvvələr virtual mitinqlərin keçirilməsi ideyasını ortaya atıblar. Hətta ilk belə cəhd də olub. Rusiya müxalifəti “youtube” platformasında “Həyat uğrunda” şüarı ilə onlayn mitinq təşkil edib. Mitinq “Yox!” kampaniyasının təşkilatçıları tərəfindən gerçəkləşdirilib. Onlayn tədbirin iştirakçıları hakimiyyəti, böhran günlərində konstitusiyaya dəyişiliklər aparmaq yerinə, insanların həyatını xilas etməyə çağırıblar. Tələblər arasında bölgələrdə çalışan həkimlərin bütün zəruri vasitələrlə təmin olunması, koronavirusdan zərər çəkən vətəndaşlara birbaşa müavinətlərin ödənilməsi və kiçik biznesə yardım göstərilməsi, habelə epidemiya ilə mücadilə zamanı rusiyalıların hüquqlarının qorunması və konstitusiya islahatlarından imtina edilməsi yer alıb. “Youtube”dakı aksiya 20 minə yaxın insan tərəfindən dəstəklənib və 3 saat davam edib. Mitinqin aparıcıları “Novaya qazeta” nəşrinin əməkdaşları İlya Azar və aktrisa Yulia Auq olub. Burada siyasətçilərdən Dmitri Qudkov, jurnalist Maksim Şevçenko, “Dissernet” saytının təsisçisi Andrey Zayakin, iqtisadçı Sergey Quriyev, siyasi icmalçı Stanislav Belkovski və başqaları çıxış edib. Prinsipcə, belə mitinqlərin istənilən ölkədə təşkili mümkündür. Ancaq nədənsə, Azərbaycanda tez-tez mtinqlər, küçə aksiyaları keçirməyə çalışan radikal müxalif dairələr bu yenilikdən istifadə etməkdə maraqlı görünmürlər. Əgər məqsəd mitinq vasitəsilə tələbləri hakimiyyətin nəzərinə çatdırmaqdırsa, bunu virtual məkan vasitəsilə də etmək mümkündür. Bu zaman istənilən müxalifət lideri istənilən və iştirakına məhdudiyyətin tətbiq edilməsi mümkün olmayan sayda auditoriyaya xitab edə bilər. Hətta orda iştirak edənlərin sayı ilə bağlı da mübahisə yaranmaz. Çünki virtual platformalarda say məsələsinə müdaxilənin edilməsi mümkünsüzdür. Bəlkə bu cür mitinqlərin təşkili radikallara ona görə sərf etmir ki, orda “bizə icazə vermədilər”, “bizə təzyiq oldu” kimi bəhanələr keçərli deyil? Bu barədə müxalifətin konstruktiv qanadını təmsil edən siyasətçilər nə düşünür?
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Bünyamin Qəmbərli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bunu etmək mümkündür, lakin tez-tez mitinq etmək eşqində olanların bu platformaya maraq göstərməməsinin bəlli səbəbi var. Partiya funksioneri hesab edir ki, mitinqlər vasitəsilə çatdırılması lazım olan ismarıcları virtual məkanda da vermək olar:“Bir mtinq və ya hər hansı aksiya sadəcə etiraz deyil. Həm də əhalinin və ya hansısa siyasi qüvvənin elektoratının müəyyən məsələyə olan yanaşmasının, fikirlərinin hakimiyyətə, əhalinin başqa zümrələrinə çatdırılması vasitəsidir. Biz şahidi oluruq ki, Azərbaycanda olan radikal qüvvələrin mitinq cəhdlərinin arxasında yuxarıda sadalanan maraqlar dayanmır. Həmin radikal qüvvələrin böyük əksəriyyəti gündəmdə qalmaq üçün küçələrdə mitinq keçirmək taktikasına əl atır. Bir sözlə, şou düzəldirlər. Bu gün sosial şəbəkələrə girişdə heç bir məhdudiyyət yoxdur. Niyə bu imkandan istifadə etmirlər? Deməli, məqsəd başqa faktordu. Son vaxtlar biz hiss edirik ki, sosial şəbəkələrdə ictimailəşən mövzulara hakimiyyətin ciddi reaksiyası olur. Dəfələrlə bunun şahidi olmuşuq ki, sosial şəbəkələrdə geniş şəkildə ictimailəşən hər hansı narazılıq dərhal həllini tapıb. Bu məntiqlə radikalların virtual məkan üzərindən edəcəkləri çıxışlar da eşidiləcək. Buna maraq yoxdursa, deməli, məsələ aydındır. Çünki virtual vasitələrlə polislə qarşıdurma yaradıb diqqəti özünə cəlb etmək qeyri-mümkündür ki, bu da həmin dairələrə sərf etmir. Ən əsası isə, həmin mitiqlər vasitəsilə onlar öz havadarlarına hesabat verirlər. Maliyyələşmə mənbələrinin bir amili də məhz küçə aksiyalarının keçirilməsi tələbi ilə bağlıdır. Xaricdən gələn sifariş küçə mitinqi olursa, onu mütləq etməlidirlər. Əks təqdirdə maliyyələri kəsilə bilər. Biz partiya olaraq dəfələrlə hakimiyyətə müəyyən təkliflər vermişik və onlar zaman-zaman öz həllini tapıb. Bunlar niyə etmir? Deməli, məqsəd təklif vermək deyil, qarşıdurma yaratmaqdır. Bütün bu addımların dövlətçiliyimizə ziyanı var. Bir də virtual vasitələrlə keçirilən aksiyada bunlara nə qədər adamın qoşulduğu ortada olacaq. Adam sayı ilə manipulyasiya imkanı da heçə enir. Müxalifətin bu mövzudan yayınmağının başlıca səbəbi budur”.
Məhəmmədəli QƏRİBLİ