Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli istiqamətində danışıqlar prosesinin getməsinin rəsmi səviyyədə növbəti təsdiqini tapması işğalçı Ermənistanda isterik bir vəziyyət yaradıb. Ermənistanda mövcud hakimiyyət bunu təkzib etməyə çalışsa da, faktlar tamam başqa bir mənzərəni üzə çaxarır.
Indi iş o yerə çatıb ki, Ermənistanın özündə belə hakimiyyəti yalan danışmaqda ittiham edənlərin sayı artıb. Rusiyalı politoloq Stanislav Tarasov bunu təsadüfi saymır. O xatırladır ki, hələ də İrəvan Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamalarına Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan, Ermənistan XİN-in sözçüsü Anna Nağdalyan səviyyəsində cavab verməyə davam edir. Lakin ekspert bunu əbəs sayır. Stanislav Tarasov qeyd edir ki, Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Rusiyanın xarici işlər naziri “Kazan planı” haqqında danışır, Azərbaycan bunu təsdiqləyir, həmsədrlər bu bəyanatı şərh etmir, Ermənistan isə buna qarşı çıxır: “Yəni Fransa, ABŞ, Rusiya, üstəgəl Azərbaycan dördü birlikdə bir şeyi deyir, biri başqa şey deyir. Kim yalan danışır? Cavab aydındır. Ermənistan rəsmiləri bu durumda sakit qalsalar yaxşıdır”.
Yeri gəlmişkən qeyd edək ki, xarici işlər naziri Elmar Məmmədyarov da Sergey Lavrovun Dağlıq Qarabağla bağlı son bəyanatını şərh edərkən məhz mərhələli həll üzrə danışıqlar prosesinin aparılmasını təsdiq edib. Lavrovun Qarabağla bağlı son bəyanatı və ona erməni həmkarı Zöhrab Mnatsakanyanın verdiyi məlum reaksiya ilə bağlı Məmmədyarov deyib:“Ermənistanın xarici işlər naziri cavab replikasında bildirib ki, torpaqların qaytarılması məsələsi müzakirə olunmur, həmçinin o, təhlükəsizlik və xalqların öz müqəddəratını təyinetmə məsələlərinə toxunub. Aydındır ki, belə ritorik hücumu o, daxili auditoriyanı sakitləşdirmək üçün edib. Əks halda həmin o Mnatsakanyan bu bəyanatdan bir neçə saat sonra videokonfrans şəklində danışıqların davamına qoşulmazdı. Əgər soruşsanız ki, Azərbaycan XİN bu xüsusda nə edib, deyərdim: Azərbaycan tərəfi göstərdi ki, sözü ilə əməli üst-üstə düşür, mövqeyi dəyişməzdir. Bizim yeganə hədəfimiz beynəlxalq səviyyədə tanınmış əraziləri azad, məcburi köçkünlərimizin hüquqlarını isə bərpa etməkdir. İşğalçı ölkə indiyədək tamamilə əsassız olan, özünü, beynəlxalq birliyi aldatmağa yönəlik çoxlu sayda bəyanat verib. Lakin həqiqət sarsılmazdır: beynəlxalq hüququ kobud şəkildə tapdamağın və təməl insan haqlarını kütləvi şəkildə pozmağın ardınca təhlükəsizlik və öz müqəddəratını təyinetmə hüququ haqda boşboğazlıq etmək beynəlxalq birgəyaşayışın heç bir qanunu və normasına sığmır və heç vaxt da sığmayacaq. Biz həmişə vicdanlı şəkildə və qoyulan hədəfə doğru dönmədən hərəkət edirik. Bu işdə beynəlxalq hüquq və ədalət bizimlədir. Bəllidir ki, danışıqlar konfidensial xarakter daşıyır və detallar açıqlanmır. Ancaq bu günədək həmsədrlər tərəfindən, həmçinin həmsədr dövlətlərin rəhbərləri səviyyəsində verilən bəyanatlarda nizamlama prosesinin ümumi çərçivələri cızılıb. Onların hamısında konfliktin mərhələli həllinin elementləri, yəni münaqişənin nəticələrinin addımbaaddım aradan qaldırılması əksini tapıb. Orada ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı ərazilərin azad olunması və həmin ərazilərdən qovulan azərbaycanlıların öz doğma yurdlarına qayıtması, Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması yer alır. Dağlıq Qarabağın hər iki icmasının müəyyən müddətə birgə yaşayışı üçün şəraitin təmin edilməsi, sonrakı mərhələlərdə isə Azərbaycanın ərazi bütövlüyü gözlənilməklə regionun statusuna baxılması nəzərdə tutulur. Guya bu elementlərin müzakirə edilmədiyini və danışıqlar stolu üzərində heç bir sənədin olmadığını iddia edən erməni tərəfi öz həmvətənlərini aldatmaqdansa, yaxşı olar, boş yerə vaxt itirmədən öz xalqını beynəlxalq ictimaiyyət qarşısında razılaşdığı kimi sülhə hazırlasın”.
