Prezident İlham Əliyevin rəhbərliyilə pandemiya dövründə ölkəmizdə həyata keçirilən tədbirlər və görülən işlərin müsbət nəticələri cəmiyyətin müxtəlif təbəqələri, o cümlədən də şəhid və Milli Qəhrəman ailələri tərəfindən təqdir edilir.
Milli Qəhrəman atası, Qubadlı rayonundan məcburi köçkün Həmidov Nəriman Şükür oğlu Prezidentə bu barədə yazır: “Siz polad biləkli, geniş ürəkli, uzaqgörən bir sərkərdəsiniz. Bunu Sizin yüksək siyasi bacarığınız, həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər sübut edir. Məhz bu tədbirlər xalqımızı acı nəticələrdən qorudu. Sərhədlərin vaxtında bağlanması, lazımi tibbi avadanlıqların ölkəyə gətirilməsi, yeni açılan xəstəxananın xəstələrin istifadəsinə verilməsi az itki ilə vəziyyətdən çıxmağımıza xidmət etdi.
Xaricdə olan vətəndaşlarımızın ölkəyə gətirilməsi, tənha və aztəminatlı insanlara ayrılan diqqət Sizin hər bir azərbaycanlının Prezidenti olmağınızı sübut edir.
Çıxışlarınızı izləyirəm. Xalqımız Sizin və Mehriban xanımın açdığı yolla irəlilədikcə, xalqla dövlət arasında birlik də möhkəmlənir. 2018-ci ildə dekabrın 24-də Sizinlə görüş zamanı sadə, mehriban, qayğıkeş münasibətinizi xatırlayıram. Bu qayğını indi də çıxışlarınızda, çağırışlarınızda hiss edirik” - deyə bildirən Milli Qəhrəman gördüyü bütün tədbirlərə, işlərə görə ölkə başçısına minnətdarlıq edir, özünə və ailəsinə xoş arzularını çatdırır.
Xəbər xidməti