Bu gün Azərbaycanda vətəndaş məmnunluğuna səbəb olan pandemiya ilə mübarizə tədbirləri, eləcə də əhalinin sosial rifah halının yüksəldilməsi ilə bağlı həyata keçirilən proqramlar öz əhəmiyyətinə görə diqqəti cəlb edir.
Bütün yaş kateqoriyalarına aid insanlar, o cümlədən də yaşlı nəslin nümayəndələri Prezidentə göndərdikləri məktublarda bu məsələnin önəmini xüsusi qeyd edirlər.
Bərdədən Bərdə Rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov qeyd edir ki, koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması üçün Prezidentin rəhbərliyilə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən operativ və qabaqlayıcı tədbirlər nəticəsində bu xəstəliyin ölkəmizdə geniş yayılmasının qarşısının alınmasında uğurlu nəticələrə nail olunub. “...Bu da dünyanın ən inkişaf etmiş ölkələri üçün nümunədir. Bu xəstəliyin yayılması ilə əlaqədar bütün ölkələrin, o cümlədən, dövlətimizin də maliyyə itkilərinə məruz qalmasına baxmayaraq, hər zaman olduğu kimi, bu ağır günlərdə də Sizin Azərbaycan vətəndaşlarına, Azərbaycan sahibkarlarına göstərdiyiniz diqqət və qayğı bir daha təsdiqlədi ki, əsas məramınız yalnız Azərbaycan dövlətinin və onun vətəndaşının mənafeyidir” - deyə qeyd edən ağsaqqal Prezident İlham Əliyevin Heydər Əliyevin layiqli davamçısı olmasını vurğulamaqla, bütün Bərdə ağsaqqalları adından ölkə başçısına minnətdarlığını bildirir.