Ermənistan Siyasi-İqtisadi Tədqiqatlar İnstitutunun direktoru Andranik Tevanyan “İqtisadiyyatımızda eyni zamanda böyümə və eniş” adlı yazısında öz ölkəsindəki bir sıra məqamlara toxunub.
Bununla yanaşı, o, Azərbaycandakı inkişafı etiraf edib: “Böhran hamımızın qapısını döyür, koronavirusun yayılma tempi ciddi narahatlığa səbəb olur, Azərbaycan sürətlə inkişaf edir, Ermənistan-Rusiya münasibətləri tarixi enmə nöqtəsinə düşdü. Daxildə isə bizi arsız şəkildə əmlakı bölüşdürməklə, siyasi təqiblə və ucuz şoularla “qidalandırırlar”. Tikinti sektorunda (bu ilin ilk üç ayında əvvəlki ilə nisbətən 9,4% azalma müşahidə olunur) və xarici ticarətdə (4% azalma) vəziyyət bir qədər pisdir, lakin makro göstəricilərə təsir etməyib.
Elə bənzəyir ki, biz cənnətin açarını bu koronavirus şəraitində tapmışıq, ancaq Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunan digər göstəricilər vəziyyətin çox əlverişli olmadığını, ancaq makroiqtisadi meyllərin mənfi istiqamətdə olduğunu göstərir. Beləliklə, bu ilin mart ayında ötən ilin mart ayı ilə müqayisədə iqtisadi aktivlik indeksində 4.9% azalma var. Ötən ilin eyni dövrü ilə müqayisədə sənaye istehsalı 1,9%, tikinti həcmi 26,2%, ticarət dövriyyəsi 9,9%, xidmətlər (ticarət xaric) 4.8%, elektrik enerjisi istehsalı 1%, xarici ticarət 16%, ixrac 17.4% azalıb. Bu mart ayını fevral ilə müqayisə etdikdə meyllər əsasən pisdir. Fevral ayı ilə müqayisədə ənənəvi olaraq mart ayında həmişə böyümə müşahidə edilir. Ancaq bu il belə deyil. Mart ayında iqtisadi fəaliyyət indeksi fevral ayından aşağıdır”.
A.Tevanyanın təhlilindən o da məlum olub ki, bu ilin aprel ayının ötən ilin aprel və bu ilin mart aylarına nisbətən daha pis makroiqtisadi mənzərə nümayiş etdirəcəyini proqnozlaşdırmaq olar.
Görünən odur ki, Ermənistanın bəzi dairələri Azərbaycanın inkişaf etməsini etiraf etmək məcburiyyətində qalıblar.
“Regionda və düşmən dövlətdə yaranmış mövcud vəziyyət ciddi təhlil olunmalıdır”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr əvəzi Arzuxan Əlizadə buna bir neçə aspektdən yanaşdı: “Son zamanlar davamlı olaraq ayrı-ayrı iqtisadçılar tərəfindən postpandemiya dövründə dünya iqtisadiyyatını gözləyən təlatümlər və bunun ölkələrə hansı mənfi təsirlər göstərə biləcəyi barədə narahatlıqlar ifadə olunmaqdadır. Görünən odur ki, Ermənistanda bununla bağlı daha ciddi narahatlıqlar var. Şübhə etmirəm ki, deyilənlər əsassız da deyil. Bilirik ki, Ermənistan özünü təmin edəcək səviyyədə təbii resursları olmayan, zəif inkişaf etmiş iqtisadiyyata malik və daha çox xarici yardımlardan asılı bir dövlətdir. Aydındır ki, qlobal maliyyə böhranının Ermənistana bilavasitə təsir göstərməsi bu ölkənin iqtisadiyyatını sürətlə məhvə doğru apara bilər. Bu səbəbdən də məsələyə ayıq başla yanaşan erməni mütəxəssisləri Ermənistanın kənardan kömək olmadan dövlət kimi mövcudluğunu davam etdirməsinin mümkünsüzlüyünün fərqində olaraq, bunu açıq şəkildə dilə gətirməyə başlayıblar. Mən mətbuatdan A.Tevanyanın bu məsələ ilə əlaqədar fikirləri ilə tanışam. O, Azərbaycanın sürətlə inkişafından və bu əsnada Ermənistanın hazırda apardığı siyasət nəticəsində Rusiya ilə münasibətlərinin pisləşməsindən ciddi narahatlığını ifadə edib. Əlbəttə, Ermənistanın dövlət olaraq mövcudluğuna görə Rusiyaya borclu olduğu heç kimə sirr deyil”.
A.Əlizadənin fikrincə, üzdəniraq qonşumuz regionda Rusiyanın forpostu olmaqla yanaşı, iqtisadiyyatı da demək olar ki, bu ölkədən asılı bir durumdadır: “Ona görə də erməni mətbuatında pandemiyadan sonrakı dövrdə dünya iqtisadiyyatında yarana biləcək böhran və hər bir ölkənin daha çox öz iqtisadiyyatını ayaqda saxlamağa çalışacağı durumda Ermənistanın həm iqtisadi, həm də siyasi sferada ciddi problemlərlə üzləşəcəyi barədə səslənən fikirlər təsadüfi deyil. Hətta bu fonda Ermənistanın işğal etdiyi ərazilərdən əl çəkməyə məcbur qalacağı barədə proqnozlar da verilir. Şübhəsiz ki, regionda və düşmən dövlətdə yaranmış mövcud vəziyyət ciddi təhlil olunmalıdır. Bu əsnada hesab edirəm ki, biz dövlət və millət olaraq yaranmaqda olan əlverişli məqamdan öz xeyrimizə maksimum dərəcədə yararlanmalı və çəkinmədən, ilk növbədə, işğal altında olan ərazilərimizin düşmən tapdağından azad olunması üçün gərəkən addımları atmalıyıq. Əminəm ki, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəs bu məsələdə dövlətimizə gərəkən dəstəyi verməyə hazırdır”.
Vidadi ORDAHALLI