Pandemiya əleyhinə görülən mübarizə tədbirlərinin, genişmiqyaslı işlərin ölkənin təhsil ictimaiyyətinin də müsbət reaksiyasına səbəb olduğu məlumdur.
Ağsu rayonunun Bico kəndindən Prezidentə məktub yazan Əməkdar müəllim Yaşar Qarayev bildirir ki, görülən bütün işlər Ağsu ictimaiyyəti tərəfindən müsbət qarşılanır: “Bütün xalqımız kimi, Ağsu rayonunun Bico kəndinin sakinləri də Sizin xalqımızın uğurlu sabahına, xoşbəxt gələcəyinə hesablanmış daxili və xarici siyasətinizi ürəkdən bəyənir, Sizə minnətdarlıqlarını bildirirlər.
Bu gün Ulu Öndərimizin ruhu ona görə şaddır ki, Siz onun mənsub olduğu, sevdiyi xalqa ləyaqətlə xidmət edirsiniz. Buna görə xalqımız Sizi mərd atanın mərd oğlu kimi tanıyır.
Əziz Prezidentimiz, gördüyünüz işlər o qədər əzəmətli və böyükdür ki, onlar dünyanın hər yerindən görünür. Son illər kəndimizdə də çox böyük işlər görülüb. Məktəb və xəstəxana binaları istifadəyə verilib, evlərimizə qaz və su xətləri çəkilib, kəndarası yollar asfaltlanıb.
Bu qayğılı günlərdə də aztəminatlı, həssas təbəqəyə hər cür qayğı göstərilir. Bütün işlərinizə görə kənd sakinləri adından Sizə “Çox sağ olun!” deyir, hörmət və ehtiramımızı bildiririk” - deyə qeyd edən Əməkdar müəllim pandemiyanın tezliklə ölkəmizdən çəkilib gedəcəyinə inandığını da ifadə edib.
İradə SARIYEVA