ABŞ Dövlət Departamentinin “Silahlara nəzarət, onların yayılmaması və tərksilah üzrə sazişlərə və öhdəliklərə əməl edilməsi” adlı yeni hesabatı dərc olunub. Bu, Departamentin silahlara nəzarətə və ölkələrin beynəlxalq öhdəliklərə əməl etməsinə dair illik hesabatdır.
Hesabatda qeyd olunur ki, Azərbaycan və Rusiya Avropada adi silahlı qüvvələr haqqında müqaviləni pozur və ya ona əməl etmir. Bundan əlavə, həmin müqavilə üzrə bir sıra digər öhdəliklərin yerinə yetirilmədiyi də iddia edilir.
Hesabatda Azərbaycanla əlaqədar deyilir ki, ölkədə ümumi silah sayı “2019-cu ildə TLE həddini aşmaqda davam edib və müqavilənin bəzi digər öhdəliklərinin yerinə yetirilməməsi” baş verib. Bununla yanaşı, Dövlət Departamenti Azərbaycanı Vyana sənədinin (VD11) tələb etdiyi kimi, “2019-cu ildə əsas hərbi təlimlər” barədə xəbərdarlıq etməməkdə ittiham edib.
Bütövlükdə, ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanla bağlı əksini tapan məqamlar nə dərəcədə ədalətlidir və reallığı özündə əks etdirir?
“Ölkəmizin silah uçotunu aparmaq tamamilə məntiqdən uzaq bir mövqedir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert İbrahim Rüstəmlinin fikrincə, hesabatda Azərbaycanla bağlı məqamlar obyektivlikdən uzaqdır: “Əvvəla Azərbaycanın bütün beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən tanınan ərazi bütövlüyü Ermənistan tərəfindən pozulub. Azərbaycan bilavasitə hərbi təcavüzə məruz qalıb və 1 milyondan çox məcburi köçkünü var. Ərazisinin 20 faizi işğal altındadır. İşğal olunmuş ərazilərdə terrorçuların təlim düşərgələri var, qanunsuz narkotik ticarəti həyata keçirilir. Belə olan halda, Azərbaycanı Avropada adi silahlı qüvvələr haqqında müqaviləni pozmaqda ittiham etmək tamamilə absurd yanaşmadır. Azərbaycanın işğal olunmuş əraziləri haqqında Dövlət Departamenti danışmır, ancaq belə əsası olmayan hesabatla çıxış edir. Azərbaycan müharibə vəziyyətindədir və zaman-zaman Ermənistanın hərbi təhdidlərinə məruz qalır. Belə olan halda, silahlanmaq Azərbaycanın tam haqqıdır. Ölkəmizin silah uçotunu aparmaq tamamilə məntiqdən uzaq bir mövqedir. Azərbaycan dəfələrlə bəyan edib ki, münaqişənin sülh yolu ilə həllində maraqlıdır. Ancaq bunu təmin etməklə bağlı beynəlxalq qurumlar, o cümlədən, aparıcı dövlətlər praktiki addım atmırlar. Azərbaycanın istəyi odur ki, dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü təmin edilsin. Bununla bağlı danışan yoxdur, amma Azərbaycanın silahlanmasından danışırlar. Ermənistan müdafiə naziri Tonayan bəyan edir ki, bizim Azərbaycanın başqa ərazilərinə də iddiamız var. Belə olan halda, Azərbaycan neynəməlidir? Təbii ki, müdafiə qüdrətini artırmalıdır”.
Vidadi ORDAHALLI