Son dövrlərdə postsovet məkanında Ermənistanın ciddi problem yaşadığı ölkələrdən biri qismində Ukraynanın çıxış etməsi müşahidə olunur. Məsələnin maraqlı tərəflərindən biri də odur ki, baş verənlərə görə İrəvanda Ankara və Bakını günahkar çıxarmağa çalışırlar. Burada hesab edilir ki, Ukrayna Azərbaycan və Türkiyə ilə əməkdaşlığı dərinləşdirməyə çalışdığı üçün Ermənistanı arxa plana atıb onun mövqeyinə qarşı siyasət aparır.
Xatırladaq ki, məsələ ətrafında erməni isterikası 24 apreldə qondarma “erməni soyqırımı” məsələsi fonunda özünü qabarıq büruzə verdi. Belə ki, Kiyevdə bu qondarma məsələ ilə bağlı obyektiv bir mövqe sərgiləndi. Burada qeyd etmək yerinə düşərdi ki, hələ ötən ay hakim “Xalqın xidmətçisi” partiyasının deputatı, Ali Radanın Ukrayna-Ermənistan dostluq qrupunun sədr müavini Darya Volodina qanunverici orqana “erməni soyqırımı qurbanlarının anılması” ilə bağlı qanun layihəsi təqdim etdi, lakin layihə geri qaytarıldı. Martın 26-da isə Ukrayna xarici işlər nazirinin müavini Vasili Bodnar vəzifəli şəxslərə məktub ünvanlayaraq, “erməni soyqırımı” ifadəsini işlətməkdən imtina etməyə dəvət etdi. Bodnar məktubunda qeyd edirdi ki, Ukrayna rəsmi şəkildə bu qondarma “soyqırımı” tanımır. O bu xüsusda bildirirdi:“Ermənistan Rusiyanın nüfuz dairəsindədir və beynəlxalq təşkilatlarda Ukrayna üçün əhəmiyyətli qətnamələrin əleyhinə səs verir. “Erməni soyqırımı” məsələsi Ukraynanın strateji tərəfdaşı olan Türkiyə üçün həssas mövzudur və bu məsələni yalnız tarixçilər həll etməlidir”. Məhz bütün bunlar Ermənistanda ciddi narahatlıq yaratdı. Eyni zamanda etiraf edildi ki, artıq Ukrayna erməni diasporunun güclü olduğu ölkə deyil. Bundan sonra Ermənistanda “Ukraynaya ölüm” tipli çağırışlar eşidilməyə başlandı. Artik şəhərinin iqtisadi inkişaf üzrə vitse-meri Boris Avakyan “Krımı Rusiyanın suveren ərazisi kimi tanıyaq” çağırışı etdi və bunun üçün parlamentin xarici əlaqələr üzrə daimi komissiyasına, eləcə də xarici işlər naziri Zöhrab Mnatsakanyana müraciət ünvanladı. Ermənistan mediası isə Ukraynanı Azərbaycan mövqelərini müdafiə etməkdə, pantürkçülükdə ittiham edir. Burada xatırladaq ki, Bakının Kiyevdə erməni diasporunu sıxışdırması prosesi son iki ildə xüsusilə hiss olunur. Azərbaycan iki ölkə arasındakı əlaqələrin inkişafı, investisiyaların yatırılması, Ukraynanın enerji də daxil olmaqla müxtəlif sektorlarında bazara hakim olmaq, uzun müddət bu ölkədə yaşayan nüfuzlu azərbaycanlıların önə çəkilməsi və digər addımlarla ermənilərin mövqeyini əhəmiyyətli dərəcədə zəiflədib. Bu vəziyyətdə ermənilərin daha bir qorxusu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili amili ilə bağlıdır. Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski Mixail Saakaşviliyə Baş nazirin islahatlar üzrə müavini postunu təklif edib. Ermənilər bildirir ki, Saakaşvilinin gəlişi Ukrayna hakimiyyətində təsir imkanlarını son beş ildə həddən artıq genişləndirmiş Arsen Avakovun sıradan çıxmasına səbəb olacaq. Xatırladaq ki, keçmiş prezident Pyotr Poroşenkonun dönəmindən Saakaşvili ilə erməni əsilli Arsen Avakov arasında ziddiyyət yaşanır. Erməni mediası yazır ki, Azərbaycan da Saakaşviliyə tam dəstək verir. Ermənilər indi Ukraynada baş verənləri Türkiyə-Azərbaycan-Ukrayna əməkdaşlığının bəhrəsi adlandırırlar. İrəvanlı politoloqlar düşünürlər ki, türklərin və azərbaycanlıların apardığı təbliğat sayəsində ukraynalılar onlarla yola getmir. Belə vəziyyətdə ermənilər Ukrayna dövlətinin daxili işinə qarışmağı düşünürlər. Bunun üçün Ermənistan hökumətinə və Ukraynadakı erməni diasporuna müraciət ünvanlayaraq hərəkətə keçməyə təhrik edirlər. Erməni ekspert Qraçya Qalustyan bu xüsusda bildirir:"Aydındır ki, vəziyyət ölkəmizin rəhbərliyinin şəxsi müdaxiləsini tələb edir. Xalça üzərinə Ukraynanın Ermənistandakı səfirini çağırmağın vaxtı gəlib. Ona izah edilməlidir ki, karantin öz yerində, amma bütün bu proses dayanmasa, Kiyevə qayıtmalı olacaq. Həm də ölkəmizin xarici işlər naziri çoxdan ukraynalı həmkarına zəng etməli idi. Əlbəttə ki, Zelenskiyə Nikol Paşinyan zəng vurmalı idi. Daha indi də olmasa, başqa nə vaxt zəng edilməlidir?!". Qalustyan deyir ki, ölkəsinin rəhbərliyi, Ukraynadakı nüfuzlu erməni diasporu Arsen Avakovu müdafiə etməyə borcludur:"Xalqımızın və ölkəmizin öz milli və dövlət maraqları var. Onları Vladimir Zelenski və onun "xidmətçilərinə" xatırlatmağın vaxtı çatıb. Bu işdə gecikmək olmaz. Çünki Türkiyə və Azərbaycan artıq Ukraynanın bütün bölgələrində antierməni təbliğatını aparmaq üçün bütün gücləri ilə işləyirlər".
Aprelin 30-da Saakaşvilinin baş nazirin müavini postuna təıyin edilib-edilmədiyi məlum olacaq. Ermənilər bu günü təşviş və həyəcanla gözləyirlər. Çox güman ki, Saakaşvili istəyinə çatacaq və bundan sonra mafioz Arsen Avakovun işləri xeyli çətinləşəcək. Hələ onun nazir vəzifəsində qalması da şübhəlidir. Ermənilər bu fonda yorulmadan iddia edirlər ki, Azərbaycan Saakaşviliyə dəstək verməklə yanaşı, Ukrayna üzərində təsirini də artırır. Ali Radanın deputatı Maryan Zabolotski də bildirir ki, Azərbaycan Ukraynadan dəstəyini əsirgəmir:“Hakimiyyət nümayəndələri ilə görüşdə prezident Zelenski dedi ki, Azərbaycan və Kanada ölkəyə kredit yardımı ayırmağa razılıq verən dövlətlərdir. Bakı 300 milyon dollar kredit verməyə razıdır. Bu məbləğ Azərbaycan üçün elə də böyük vəsait deyil. Bizə bu çətin dövrdə uzadılan hər yardım əli çox dəyərlidir”. Hesab edilir ki, bu çətin dövrdə Ukraynaya kreditin ayrılması Azərbaycanın uzunmüddətli strategiyasının tərkib hissəsidir və indiyə qədər uğurlu nəticə verən bu addımların gətirdiyi siyasi dividendlərin davamı olacaq.
Nahid SALAYEV