ABŞ-da yenidən Dağlıq Qarabağda olan separatçı rejimə maliyyə yardımı olunması məsələsi gündəmə gəlib. Erməni KİV-nin verdiyi məlumata görə, bu barədə xəbəri ABŞ-dakı erməni milli komitəsi verib. Bildirilir ki, “DQR”-ə yardımın edilməsi ilə bağlı tələb təşəbbüsünü irəli sürən Nümayəndələr Palatasının 75 üzvünə daha 30 senator da qoşulub. Onlar tələb edirlər ki, 2021-ci ildə “DQR”dəki ərazilərin minalardan təmizlənməsi və zəruri reabililitasiya üçün ABŞ hökuməti yardım paketinin həcmini artırmalıdır. Robert Menendes adlı senatorun yazdığı məktubda o, istənilən yardımın məbləğini 1,5 milyon həcmində göstərir. Senatorların bu tələbini nə dərəcədə qanuni saymaq olar?
Araşdırmalarımız göstərir ki, son aylarda erməni lobbi təşkilatları və bəzi ermənipərəst konqresmenlərin fəallığına baxmayaraq, ABŞ-dan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçılara maddi dəstək təmin etmək mümkün olmayıb. Hətta Donald Tramp administrasiyası Qarabağı minalardan təmizlənmə proqramı üçün maliyyə resursları ayırmağı dayandırmaq qərarına gəlib. Qeyd edək ki, ABŞ müstəqilliyini tanımadığı Qarabağa birbaşa maliyyə yardımı göstərən yeganə dövlət idi. Ermənistan Azərbaycanın inzibati ərazisi olan Dağlıq Qarabağda “90-cı illərin əvvəllərindən çoxlu sayda minalar qalıb, bu da yerli əhalinin həyatını və təhlükəsizliyini təhdid edir” bəhanəsi ilə 1998-ci ildən ümumilikdə yüz milyonllarla yardım əldə edib. Yardımın alınmasının ilkin illərində bu maliyyə Azərbaycanın inzibati ərazisi olan Dağlıq Qarabağda minadan təmizlənməyə sərf olunurdusa, 2003-cü ildən sonra bu maliyyə məhz DQ ətraf rayonlarında, xüsusilə Laçın və Kəlbəcər rayonlarında minadan təmizlənməyə sərf olundu. Ardınca isə minadan təmizlənmiş ərazilərə Suriyadan küçürülmüş erməni əhalisi qanunsuz olaraq yerləşdirildi. Bir sözlə, insanların təhlükəsizliyi üçün mühüm və zəruri humanitar təşəbbüs olan “Minalardan təmizlənmə proqramı“ işğalçı dövlətin işğal etdiyi ərazilərdə qanunsuz məskunlaşma siyasətinin həyata keçirilməsi üçün istifadə edilirdi. İnternet üzərindən apardığımız araşdırmalar göstərir ki, Azərbaycanın Dağlıq Qarabağ inzibati ərazisində minaların təmizlənməsi ilə Britaniyanın humanitar minatəmizləmə təşkilatı olan “HALO Trust” məşğul olub. 2017-ci ildə təşkilat Azərbaycanın Dağlıq Qarabağa aid inzibati ərazisinin 88 faizini minalardan təmizlədiyini bəyan etdi. Minaların təmizlənməsi proqramının əsas donoru ABŞ hökumət agentliyi USAİD-dir və proqram ABŞ Konqresinin Dağlıq Qarabağ separatçılarına hər il ayırdığı maddi yardımlar çərçivəsində həyata keçirilirdi. Qeyd edək ki, 1998-ci ildən etibarən ABŞ Konqresi Dağlıq Qarabağ ermənilərinə bu proqram çərçivəsində birbaşa yardım ayırır. Ən iri yardım - 12 milyon dollar 1998-ci ildə ayrılıb. Sonradan bu yardımların həcmi ildən-ilə azaldıldı, bu il isə dayandırıldı. Rəsmi Bakı daima öz ərazisində minalardan təmizlənmə adı ilə separatçılara vəsait ayrılmasına etirazını bildirib. Ən sonuncu məqamlarda bu maliyyələşməni erməni fondları və ABŞ Konqresi edib. ABŞ administrasiyasının işğal altındakı Qarabağ ərazisində minaların təmizlənməsi üzrə dəstəyini dayandırması ABŞ-dakı erməni lobbisini ciddi narahat edir. Bu səbəbdən də belə geniş kampanyaya start veriblər. Məlumdur ki, həm Konqresdə, həm də Senatda birbaşa ABŞ-dakı erməni lobbisinin təsiri altında olan nümayəndələr var. Onların bu canfəşanlığı heç də maliyyənin ayrılacağı anlamına gəlmir. Çünki bu layihənin həyata keçməsi ABŞ-ın dolayı yolla separatçılara maliyyə yardımı etməsi anlamına gəlir ki, bu da həmsədr ölkə olaraq rəsmi Vaşinqtonun neytrallığını şübhə altına salır. Azərbaycanın bütün vasitələrlə bu təşəbbüslərə etiraz etməsi lazımdır. Bizim ərazimizdə hər hansı layihənin həyata keçirilməsi yalnız Azərbaycan dövlətinin icazəsi ilə baş tuta bilər.
Məhəmmədəli QƏRİBLİ