Arxı keçəndən sonra "hop deyərlər"aforizmi qədimlərdən gəlir. Koronavirus təhlükəsinin hələ tam sovüşmadığı bu günlərdə bir daha yada düşdü. Bəli, məhz sovuşmadığı...
Məhdudlaşdırıcı tədbirlərin bir qədər yumşaldılması cəmiyyətimizdə bəziləri tərəfindən yanlış başa düşülür. Yumşaldılmış sahələrin siyahısı bəzən özbaşına genişləndirilir, bəziləri isə ifrata vararaq, hətta bütün karantın qaydalarının guya ləğv olunduğu kimi yozumlar edirlər. Görünür, Azərbaycanda karantin məhdudlaşdırmaları tədricən sərtləşdirildiyi kimi, onun yumşaldılmasının da tədrici proses olduğunu hələ ictimaiyyətimizə izah etməliyik. Məktəblər, kafe-restoranlar, bütün növ kütləvi toplantılar, rayon və şəhərlərlmizin bir-birindən təcrid olunması, ölkəyə kütləvi giriş-çıxışın dayandırılması, evlərdə oturmaq və sair kimi qaçılmaz tədbirlər birdən-birə olmadı. Bunları ardıcıl və düşünülmüş şəkildə tətbiq etməklə Azərbaycan həqiqətən nümunə göstərdi.
15 mindən çox vətəndaşı xaricdən ölkəyə daşımağın nə mənası olardı ki…
Bunların hamısını eyni vaxtda etmək olmazdı kı... Əgər bu tədbirlər mərhələ-mərhələ tətbiq edilməsəydi, Azərbaycanı bürüyəcək panikanın miqyasını təsəvvür etmək çətin deyil. Sadəcə, belə deyək - hələ dünyada dövlətlərin heç də hamısı yeni virus təhlükəsinin reallığını tam ciddi qəbul etmədiyi ilk vaxtlarda insanlarımıza "evlərdən baylıra çıxmayın" kimi qadağan çağırışı etmək olardımı? Və ya ölkəyə kütləvi gediş-gəlişi tam nəzarətə almadan insanlara demək olardımı ki, evlərdən çıxmayın? Xarici sərhədlərimizi bağlamadan şəhər və rayonlarımızı bir-birindən təcrid etməyin mənası qalardımı? Göründüyü kimi, heç bir karantin tədbiri təsadüfdən və ya kortəbii olmadı, məhz bir-birini tamamlamaq prinsipi ilə həyata keçirildi. Məntiq də hökm edir ki, ölkədə lazımi karantin yerləri və müalicəxanalar yaradılmasaydı, 15 mindən çox vətəndaşı dövlət hesabına ölkəyə daşımağın bir anlamı qalmazdı.
Məhz tədricən sərtləşdirmə üsulunun sayəsində dünya dövlətlərinin arasında ilkinlərdən olaraq pandrmiyanı ən optimal müddətdə pik həddinə çatdıra bildik, başqa bəzi ölkələrdə vəhşi tüğyan şəkli almış pandemiyanı nəzarətə aldıq, məhz ilkin dövlətlərin sırasında yoluxanlarla sağalanların say nisbətində müsbət dinamikanı ikinci tərəfə əyə bildik, artıq on günə yaxındır ki, Azərbaycanda gündəlik sağalanların sayı yoluxanları üstələyərək gedir. Nə qədər qəribə olsa da, hərdən insanların dilindən eşitdiyimiz skeptik bir “ara sözünü” də demək lazım gəlir. "Əgər koronavirus doğrudan da varsa, bizim 300, 500, hətta min nəfərlik tayfamızda niyə bircə nəfər yoluxmadı..."?! Tək-tək adamların dilindən eşidilsə də maraqlıdır. Həqiqətən də tayfasında və ya çevrəsində yüzlərlə tanıdığı adamlardan kiminsə yoluxma faktını eşitməyənlər ola bilər. Ancaq bu heç də qorxulu virusun həqiqi fakt kimi inkar edilməsinə əsas deyil və ola da bilməz. Kimsə öz nəslində, tayfasında kiminsə yoluxduğunu eşitməyibsə, buna şükr etməli və bu böyük nəticəni virusun ümumiyyətlə olmaması kimi yox, məhz dövlətin həyata keçirdiyi qadağan tədbirlərinin bəhrəsi kimi dəyərləndirməlidir. Hər şey başlı-başına buraxılsaydı, min nəfərlik nəsildə, tayfada yüzlərlə meyitin yan-yana düzülməsi kimi üzücü mənzərəni yaşamaq zorunda qalardıq.