Beləliklə, bu açıqlamadan bir daha bəlli olur ki, Qarabağ münaqişəsinin çözümü ilə bağlı danışıqlar məhz mərhələli həll planı üzərində aparılır. Məhz bu durumda Ermənistanı narahat edən əsas məqamlardan biri isə danışıqlarda yalnız qalması, mövqeyinin heç kim tərəfindən müdafiə edilməməsidir. Xüsusən də Rusiyanın onu yalnız buraxması Ermənistanda əsl ajiotaja səbəb olub. Burada diqqət həm də ona yönəldilir ki, Lavrovun erməni auditoriyası üçün o qədər də xoş olmayan açıqlamalarından sonra Rusiya tərəfi Azərbaycan mediasına Rusiya Xarici İşlər Nazirliyi səviyyəsində şərh verməkdə davam edir. Ermənistan isə burada diqqətə alınmır. “168.am” nəşri yazır ki, bütün bunlar Lavrovun mərhələli nizamlama sənədlərindəki qeydlərinin açıq şəkildə Azərbaycana sərfəli olduğu halda, erməni ictimai və siyasi dairələri arasında daha çox sual doğurduğu bir vaxtda baş verir. Məsələ burasındadır ki, Ermənistan Xarici İşlər Nazirliyinin açıqlamalarından sonra erməni jurnalistlər dərhal Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi, xüsusilə də Mariya Zaxarova ilə əlaqə saxlamış, bu mövzu ilə bağlı yazılı şəkildə də suallar vermiş, ancaq erməni tərəfindən göndərilən suallarda ifadə olunan narahatlıqlara məhəl qoyulmadan, göndərilən sualları cavablandırmadan, eyni dövrdə Rusiya tərəfi Azərbaycan mediasının bir neçə sualına cavab verib. Məsələn, Azərbaycanın “Trend” xəbər agentliyinin sualını cavablandıran Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiya, ABŞ və Fransanın birgə bəyanatlarında Rusiya Xarici İşlər Nazirliyinin mövqeyi dəfələrlə ifadə edilib. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, bu, Helsinki Yekun Aktının təməl prinsiplərinə, o cümlədən güc tətbiq edilməməsi, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququ prinsiplərinə əsaslanır: “Bu ifadələrdə yer alan tənzimləmə elementləri arasında Dağlıq Qarabağ ətrafındakı ərazilərin geri qaytarılması, həmçinin əhalinin iradəsi ilə Dağlıq Qarabağın son hüquqi statusunun müəyyənləşdirilməsi də var. Müzakirə olunmuş və olunan sənədlərə və təkliflərə gəldikdə, Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrov onları sadaladı”. “168.am” yazır ki, Rusiya XİN indi Ermənistan tərəfinə tamam fərqli bir münasibət sərgiləyir:“Məsələn, Rusiya Xarici İşlər Nazirliyi erməni tərəfinin suallarına hələ də aydınlıq gətirməyə tələsmir. Maraqlıdır ki, rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinin həssas olduğunu və onu ictimai müzakirə sahəsinə keçirməyin səmərəsiz olduğunu əlavə edib. Halbuki, aylar əvvəl, yanvarın 31-də ATƏT-in Minsk Qrupu həmsədrləri münaqişənin sülh yolu ilə həllinə tərəfləri dəstəkləmək və nizamlama prosesində məxfilik