1920-ci ilin 28 aprel işğalından 100 il ötür. Bu 100 ilin 70 ilini Azərbaycan SSRİ deyilən imperiyanın boyundurğu altında yaşamağa məhkum olunub. Bolşevik Rusiyasının işğalı nəticəsində Azərbaycan dövləti müstəqilliyini itirməklə yanaşı, həm də saysız itkilə üzləşib. Azərbaycan torpaqlarına, xüsusən də Dağlıq Qarabağa ermənilərin açıq-aşkar iddialar irəli sürməsi ilə bağlı məsələlər də məhz bu dövrdə alovlanıb, daha böyük “yanğınlara” səbəb olub.
Bolşevik hökumətində yaxından təmsil olunan erməni daşnakları, ideoloqları Azərbaycan torpaqlarının parçalanaraq ermənilərə verilməsi yönündə təbliğat aparır, məqamı çatanda isə açıq şəkildə “Dağlıq Qarabağı ermənilərə verməlisiniz” iddiasını ortaya qoyurdular.
Məlumatlara görə, 1920-ci il dekabrın 1-də Azərbaycanın Zəngəzur mahalının böyük hissəsi Moskva rəhbərliyinin qərarı ilə Ermənistana verilir. 1923-cü il 7 iyulda Moskva rəhbərliyinin qərarı ilə Dağlıq Qarabağa muxtar vilayət statusu verilir. 1923-cü il 18 sentyabrda Xankəndinin adı "Stepanakert" adlandırılır. 1929-cu il 18 fevralda Moskva rəhbərliyinin qərarı ilə Azərbaycana məxsus olan 657 kv.km ərazi - Qurdbulaq, Horadiz, Oğbun, Almalı, İtqıran, Sultanbəy, Qarısevən, Kilid və digər kəndlər, həmçinin, Zəngilan rayonunun Nüvədi kəndi, Qazax rayonunun 4400 hektarlıq meşə sahəsi Ermənistana verilir.
Qeyd edilənə görə, 1930-cu ildə Moskva rəhbərliyinin qərarı ilə Naxçıvanın Əldərə, Lehvaz, Astazur və başqa yaşayış məntəqələri Ermənistana verilir və bu ərazilər üzrə Mehri rayonu yaradılır. 1938-ci ildə Moskva rəhbərliyinin qərarı ilə Naxçıvanın Sədərək və Kərki kəndlərinin bir hissəsi Ermənistana verilir.
Qeyd edilənə görə, 28 noyabr 1945-ci ildə Ermənistan rəhbəri Harri Arutinov Stalinə müraciət edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini xahiş edir. 1947-1953-cü illərdə Ermənistanda toplum şəkildə yaşayan 150 min nəfərdən artıq azərbaycanlı SSRİ rəhbərliyinin qərarı ilə Azərbaycana köçürülür. 1965-ci ildə Xankəndidə yaşayan M.Hovenesyan 13 nəfər erməninin imzası ilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi xahişi ilə məktubu SSRİ Ali Sovetinə göndərir. 1967-ci ilin iyun-avqust aylarında Dağlıq Qarabağın Xocavənd rayonunun Kuropatkin kəndində erməni Benikin uşağı yoxa çıxır, sonra isə onun meyiti Ələmşah Mustafayevin briqadasına məxsus olan sahədən tapılır. Bu hadisəyə görə briqadir Ələmşah, direktor Ərşad, kənd sakini Zöhrab həbs olunurlar. Bu şəxslərin günahı sübut olunmadığına görə məhkəmə işi yenidən istintaqa qaytarılır. Lakin ermənilər yolda həbsxana maşınını saxladır, onu çevirir, hər üç nəfəri öldürür, sonra da yandırırlar. Az sonra sübut olunur ki, uşağı öz dayısı öldürüb.
1969-cu ildə Xankəndidə "Qarabağ" mehmanxanasının eyvanından qumbara atılır, üç azərbaycanlı yaralanır.