Pandemiyanın ilk dalğasını ötdük, ikinci dalğanı önləməyin tək yolu qadağanları sonadək icra etməkdir…
Mərhələli sərtləşmə ilə paralel insanların rifahı və iqtisadiyyatın çökməməsi üçün də nələrsə edildi. Bu yöndə də nəticə böyükdür. Müxtəlif sosial dəstək layihələri tətbiq edildi. Bəlkə kimlərsə bu sosial dəstək paketlərinin mahiyyətini anlamır? Sosial paket əlavə pul və güzəştlər deməkdir. Sadə desək, dövlət əhalinin rifahı naminə pul payladı, kimisi işsiz kimi, müqavilə ilə işləyən, qeyri formal işləyən, köçkün, ünvanlı yardım alan ailə və s. kateqoriyadan olan təxminən 4.8 milyon vətəndaş pul və güzəştlər aldı və ya almaqda davam edir. Təsəvvür edirsinizmi, bu, ölkə əhalisinin yarısı və 3 milyard manata yaxın pul deməkdir. Başqa ölkələr bunu etmir…
Prezident Avropa bankının rəhbərinə tam haqlı dedi ki, virusla mübarizə və insanlara dəstək bizim iki ən böyük vəzifəmizə çevrilib.....Vəzifənin ikisi də uğurla icra edilir. Avropa Bankının prezidenti Çakraborti təsadüfən demədi ki, Azərbaycan bu ağır şəraitdə iqtisadi artıma nail olan bəlkə də yeganə ölkədir. Ölkə pandemiyanın birinci dalğasını ram etdi.
Əgər vətəndaşlar məhdudiyyətlərin yumşalmasının mahiyyətini özbaşına yox, olduğu kimi qəbul etsə, pandemiyanın ikinci dalğasından da yan keçə biləcəyik. Demək, təhlükə hələ sovuşmayıb və pandemiyanın ikinci dalğası da gələ bilər…
Karantin yumşalmaları o demək deyil ki, 65+üstü yaş qrupuna aid insanlar küçələrə çıxsın, iş yerində haqqı ödənilməklə məcburi tətilə buraxılanlar uşaqlarını yanına salıb meydan-parklara düşsün, hər kəs özünütəcrid və sosial məsafə saxlamaq tələbini pozaraq qohum-əqrəbasını, dost-tanışlarını, əziz-xələf sevdiklərini uzun-uzadı öpüşlərə "qərq etsin", yalnız icazə ilə evdən çıxmaq qaydasını, "evdə qal" rejimini pozsun və sair. Bəlkə də bu addımları atanlar hansı təhlükənin daşıyıcısına çevrilə biləcəyinin fərqinə varmır, "mənim bir dəfə pozuntuya yol verməyimlə fəlakət olmaz" kimi düşüncə ilə dayaz və məsuliyyətsiz davranış sərgiləyir..
Karantin qadağalarını pozan hər kəs ilk növbədə doğmaları üçün, sonra cəmiyyət üçün təhlükə mənbəyinə çevrilir
Hələ davam edən və yumşaldılmış siyahıdan kənar qadağanların icrasına polis, başqa strukturlar geri çəkilmədən nəzarət etdiyi kimi, vətəndaşların şüurlu və məsuliyyətli hissəsi də fəal olmalıdır, hər kəs nəzərə almalıdır ki, ərköyünlük edərək evdən çıxan ağsaqqalın -ağbirçəyin bu özbaşına gəzintisi ilk növbədə həmin ailənin özünə təhlükədir və “yola verdiyimiz” həmin ağsaqqal-ağbirçək bayırdan evə yoluxdurucu virus mənbəyi kimi qayıdır...
Azərbaycan pandemiyanın yeni dalğası ilə üz-üzə gələ bilər, təhlükə hələ tam keçməyib. Qadağanların pozulması həm dövlətin virusla sonadək effektli mübarizəsini əngəlləyir, həm də yeni dalğa pandemiya təhlükəsini reallaşdırır… Bu məntiqlə, pandemiyanın yeni dalğası qayıtsa, bunun həlledici məsuliyyət payı ilk olaraq vətəndaşların, bizim üzərimizdə qalacaq… Dövlət gərəkəni edirsə, etdisə, vətəndaşlar da eyni məsuliyyəti və insanlıq borcunu icra etməlidir - karantin məhdudiyyətləri hələ bitməyib, yumşalmanı və hələ qüvvədə saxlanılan məhdudiyyətləri bir-birindən ayırmaq lazımdır...
Pandemiyanın ikinci dalğasından yan keçmək üçün məhdudiyyətlərə tam və sonadək əməl etməyə, lazım gəlsə karantin qaydalarının bir az da uzadılmasına hazır olmalıyıq…
Pandemiyanın ikinci dalğasını yaşayan ölkələr artıq var..
Azərbaycandan uzaq olsun...
Evdə qalmağa davam etməliyik…
Aydın QULİYEV