Koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan dövləti tərəfindən gerçəkləşdirilən çoxistiqamətli və səmərəli tədbirlər Vətəndən kənarda yaşayan soydaşlarımız tərəfindən də təqdir edilir.
Qazaxıstan Respublikasından Qərbi Qazaxıstan vilayəti yerli qanunverici orqanının deputatı Ənvər Ağayev Prezident İlham Əliyevə ünvanladığı müraciətdə bu məsələdən bəhs edilir: “...Biz - Qazaxıstanda yaşayan azərbaycanlılar yaşadığımız ölkə ilə yanaşı, doğma Vətənimizdə bu bəlanın yayılmasından narahatlıq keçirsək də, Azərbaycanda görülən tədbirləri, Sizin örnək fəaliyyətinizi, ölkəmizin hər bir vətəndaşına göstərdiyiniz diqqət və qayğını heyranlıqla izləyirik. Vaxtında atdığınız uğurlu addımlar, verdiyiniz müdrik qərarlar, xüsusilə də ölkə vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz layihələr xaricdə yaşayan azərbaycanlıların diqqət mərkəzindədir. Belə bir qənaətə gəlir və bir daha şahidi oluruq ki, Sizin siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan xalqının rifahı Sizin üçün hər şeydən üstündür”.
Soydaşımız, həmçinin, yazır ki, Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışı xalqımızın həmrəyliyinə, birliyinə yeni, parlaq çalarlar gətirdi. O, eyni zamanda, qeyd edir ki, qlobal bəla ilə mübarizədə Azərbaycan xalqı məsuliyyət, yüksək nizam-intizam və ən başlıcası, milli həmrəylik nümayiş etdirdi. Xaricdə yaşayan azərbaycanlılar olaraq həm qürbətdəki həmyerlilərimiz, həm də Vətənimiz üçün gördüyünüz işlərdən qürur duyuruq. Başqa bir ölkənin vətəndaşı olsaq da, Qazaxıstandakı azərbaycanlılar, qürbət ölkədə mövqe tutmuş, müəyyən söz sahibi olan oğul və qızlarımız üçün Sizin çağırışınız bir siqnaldır. Biz tarixi məsuliyyətimizlə bu çağırış qarşısında hər cür fədakarlığa hazır olduğumuzu bildirməkdən şərəf duyuruq” - deyə məktubunda qeyd edən soydaşımız, həmçinin, Azərbaycan Prezidentinin təşəbbüsü ilə türkdilli xalqların liderlərinin videokonfransının keçirilməsinin də əhəmiyyətini vurğulayır. “Siz böyük türk oğlu kimi ümumbəşəri bəlaya qarşı birlikdə mücadilənin əhəmiyyətini bütün dünya siyasətçilərinə nümayiş etdirdiniz. Qlobal problemlərlə mübarizədə Azərbaycan yeni bir nümunə yaratdı və indi bütün dünya ölkəmizin nümunəsini öyrənməyə çalışır” - deyə soydaşımız bildirir.