Koronavirusla bağlı yaşananlar Ermənistanı katastrofik vəziyyətə salıb. İş o yerə çatıb ki, baş nazir Nikol Paşinyan televizya vasitəsilə əhaliyə müraciət edib ki, qaza, işığa görə kommunal ödənişləri vaxtında etsinlər. Əks təqdirdə vəziyyət daha da pisləşə bilər. Paşinyan əvvəl əhaliyə ümid vermişdi ki, kimsənin kommunal borclara görə xidmətləri kəsilməyəcək. İndi isə ölkədə elan olunan fövqəladə vəziyyətin zamanının uzadılmasını bəhanə edərək, əhaliyə qarşı edilənlərə haqq qazandırmağa çalışır. Bu nədən xəbər verir?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, suala cavab verməzdən öncə Nikol Paşınyan hakimiyyətinin Ermənistan cəmiyyətindəki indiki halı haqqında danışmaq lazımdır:“Ölkədaxili prosesləri və vəziyyəti idarə edə bilməyən, ictimai narazılığı dəf edə bilməyəcək hala gələn baş nazir və komandası var. İki illik Nikol Paşınyan hakimiyyətini belə xarakterizə etmək olar: xalqa verilmiş populist mesajların fonunda yaranan gözləntilər və güvən böhranı. Bunun məntiqi nəticəsi kimi, başda Nikol Paşınyan olmaqla, səriştəsiz hakimiyyət məmurlarına total etimadsızlıq mühiti formalaşıb. Bu iki il ərzində Paşınyanın ölkədaxili və xarici mövzularda problemlərin mahiyyətini anlamayacaq qədər səriştəsizliyi, yeni və təcrübəsiz kadrların sayəsində idarəetmədə səmərəsizlik karantin zamanlarında xüsusilə gözə çarpdı və ölkədə yeni hökümətə onsuz da itmiş güvəni daha da sarsıtdı”. Ekspertin sözlərinə görə, koronavirus zamanı qonşu olkələrin, xüsusilə torpaqlarını işğal etdiyi Azərbaycan və Gürcüstanın uğurlu idarəçiliyi haqqında məlumatlar Nikol Paşınyanın nəinki cəmiyyət arasında ictimai legitimliyini, həm də öz komandasında nüfuzunu şübhə altına qoydu:“Son günlər Ermənistan mediasında yeni hakimiyyət nümayəndələrinin keçmiş hokümətin bir sıra üzvləri ilə kontaktlarının meydana gəlməsi haqqında silsilə ifşalar gedir. İki gün bundan öncə Nİkol Paşınyanın sosial media üzərindən etdiyi canlı yayımda əsəbi bir vəziyyətdə ona xəyanət edənləri "linç"lə hədələməsi qədər nəzarətdən çıxması buna sübütdür. Paralel olaraq Ermənistanda yeni siyasi konfiqurasiyaların qurulmasının şahidi oluruq. Bu proseslərdə fəallıq müxtəlif siyasi təsir qrupları, ilk növbədə, eks-prezident Köçəryanın və onun varisi Sarkisyanın əleyhinə işlərdə iştirak etmiş şəxslərin yaxın çevrəsində müşahidə olunur. Məsələ ondadır ki, Nikol Paşınyanın davranışları prosesə nəzarəti itirməsini daha çox büruzə verir, pandemiyanın fəsadları fonunda daha da dərinləşən böhrandan çıxış yolları axtarmaq, bütün qaynaqları səfərbər etmək əvəzinə bütün imkanlarını, hətta nəzəri olaraq onu təhdid edə biləcək insanları zərərsizləşdirməyə çalışır. Məsələn, karantinə rağmən Röbert Köçəryanın məhkəməsi davam edir, Serj Sarkisyanın kürəkəni Mikayıl Minasyanı və Qarabağ klanının əsas maliyyəçisi Qagik Tsarukyanı həbs etmək üçün tədbirlərini davam etdirir. Ancaq məsələ ondadır ki, Nikol Paşınyan hakimiyyətinə müxalifət artıq çoxdan hər hansı bir siyasi qrup çərçivəsini aşıb və indi Paşınyanın müxalifəti erməni xalqıdır. Enerji daşıyıcıların qiymətinin qalxması ilə onsuz da çətin vəziyyətdə olan vətəndaşlar karantin günlərində enerji pulunu ödəyə bilmədiyi üçün günlərini qaranlıqda keçirməyə məcbur qalır və s. Bir sözlə, koronavirus pandemiyası və karantinin bitməsindən sonra istər "Mənim addımım" blokunun , istərsə də hökumətin başının üstünü qara buludların alacağı şübhəsizdir”.
Məhəmmədəli QƏRİBLİ