1969-cu ildə Laçın rayonunun Qaragöl ərazisinin, Qubadlı rayonunun Çayzəmi ərazilərinin, Qazax rayonunun Kəmərli kənd ərazilərinin, Kəlbəcər rayonunun Zod qızıl yatağı ərazilərinin bir hissəsi Moskva rəhbərliyinin qərarı ilə Ermənistana verilir.
1982-ci ildə Moskva rəhbərliyinin qərarı ilə Qazax rayonunun İncədərə yaylağı, Kəmərli, Aslanbəyli, Qaymaqlı kəndləri ərazilərinin bir hissəsi Ermənistana verilir.
1985-ci ilin dekabr ayında “Daşnaksütyun” partiyasının Afinada keçirilən XXII qurultayı “Böyük Ermənistan” uğrunda mübarizəni genişləndirmək qərarını qəbul edir.
1986-cı ildə Moskva rəhbərliyinin qərarı ilə Qazax rayonunun 2500 hektarlıq ərazisi Ermənistana verilir.
1987-ci ildə akademik Abel Aqanbekyanın təkidilə Parisdə keçirilən erməni ümummilli konqresi SSRİ-də yaranmaqda olan dəyişikliklərdən istifadə edərək, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi yönündə addımlar atılması barədə qərar qəbul edir.
1987-ci ilin iyun-iyul aylarında ermənilər Xankəndinin küçələrində vərəqələr yayır, Dağlıq Qarabağın Azərbaycandan ayrılması üçün təbliğata başlayırlar. 1987-ci ilin oktyabr ayında İrəvanda "Qarabağ komitəsi" ilk açıq mitinq keçirir. Komitəyə İqor Muradyan və Levon Ter-Petrosyan başçılıq edirlər.
1987-ci il noyabrın 16-də Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyan Parisdə qəzetlərə müsahibə verərək, Dağlıq Qarabağın Ermənistana verilməsi ilə əlaqədar Qorbaçovu razı saldığını bildirir.
Vaqif Abışov: “...ərazilərinin bir hissəsini Ermənistanın xeyrinə itirmiş oldu”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Vaqif Abışov bizimlə söhbətində başımıza gələn bəlaların çoxunun Bolşevik Rusiyası dövründə inkişaf etdiyini qeyd edir. Dağlıq Qarabağ probleminin meydana çıxmasına, ermənilərin Azərbaycan ərazilərinə qarşı iddialarla çıxış etməsinə həmin dövrdə daha çox şərait yaradılıb. “Düz 100 il bundan əvvəl - 1920-ci il aprel ayının 27-dən 28-nə keçən gecə sovet-rus qoşunları Şimali Azərbaycan torpağına hərbi təcavüz edərək onu işğal ediblər. Bu işğal nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti hökuməti süqut etdi. Onun yerinə rus süngüsü ilə Azərbaycan SSR adlı bir dövlət quruldu. Bu dövlətin mövcudluğu 1920-1991-ci illəri əhatə edir. Bax, bu illərdə Azərbaycan Qarabağ, Zəngəzur, Naxçıvan, Şərur-Dərələyəz və s. bölgələrindəki ərazilərinin bir hissəsini Ermənistanın xeyrinə itirmiş oldu. Ermənilərin xeyrinə Dağlıq Qarabağ muxtar vilayəti yaradıldı. Sonrakı mərhələdə isə nəinki Dağlıq Qarabağ, eləcə də Qarabağımızın digər əraziləri itirildi. Bax, budur aprel işğalının nəticəsi. Aprel işğalından 100 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş hadisəni unutmayacaq” - deyə tarixçi vurğuladı.
