Pandemiya ilə bağlı Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu mübarizə tədbirləri, ölkəmizin əldə etdiyi nailiyyətlər xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımızın da diqqətlə izlədiyi prosesə çevrilib.
Finlandiya Respublikasının Espoo şəhərindən FAA həmsədrləri Vasif Muradlı və Arzu Oqtay da Prezident İlham Əliyevə məktub yazıblar. “Biz Finlandiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları - Finlandiya Azərbaycan Assosiasiyası, Azərbaycan Qadınlar Cəmiyyəti, Finlandiya Azərbaycan Gənclər Birliyi Təşkilatı Sizin uzaqgörən və çevik qərarlarınız sayəsində ölkəmizdə COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə atdığınız addımları, xalqımızın sağlamlığının qorunması və rifahının daha da yaxşılaşdırılması üçün verdiyiniz mühüm qərarları, xaricdə yaşayan biz azərbaycanlıları diqqət mərkəzində saxlayaraq, hər cür yardımların göstərilməsinə göstəriş vermənizi yüksək qiymətləndirərək minnətdarlığımızı bildiririk”.
Soydaşlarımız qeyd edirlər ki, harada yaşamalarından asılı olmayaraq, Prezidentin ölkə vətəndaşlarına verdiyi yüksək dəyər onların dövlət başçısına olan inamını daha da möhkəmləndirir. “Avropa ölkələri ilə müqayisədə Azərbaycanda COVID-19 virusuna yoluxma və bu virusdan ölüm hallarının dəfələrlə az müşahidə olunması Sizin müdrik qərarlarınız, yürütdüyünüz siyasət və görülən qabaqlayıcı tədbirlər sayəsində oldu” - deyə bildirən məktub müəllifləri dünyada yaşayan bütün soydaşlarımızın Prezidentin “Biz birlikdə güclüyük!” çağırışı ətrafında sıx birləşdiklərini qeyd edirlər.