Prezident İlham Əliyevin təqdimatına əsasən Baş prokuror vəzifəsinə Baş prokurorun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb. K.Əliyevin Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında məsələ yaxın vaxtlarda parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın Baş prokuroru Zakir Qaralovdur. O, 25 aprel 2000-ci il tarixdən bu vəzifəni tutur. Əksər ekspertlərin qənaəti budur ki, Prezident tərəfindən təqdimatı verilən Kamran Əliyevin Baş prokuror seçilmək şansı çoxdur. O hazırda Baş prokurorun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi vəzifəsində çalışır. Mövzunun aktuallığını nəzərə alıb, Kamran Əliyevin tərcümeyi-halını təqdim edirik:
K.Əliyev 1965-ci ilin noyabr ayının 18-də Balakən rayonunda anadan olub. 1987-ci ildə Rusiya Federasiyasının İrkutsk Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla prokurorluq orqanlarına işə qəbul olunaraq Rusiya Federasiyasının Zabaykalye Nəqliyyat Prokurorluğunun Çita Nəqliyyat prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru təyin edilib. Daha sonra K.Əliyev həmin prokurorluqda və Zabaykalye Nəqliyyat Prokurorluğunda böyük müstəntiq vəzifəsində işləyib. 1990-1993-cü illərdə keçmiş SSRİ Baş Prokurorluğunun Elmi-Tədqiqat İnstitutunda əyani şöbə üzrə aspirantura təhsili alıb, paralel olaraq həmin müəssisədə elmi işçi vəzifəsində işləyib. 1993-cü ildə həmin İnstitutda dissertasiya işini müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsini alıb. Daha sonra K.Əliyev köçürülmə qaydasında Azərbaycan Respublikası Prokurorluğu orqanlarına işə qəbul olunmaqla Kadrlar idarəsinin prokuroru, Elm-Tədris Mərkəzinin rəisi, Baş Prokurorluğun İstintaq və ağır cinayətlərə dair işlər üzrə istintaq idarələrində müstəntiq və böyük müstəntiq, Baş prokurorun köməkçisi və böyük köməkçisi, Baş Prokurorluğun Dövlət İttihamının müdafiəsi idarəsinin rəisi vəzifələrində işləyib. 06.08.2007-ci il tarixdən isə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 05.08.2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilib. II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Hüquq elmləri üzrə fəlsəfə doktorudur. İngilis və rus dillərini sərbəst bilir. K.Əliyev Azərbaycan Respublikasının Baş Prokurorluğu Kollegiyasının üzvüdür. O, həmçinin, Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin, Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunda (GRECO) Azərbaycan nümayəndə heyətinin üzvüdür, habelə ölkəmizin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı üzrə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (OECD) Milli koordinatorudur. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib. Ailəlidir, iki övladı var.
Prokurorluq sistemində baş verməsi gözlənilən bu dəyişikliyi necə dəyərləndirmək olar? Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşunas Mehman Muradlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Zakir Qaralovun əvəzlənməsi onun müddətinin bitməsi ilə bağlıdır:“Qanunvericiliyə görə, hər dəfə müəyyən edilən müddət başa çatanda ölkə başçısı Milli Məclisə Baş prokurorluğa namizəd təqdim edir. Qanunverici orqan da həmin təqdimatı nəzərdən keçirib səsverməyə çıxarır. Zakir Qaralov Azərbaycanın tarixində ən uzun müddət bu məsuliyyətli vəzifəni icra etmiş şəxsdir. Ölkəmizin 29 illik müstəqillik tarixinin 20 ilini o, Baş prokuror olub. Bu az müddət deyil. Zakir Qaralov fəaliyyəti ərzində daim çalışıb ki, məsələlərə obyektiv yanaşsın. Bir hüquqşunas kimi Zakir müəllimi həm bizim, həm də vətəndaşların əlinin asan çata biləcəyi Baş prokuror kimi xarakterizə edərdim. Vətəndaşlarla yerlərdə daim qəbullar keçirirdi. Kifayət qədər rezonans doğuran cinayət hadisələrini şəxsən nəzarətinə götürürdü. Əksər hallarda həmin istintaqların gedişindən narazı olan vətəndaşları şəxsən qəbul edirdi. Onun yerinə namizədliyi irəli sürülən Kamran Əliyev də kifayət qədər peşəkar hüquqşunasdır. Hazırda Baş prokurorun müavini və Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisidir. Bu qurum yaradılan gündən Kamran müəllim ora rəhbərlik edir. Son illərdə biz bu Baş İdarənin fəliyyətindəki aktivliyi müşahidə edirik. Korrupsiya cinayətlərinin üstünün açılmasında olan dinamik irəliləyiş də Kamran müəllimin işə doğru yanaşmasının hesabına baş verir. Kamran müəllim həm də bir sıra beynəlxalq qurumların üzvüdür. Ölkədən kənarda kifayət qədər ciddi əlaqələrə malikdir. Biz görürük ki, son dönəmdə ölkədə korrupsiya ilə mübarizə sahəsində ciddi addımlar atılır. Siyasi iradə bundan ibarətdir ki, ölkədə bu bəlanın kökü tamamilə kəsilsin. Hesab edirəm ki, bir Baş prokuror kimi Kamran Əliyevin bu sahədə töhfələri çox olacaq. Çünki deyilən sahə ona çox yaxından tanışdı. Bundan əlavə, Kamran Əliyev prokurorluğun daxilindən bu vəzifəyə təyinat alırsa, onun yeni işə adaptasiya olması çətinlik yaratmayacaq. Əminəm ki, üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcək və biz bu sahədə daha da inkişafın şahidi olacağıq. Hər bir dəyişiklik yeni yanaşma, yeni nəfəs deməkdir. Zakir müəllimə gələcək həyatında, Kamran Əliyevə isə yeni işində uğurlar arzulayıram”.
Məhəmmədəli QƏRİBLİ