Azərbaycan dövlətinin yeni növ koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, habelə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, həssas qrupa aid insanların maddi rifah halının inkişaf etdirilməsi naminə gördüyü işlər regionlarda da təqdir edilir.
"Tərəqqi" medallı Nadir Əliyev və Azim Kərimov Beyləqan rayonundan dövlət başçısına yazdıqları məktubda görülən bütün işlərə görə Beyləqan Meliorasiya İdarəsinin kollektivi adından Prezident İlham Əliyevə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürlərini bildirirlər. “Dünyanı bürümüş koronavirus pandemiyasının respublikamızda qarşısının alınması istiqamətində gördüyünüz bütün tədbirlər bir daha sübut etdi ki, hər zaman olduğu kimi, Azərbaycan Prezidenti öz xalqının yanındadır. Əminik ki, bu birlik bizə belə ağır sınaqdan qələbə ilə çıxmağa imkan verəcək. Rəhbərliyinizlə vaxtında görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində hazırda respublikamızda koronavirus pandemiyasına qarşı səmərəli mübarizə aparılır. Koronavirusa qarşı mübarizə tədbirləri ilə bağlı imzaladığınız sərəncamlar, açılan yeni xəstəxanalar, yeni müəssisələr göstərir ki, Azərbaycan bu çətin sınaqdan alnıaçıq çıxacaq. Dövlətimiz bu gün də öz vətəndaşlarının sağlamlığını qorumaq və pandemiyanın yayılmasının qarşısını almaq üçün səylərini davam etdirir. Xalqımızın bu bəladan minimum zərərlə xilas olacağına əminliklə inanırıq” - deyə məktub müəllifləri qeyd edirlər.
Xəbər xidməti