Bütün dünyanın əziyyət çəkdiyi pandemiyanın ölkəmizdə təsirinin azaldılması, xalqımızın bu bəladan az itki ilə çıxması üçün Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən tədbirləri müharibə veteranları ailələri də yaxından izləyir və dəstəkləyirlər.
Hacıqabul rayonundan Əhmədli Azər Nəhməd oğlu Prezidentə məktubunda qeyd edir ki, bütün dünyanı bürüyən pandemiya ilə Azərbaycan dövlətinin apardığı mübarizə bir örnəkdir. O, eyni zamanda, dövlətin həyata keçirdiyi sosial paketləri də müsbət qiymətləndirir. “...Mən Birinci Qarabağ müharibəsi veteranının oğlu olaraq hər bir vətəndaşın probleminə həssas yanaşdığınıza, göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Mən də dövlətimizin qayğısı ilə əhatə olunan vətəndaşlar sırasındayam və işsiz olduğum üçün 190 manat məbləğində birdəfəlik ödəmə aldım. Buna görə Sizə minnətdaram. Allah Sizi qorusun” - deyə A.Əhmədli Prezidentə yazır.