Pandemiya dövründə əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən tədbirlər, xüsusən də sosial işçi layihəsi müxtəlif bölgələrdə yaşayan vətəndaşların müsbət reaksiyasına səbəb olub.
Qax rayonunun Əmircan kəndindən Seyidəliyev Əli Məmmədrəsul oğlu “Dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizə sahəsində ölkəmizdə görülən işlər təqdirəlayiqdir. Virusun ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər üçün böyük məbləğdə vəsaitin ayrılması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi bu məsələyə necə ciddi yanaşıldığını göstərir. Bu müddət ərzində sosial işçi layihəsinin tətbiq edilməsi və mənim kimi minlərlə vətəndaşın işlə təmin olunması bizə göstərdiyiniz qayğının və diqqətin təcəssümüdür” - deyə Prezidentə yazdığı məktubda bildirir.
O, həmçinin, qeyd edir ki, böyük bir bəla olan koronavirusun ölkəmizdə kütləvi yayılmasının qarşısını almaq məqsədilə görülən işlərə görə də ölkə başçısına təşəkkürünü bildirir: “Siz xalqımıza dəstək olduğunuz kimi, xalqımız da hər zaman Sizə dəstəkdir. Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”.