Faiq Ələkbərli: “Dağlıq Qarabağ kimi daha ciddi bir problem də Azərbaycanı işğal etmiş Bolşevik Rusiyası dövründə formalaşdı”
AMEA-nın Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli də həmkarının fikirlərini bölüşür. “Şübhəsiz ki, 28 aprel iyirminci əsrdə Azərbaycan xalqının tarixində ən qara günlərdən biridir. 28 aprel işğalı nəticəsində təkcə milli dövlətimiz süqut etmədi, eyni zamanda, Azərbaycan xalqına çox ağır zərbələr dəydi. Bu zərbələrdən biri də məhz torpaqlarımızın xeyli bir qisminin Ermənistan SSR-ə, bir qisminin Gürcüstana verilməsi, Rusiya ərazisinə daxil edilməsidir. 28 aprel işğalının bizə gətirdiyi ən böyük faciə torpaqlarımızın bizdən alınaraq haylara verilməsi məsələsi oldu. Üstəlik, Azərbaycanın Zəngəzurun böyük bir hissəsini itirməsi, Borçalı torpaqlarının Gürcüstan ərazisində, Dərbənd və digər ərazilərimizin Rusiya ərazisində qalması bir yana, Dağlıq Qarabağ kimi daha ciddi bir problem də Azərbaycanı işğal etmiş Bolşevik Rusiyası dövründə formalaşdı. Əlbəttə, ermənilərin 28 aprel işğalına qədər də, bildiyimiz kimi, Qarabağa iddiaları var idi. Ancaq Azərbaycan Xalq Cümhuriyyəti həmin dövrdə ermənilərin layiqli cavabını verərək onları yerində oturda bilmişdi. Ancaq aprel işğalından sonra vəziyyət xeyli dərəcədə dəyişməyə başladı. Birmənalı demək olar ki, xüsusilə Azərbaycan Xalq Cümhuriyyətinin Bolşevik Rusiyasının XI qırmızı ordusu tərəfindən işğal edilməsindən daha çox ermənilər və Ermənistan SSR yararlandı. Belə ki, 1920-ci ilin 29 noyabrında Ermənistan sovetləşəndən sonra onların Naxçıvan, Zəngəzur və Qarabağa olan iddiaları daha da gücləndi. Buna, ilk növbədə, 1920-ci il dekabrın 2-də RSFSR ilə Ermənistan SSR arasında bağlanmış müqavilə səbəb oldu. Həmin müqavilənin 3-cü maddəsində göstərilir ki, Rusiya-Sovet hökuməti Ermənistanın 1920-ci il oktyabrın 23-nə kimi “sahib olduğu” aşağıdakı ərazilərini, yəni İrəvan Quberniyasının, Qars vilayəti hissəsinin, Zəngəzur qəzasının, Qazax qəzası hissəsinin, Tiflis quberniyası hissəsinin Sovet erməni respublikasının tərkibinə daxil olduğunu mübahisəsiz təsdiq edir. Maraqlıdır, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin siyasi və təşkilat bürolarının 1920-ci il 30 noyabr tarixində birgə iclasında da təxminən buna uyğun qərar qəbul edilmişdi. Qərarda Zəngəzur, Qarabağın dağlıq hissəsi haqqında məsələyə də toxunulub və bəyannaməni elan etmək Nəriman Nərimanova tapşırılmışdı. 7 cildlik “Azərbaycan tarixi”nin 6-cı cildində bununla bağlı yazılır: “Nəriman Nərimanovun çıxışında da, 1920-ci il dekabrın 1-də Bakı Sovetinin iclasında onun elan etdiyi bəyannamədə də Naxçıvan haqqında məsələ qaldırılmayıb. Lakin ertəsi gün qəzetlərdə dərc olunmuş bəyannaməyə aşağıdakı fikirlər əlavə edilmişdi: “Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanının “ayrılmaz hissəsidir”. Nərimanovun imzası ilə dərc olunmuş bəyannamədən sonra ermənilər Zəngəzurun Ermənistana birləşdirilməsini sürətləndirdilər. Zəngəzurda Ermənistana bağlı Mehri rayonunun yaranması ilə Naxçıvan Azərbaycandan ayrı salındı”.
Yəni, gördüyümüz kimi, məncə, Nərimanovun əvvəlcədən xəbəri olmadan onun imzası altında bu sözlərin yazılması ilə bizim torpaqların bir hissəsinin itirilməsi baş verdi...” - deyə F.Ələkbərli vurğuladı.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.