Koronavirusla ağır mübarizə şəraitində xalqımızın Prezidentin çağırışlarına cavab olaraq milli həmrəylik və birlik məsələsində ortaya yüksək nəticələr qoymağı bacarması dövlət-vətəndaş birliyinin ən bariz nümunələrindəndir.
Balakən rayonundan Prezidentə məktub yazan səhiyyə işçisi Günel Xəlilova Prezidentin rəhbərliyilə ölkəmizdə həyata keçirilən işləri, tədbirləri təqdir etdiyini vurğulayır. “COVID-19 pandemiyasına qarşı aparılan bu ümumxalq mübarizəsində xalqımızın sağlamlığını ən vacib amil hesab etməyiniz biz səhiyyə işçilərini sevindirir. Bu çətin və böhranlı günlərdə Azərbaycan xalqının həmrəyliyi bizi çox qürurlandırır. Dövlətimizin həyata keçirdiyi tədbirlər sayəsində insanlarımızın sağlamlığının qorunması üçün hər cür lazımi şərait yaradılır. Balakən RMX-sı artıq 1 aydır zona üzrə pandemiya xəstəxanası kimi fəaliyyət göstərir. Hazırda COVID-19 infeksiyasına yoluxmuş xəstələrin müayinə və müalicəsi, həmçinin, bizim xəstəxanamızda da davam etdirirlir. Sevindirici haldır ki, sağalaraq evə yazılan xəstələrimiz də az deyil”.
Pandemiya xəstələrinin müalicə olunduğu xəstəxananın əməkdaşı qeyd edir ki, istər bu xəstəxanada işləyən tibb personalı, istərsə də xəstələr üçün hər cür şərait yaradılıb və müəssisə lazımi avadanlıqlarla təchiz olunub. “Sizin bu çətin və ağır vəziyyətdə Azərbaycanın səhiyyə işçilərinə göstərdiyiniz dəstək və qayğı sayəsində biz tibb işçiləri əzmlə, yorulmadan çalışırıq və bu çətin sınaqdan uğurla çıxacağımıza inanırıq. Ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizənin çox yüksək səviyyədə təşkil edilməsinə görə kollektivimiz və bütün balakənlilər adından Sizə dərin təşəkkürümüzü bildiririk” - deyə G.Xəlilova Prezidentə yazdığı məktubda vurğulayır.