Koronavirus pandemiyasının dünya iqtisadiyyatına vurduğu zərər hələ tam olaraq hesablanmayıb. Virusdan iqtisadi zədə alan dövlətlərin başı xəstəliklə mübarizəyə qarışdığı üçün bu istiqamətə hələ diqqət yönəltmirlər. Azərbaycan dövlətini isə başqa dövlətlərdən fəqrləndirən cəhətlərdən biri pandemiya ilə mübarizə ilə paralel olaraq, iqtisadiyyatın, sahibkarlığın inkişafına da diqqət yetirməsi oldu.
Dövlət səviyyəsində pandemiya dövründə sahibkarlıq subyektlərinə dəyən zərərin aradan qaldırılması üçün həyata keçirilən tədbirlər, qəbul edilən proqramlar vətəndaşların müsbət reaksiyasına səbəb olub.
Göyçay rayonunun Bığır kəndindən Məmmədov Elton Həmdulla oğlu Prezidentə məktubunda bu məqamı önə çəkir. “Siz Ulu Öndərimiz Heydər Əliyevin uğurlu siyasətini əzmlə, böyük iradə ilə davam etdirərək, müstəqil Azərbaycanımızı gücləndirirsiniz. Ölkəmizin gələcəyinə həssas yanaşmağınız sayəsində pandemiyanın Azərbaycanda geniş yayılmasının qarşısını almaq üçün vaxtında həyata keçirilən qabaqlayıcı tədbirlər artıq öz müsbət təsirini göstərməkdədir. Sizin siyasətinizin əsasında Azərbaycan xalqı və onun rifahı dayanır. “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Sərəncamınızdan irəli gələn vəzifələrin həlli məqsədilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə verilmiş qərar biz valideynlər tərəfindən çox yüksək qiymətləndirilir”.
E.Məmmədov məktubunda qeyd edir ki, Prezident İlham Əliyevin pandemiya ilə mübarizədə göstərdiyi fədakarlıq tarixə qızıl hərflərlə yazılacaq. O, həmçinin, vətəndaşların taleyi ilə yaxından maraqlandığına, insanlara qayğı göstərdiyinə və hər bir zaman olduğu kimi, yenə də vətəndaşlarımızın rifahı naminə qərarlar verdiyinə görə ölkə başçısına öz təşəkkürünü bildirir.
Xəbər xidməti