“Amnesty İnternational” təşkilatının dərc etdiyi məruzədə bildirilir ki, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin hökumətləri koronavirus pandemiyasına insan hüquqları sahəsində öhdəliklərinə zidd olan zorakılıqla reaksiya verirlər.
İddia olunur ki, region hökumətləri pandemiyaya insan hüquqlarının pozulması üçün kart-blanş kimi baxırlar. Daha sonra qeyd edilir ki, guya Azərbaycan hökuməti hakimiyyətin pandemiyaya qarşı mübarizə tədbirlərinin görülməsində yol verdiyi səvhləri göstərən sosial şəbəkə istifadəçilərini, jurnalistləri və tibb işçilərini məsuliyyətə cəlb edib. Guya Azərbaycanda hakimiyyət COVID-19 pandemiyasından müxalifəti məhv etmək üçün bəhanə kimi istifadə edib.
Bundan başqa, Amerika Dini Etiqad Azadlığı Komissiyası (USCIRF) dini etiqad azadlığının "sistemli" və "misli görünməmiş" şəkildə pozulması hallarının olduğu ölkə kimi Azərbaycanın adını Dövlət Departamentinin Xüsusi Nəzarət Siyahısına salmağı tövsiyə edib.
USCIRF-in məlumatına görə, 2019-cu ildə Azərbaycanda dini etiqad azadlığında müsbət dəyişikliklər olub. Belə ki, hakimiyyət dini icmalara qarşı reydləri dayandırıb və icazəsiz dini etiqada görə saxlanma, cərimə təcrübəsini azaldıb, həmçinin, 51 siyasi və dini məhbusu əfv edib. Amma, eyni zamanda, guya bütün dini icmalara və onların fəaliyyətinə əsassız nəzarət davam edib.
Görünən odur ki, sözügedən təşkilatların Azərbaycanla bağlı belə qərəzli münasibət sərgiləmələri təsadüfi deyil. Məsələ ondadır ki, Azərbaycan koronavirusla uğurla mübarizə aparır. Sözügedən təşkilatların belə qərəzli münasibətini Azərbaycanın virusla mübarizədə qazandığı nailiyyətlərdən qıcıqlanmaları kimi qələmə vermək olarmı? Yaxud da belə hesab etmək olarmı ki, onlar ölkənin qazandığı nailiyyətləri gözü götürmədikləri üçün belə addımlar atırlar?
“Bu, açıq-aşkar qərəzli yanaşmadır”
Məsələyə münasibət bildirən Demokratik Jurnalistlər Liqasının sədri, media eksperti Yadigar Məmmədlinin fikrincə, insan hüquqlarından danışan bəzi təşkilatların ard-arda qərəzli mövqe sərgiləmələri Azərbaycanın koronavirusla mübarizədə əldə etdiyi uğurlarla bağlıdır: “Məlum olduğu kimi, bu ilin əvvəlindən bütün dünya koronavirus bəlasına düçar olub. Bütün ölkələrin hansı səviyyədə koronavirusla mübarizə aparmasını Ümumdünya Səhiyyə Təşkilatı dəyərləndirir. ÜST-nin pandemiya ilə bağlı tövsiyələri var. Sözügedən təşkilat bu məsələni daim araşdırıb diqqətdə saxlayır və zaman-zaman açıqlamalar verir. Məhz ÜST-nin hesabatlarında bir sıra dövlətlərin virusla uğurlu mübarizə aparmaları açıqlanıb. Həmin dövlətlərdən biri də məhz Azərbaycandır. Azərbaycan dövləti koronavirusla mübarizədə həm təhlükəsizlik məsələlərində, həm də vətəndaşların qorunmasında çox uğurlu nəticələrə nail olub. Bir sıra dövlətlər əhalini lazımi tibbi preparatlarla təmin edə bilmirlər. Azərbaycan dövləti isə bu sahədə çox ciddi işlər görür. Ölkədə maska istehsalı təşkil olunub, süni nəfəs aparatları gətirildi. Xüsusi xəstəxana virusa yoluxanlara xidmət edir. Bütün bunlar operativ görülən işlərdir və bunları ÜST çox yüksək dəyərləndirir. Ancaq insan haqlarından danışan “Amnesty İnternational” və digər bu kimi təşkilatlar bunu düzgün qiymətləndirmək əvəzinə, buna siyasi don geyindirirlər. Məqsədyönlü şəkildə Azərbaycan dövlətinin koronavirusla mübarizədə gördüyü işlərə, əldə etdiyi uğurlara kölgə salmağa çalışırlar. Ona görə də onlar öz hesabatlarında ÜST kimi çox ciddi qurumun fikirlərini kənara qoyub, yenə öz bildiklərini söyləyirlər. Bu, açıq-aşkar qərəzli yanaşmadır”.
Vidadi ORDAHALLI