Dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizə sahəsində ölkəmizdə görülən işlər əcnəbilər tərəfindən də yaxından izlənir və təqdir edilir.
Çin Xalq Respublikası, Quancou şəhərindən Quancou Universitetinin tələbələri Yanjie Qiao, Ren Zhi, Yanping Zhong, Xin Vang, Huan Zhang, Meng Vang, Yilian Gao, Caiyan Vu, Vei Qi Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladıqları məktubda bu barədə danışırlar. “Biz Çinin Quancou Universitetinin tələbələriyik. Bu gün Sizə məktub yazmaq imkanından şərəf hissi duyur və özümüzü xoşbəxt sayırıq. Bu fürsətdən istifadə edərək Sizə və ailənizə hər şeyin ən yaxşısını arzulayırıq. Sizi uğurlu nailiyyətlərinizə görə təbrik edir və sülhsevər səyləriniz üçün Zati-alinizə təşəkkür edirik. Biz Sizi çox sevir və dəstəkləyirik. Hər zaman da dəstəkləyəcəyik. İnanırıq ki, böyük əməksevərliyiniz və müdrikliyiniz gələcəkdə xalqınıza daha xoşbəxt və daha parlaq həyat yaşadacaq”.
Çinli tələbələr öz məktublarında, həmçinin, Prezident İlham Əliyevə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətini heyranlıqla izlədiklərini də qeyd edirlər. “Həyata keçirdiyiniz böyük işləri görmək üçün gələcəkdə Bakıya gəlməyi də planlaşdırırıq. Sizi gələcəkdə doğma şəhərimizdə görmək səadəti bizə nəsib olsa, gülərüz qonaqpərvərliyimizlə yanaşı, Sizə olan böyük hörmətimizi də məmnuniyyətlə nümayiş etdirərik.
Dünyada koronavirusun yayıldığı bir vaxtda Sizə, ailənizə və xalqınıza təhlükəsiz, sağlam həyat diləyirik” - deyə Quancou Universitetinin tələbələri məktublarında bildirirlər.