Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə ortaya qoyduğu örnəklər ölkənin təhsil ictimaiyyətinin də rəğbətinə səbəb olub.
Mingəçevir şəhərindən tarix müəllimi Həsənov Mənsur Məcnun oğlu Prezidentə yazdığı məktubda qeyd edir ki, dünyanın çətin sınaq qarşısında olduğu bir dövrdə xalqımızı bu bəladan hifz etmək üçün Prezident İlham Əliyevin rəhbərliyilə görülən tədbirlər və ard-arda verdiyi mühüm fərman və sərəncamlar hər bir vətəndaşın ürəyincədir. “…Xalqımız dünyanı bürüyən ağır pandemiya dövründə “Biz birlikdə güclüyük!" çağırışınız ətrafında sıx birləşdi. Bu gün əminliklə deyə bilərəm ki, görülən təxirəsalınmaz tədbirlər sayəsində pandemiyaya qarşı mübarizə öz səmərəsini göstərməkdədir. Təbii ki, bu, hər bir Azərbaycan vətəndaşını sevindirir. Bu ağır dövrdə vətəndaşlarımızın rifahı üçün gördüyünüz tədbirlər bir daha sayənizdə dövlətimizin nə qədər qüdrətli bir ölkə olduğunu hər bir kəsə və təbii ki, bütün dünyaya göstərdi” - deyə tarix müəllimi qeyd edir.
M.Həsənov, həmçinin, müəllim kimi çalışdığı Mingəçevir şəhər 20 saylı tam orta məktəbin kollektivi adından bu ağır günlərdə öz dəstəyini xalqımızdan heç zaman əsirgəməyən Prezident İlham Əliyevə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını bildirir.