prinsipinə tam sadiq olduqlarını bir daha təsdiqləyən bəyanat vermişdilər. Əslində, Rusiya məxfilik prinsipinə tam sadiqliyi, həll prosesinin məxfilik prinsipini pozur”. Rusiyalı hərbi ekspert Vladimir Yevseyev Ermənistan-Rusiya ikitərəfli münasibətlərindəki vəziyyəti şərh edərək, məsələni ikitərəfli münasibətlərdə mövcud bəzi fikir ayrılıqları baxımından dəyərləndirib. Onun sözlərinə görə, bu, Rusiya Xarici işlər nazirinin zaman-zaman sənədlərin mövcud olduğunu söyləməsi ilə bağlı gərginlik amili də ola bilər: “Münasibətlər bütün sahələrdə öz axarı ilə irəli getmədikdə, digər sahələrdə də bəzi problemlər yaranır, ya da oxşar problemlər görünür. Məlumdur ki, bütün bunlarda hər hansı bir tərəf üçün heç bir yenilik yoxdur və bu danışıq masasında sənədlərin olması heç kim üçün təəccüblü deyil. Rusiya tərəfi də eyni şeyi deyir, bu sənədlərin erməni tərəfi üçün tam məqbul olmadığı məlumdur. Erməni tərəfi paket həllini nəzərdə tutur ki, bu da öz növbəsində qarşı tərəfin maraqlarına cavab vermir. Əlbəttə ki, ikitərəfli münasibətlərin pozulmasının nizamlama prosesinə təsir etmədiyini deyə bilmərik”.
Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov da bildirir ki, Rusiyada artıq Ermənistana əvvəlki münasibət yoxdur və bu da İrəvanı ciddi narahat edərək, qeyri-adekvat mövqe sərgiləməsinə səbəb olur:“Bu mənada, Ermənistan Xarici İşlər Nazirliyinin Sergey Lavrovun Dağlıq Qarabağla bağlı bəyanatını təkzib etmək cəhdləri siyasi kobudluqdur”. Onun sözlərinə görə, Paşinyanın komandası əvvəl də Rusiya ilə bağlı dözülməz davranışlar sərgiləyib:“O daim yalan danışır, ABŞ və Avropa İttifaqına quyruq bulayır, ölkə daxilində siyasi opponentlərini, həmçinin, rusiyayönümlü siyasətçiləri təqib edir. Rusiyada yaşayan erməni diasporu indiyə qədər Paşinyan komandasına qarşı münasibətin sərtləşməməsinə səbəb olan amildir. Bu diaspor siyasi dairələrdə, biznesdə, mətbuatda və kriminal strukturlarda nüfuzludur. Amma diaspor nə qədər müdafiə edə biləcək?! Moskvanın səbri tükənir, bu da, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, ümumi münasibətdə sərt mövqenin sərgilənməsi ilə nəticələnə bilər. Lavrovun bəyanatı sübut edir ki, Paşinyan Moskvanı çox qıcıqlandırır və Ermənistan Xarici İşlər Nazirliyi təsadüfən Lavrova diş qıcamadı”. Markov hesab edir ki, tezliklə danışıqlar atmosferi dəyişəcək və Ermənistan Qarabağ məsələsində geri çəkilməyə başlayacaq:“Pandemiya və dünya iqtisadiyyatında yaranmış böhran Ermənistanı buna məcbur edəcək”. Hər halda, proseslərin inkişaf axarı Ermənistanın həqiqətən də Qarabağ məsələsində geri çəkilmək məcburiyyətində qaldığını deməyə əsas verir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.