Erməni mediası yazır ki, 24 apreldə qondarma “soyqırımı” tanıyan və tanımayan ölkələrin liderləri, parlamentləri, siyasi xadimləri, beynəlxalq təşkilatlar, bu ölkəyə dost olanlar, dost olmayanlar Ermənistan və ermənilərə mesaj göndərdilər. Tək Rusiyadan başqa. Qeyd edilir ki, yalnız Rusiyada zalım sükut hökm sürdü. Bununla əlaqədar Rusiya tənqid olunur və hətta ötən əsrin 20-ci illərində bu ölkənin ermənilərə qarşı “soyqırım” törətdiyi qeyd edilir.
Bildirilir ki, Rusiya Dövlət Duması 14 aprel 1995-ci ildə qondarma “erməni soyqırımı”nı tanısa da, ondan sonra gərəkən addımlar atılmayıb. Yəni qondarma “genosid” dərsliklərə salınmadı və sair.
Daha sonra iddia edilib ki, 1921-1923-cü illərdə rus-türk birlikləri ermənilərə qarşı “genosid” həyata keçiriblər: “Ermənistan türk və rus qoşunları tərəfindən işğal edildi, türk ordusu rusların dəvətilə və onların iştirakı ilə ermənilərin soyqırımını davam etdirdi. 300 min erməni öldürdü. Sağ qalan ermənilər Rusiyanın dərinliklərinə qaçdılar. 500 min erməni deportasiya edildi”.
Erməni mediası bütün bunlardan çıxış edərək o qənaətə gəlir ki, ötən əsrin 20-ci illərində Rusiya onları “genosidə” məruz qoyduğu üçün 24 apreli sükutla izləyir. Susqunluğu həm də bununla əlaqələndirməyə çalışırlar.
“Paşinyan hakimiyyətə gələndən sonra ona yaxın olan mətbuat davamlı olaraq anti-Rusiya kampaniyası aparır”
Məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən siyasi ekspert Ramil Hüseynovun sözlərinə görə, Rusiyanın bu dəfə 24 aprellə bağlı heç bir açıqlama verməməsi iki ölkə münasibətlərinin gərgin olması ilə bağlıdır: “Rusiya-Ermənistan münasibətləri gərgindir. Münasibətlərin gərgin olması özünü bir sıra məsələlərdə göstərir. Məsələ ondadır ki, Paşinyan hakimiyyətinin yürütdüyü siyasət Kremli qane etmir. Ona görə də Kreml Ermənistana yönəlik hansısa iqtisadi güzəştlərə getmir. Qazın qiymətinin aşağı salınmaması buna əyani sübutdur. Bununla yanaşı, Putinin dostu sabiq prezident Robert Köçəryanın hələ də həbsdə saxlanması Moskvanı qıcıqlandırır. Paşinyan hakimiyyətə gələndən sonra ona yaxın olan mətbuat davamlı olaraq anti-Rusiya kampaniyası aparır. Rusiyanı bir sıra məsələlərdə kəskin ittiham edirlər. Hətta Rusiya telekanallarının ölkədə maneəsiz yayımının məhdudlaşdırılması belə gündəmə gəlib. Ermənistanın var olmasında Rusiyanın müstəsna xidmətlərinə baxmayaraq, erməni mediası bu ölkəni onlara qarşı “soyqırım” törətməkdə ittiham edir. Bu, erməni xislətindən doğan xəyanətdir. Ermənilər hesab edirlər ki, biz lazım olanı Rusiyadan almışıq. O üzdən, indi Rusiyaya arxa çevirib iqtisadi inkişafı Qərblə yaxınlaşmaqda görürlər. Rusiya da Paşinyan hakimiyyətinin bu siyasi gedişlərinin fərqində olduğu üçün Ermənistana güzəştə getmir. O cümlədən, qondarma “erməni soyqırımı” məsələsində onların maraqlarına uyğun açıqlamalarla çıxış etmirlər”.
Vidadi ORDAHALLI