Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranan yeni vəziyyət işğalçı Ermənistanın mövqeyinin artıq əhəmiyyətli dərəcədə sarsıldığını, onun tam təklənmiş vəziyyətə düşdüyünü göstərir. Elə Ermənistanın özündə də hesab edirlər ki, indiyə qədər əsas hamisi olan Rusiya İrəvanın arxasından çəkilərək onu güclü Azərbaycanla təkbətək qoyub.
Hər şey Rusiya xarici işlər naziri Sergey Lavrovun münaqişənin mərhələli həllinə dair verdiyi son açıqlamadan başlanıb. Xatırladaq ki, Lavrov keçən il Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə təklif olunan Qarabağ tənzimlənməsi ilə bağlı təkliflərinin fəal şəkildə müzakirə olunduğunu, onların imzalanmasının BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi baxımından əhəmiyyətli bir addım olacağını bildirib. O qeyd edib ki, bu sənədlər birinci mərhələdə daha aktual məsələləri, Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad edilməsi və nəqliyyat, iqtisadi və digər kommunikasiyaların açılması ilə mərhələli yanaşma əsasında bir həll yolunu nəzərdə tutur. Beləliklə, artıq bir ildir ki, danışıqlar masasında konkret təkliflər müzakirə olunur. İndiyə qədər Ermənistan hakimiyyəti müxtəlif məqamlarda konkret təkliflərin olmadığını bildirsə də, Rusiyanın ATƏT-in Minsk Qrupundakı nümayəndəsi, uzun müddət Dağlıq Qarabağ sülh prosesində iştirak edən peşəkar diplomat Lavrov təkliflərin olduğunu, üstəlik bəzi təfərrüatları açıq şəkildə ictimaiyyətə açıqlayıb.
Burada xatırlatmaq yerinə düşərdi ki, 2019-cu ilin 15 aprel tarixində Moskvada Ermənistan, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü baş tutub. O vaxt Moskva danışıqları qapalı keçirildi. Sadəcə, verilən rəsmi açıqlamada bildirildi ki, Rusiya tərəfinin təşəbbüsü ilə baş tutan xarici işlər nazirlərinin görüşü zamanı sərhəddəki və təmas xəttindəki cari vəziyyət müzakirə edilib. Humanitar sahədə əməkdaşlığın qurulması perspektivləri də müzakirə olunub. Sazişin fundamental problemləri barədə də fikir mübadiləsi aparılmışdı. Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin siyasi və diplomatik yollarla həlli istiqamətində səylərini davam etdirməyə qərarlı olduqlarını bir daha təsdiqləmişdilər. İndi isə Lavrovun açıqlamalarından bəlli olur ki, o vaxt Moskvada tərəflər mərhələli həll planını da müzakirə ediblər.
Bu durumda erməni siyasi analitik Karen Bekaryan bildirir ki, İrəvanın dediklərindən asılı olmayaraq, faktiki Qarabağ münaqişəsinin mərhələli həlli aktiv müzakirə predmetidir:“Danışıqlar var və bu danışıqlar bir ildən artıqdır davam edir. Yəni barəsində Ermənistan səlahiyyətliləri tərəfindən danışılan, “Danışmırıq, məsləhətləşirik, ümumiyyətlə biz sənəd əziyyətinə çatmamışıq, sənəd yoxdur” və sair kimi bütün iddialar bu bəyanata uyğun gəlmir”. Analitikin sözlərinə görə, həm “mərhələli variant”, həm “paket variantı”, həm də “ümumi dövlət” paketi tamamilə açıqlanıb:“Lavrovun bəyanatını təhlil edəndə 1995-1997-ci illəri geri qaytardığımızı görürük”. Rusiyalı siyasi və təhlükəsizlik məsələləri üzrə analitik Qriqori Trofimçuk isə bildirir ki, indiki halda İrəvan danışıqları pozmağa çalışsa, onu hərblə başa salmaq lazım gələcək:“Sergey Lavrovun həll formatı ilə bağlı qeyd etdiyi tezisdə hər hansı sensasiya yoxdur və olmayıb, çünki mərhələli variant 25 il ərzində müzakirə olunub, məqsədə doğru hərəkət etmək üçün mərhələli yol haqqında danışıq hər zaman olub”. Trofimçuk bildirib ki, rus tərəfi, hər zaman olduğu kimi, bütün lazımi sənədlərin çoxdandır masada olduğu barədə qeyd edib:“Rusiya tərəfi dəfələrlə danışıqlar masasında bu sənədlərin olduğunu qeyd edib. Ancaq indiki dövrün problemi ondadır ki, hakimiyyətə gələn Nikol Paşinyan danışıqlar prosesinin bütün tarixinin, o cümlədən mərhələli prosesin üzərindən xətt çəkib, guya öz baxışlarını təklif etdi. Paşinyan bunu etməklə, sadəcə Bakını müharibəyə sürükləyir. Artıq hamıya məlum oldu ki, baş nazir Paşinyanın rəhbərliyi altında danışıqlar prosesini uğurla inkişaf etdirmək mümkün olmayacaq. Bu da, təəssüf ki, müharibənin başlama ehtimalını getdikcə artırır ”. Trofimçuk qeyd edib ki, Paşinyan danışıqlarda əsas qeyri-sabitlik yaradan amildir: "O, hadisələrin normal axarına nail olmağa imkan verməyən əsas dağıdıcı amildir. Ermənilərin gözü qarşısında Paşinyanın günahı budur ki, məhz onun ucbatından Rusiya-Azərbaycan münasibətləri həqiqətən də strateji xarakter aldı və Ermənistan-Rusiya münasibətləri getdikcə daha da pisləşdi. Gec-tez Paşinyan hər şeyə, o cümlədən Qarabağdakı ab-havaya görə cavab verməli olacaq. Əminəm ki, bunu onun özü də çox yaxşı başa düşür. 2016-cı ilin aprel döyüşləri zamanı Sarkisyan hakimiyyətdə idi və Moskva-İrəvan münasibətləri də indikindən qat-qat yaxşı idi. Buna görə də döyüşlər bu qədər tez dayandı. Ancaq Rusiyanın hazırkı durumda, artıq Paşinyanın rəhbərliyi altında olan Ermənistana qarşı oxşar vəziyyətdə necə davranacağını təxmin etmək olar". Ekspert açıq şəkildə qeyd edir ki, bu dəfə savaş başlasa, Moskva prosesə müdaxilə etməyəcək.
Rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Daria Qrevtsova hesab edir ki, belə vəziyyətdə qısa müddətdə zəbt edilmiş əraziləri geri qaytarmaq Azərbaycan üçün çətin olmayacaq. O, yeni savaşın günahkarının da məhz Ermənistan olduğunu vurğulayır:“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 2019-cu ilin aprelində müəyyənləşdirilmiş və bütün tərəflərin imzaladığı prinsiplərin həyata keçirilməsinin mümkün olmaması barədə Ermənistan xarici işlər nazirinin bəyanatı yalnız və yalnız Ermənistan tərəfinin qeyri-adekvatlığına dəlalət edir. Artıq imzalanıbsa, yerinə yetirməmək olmaz. Qabaqcadan əldə edilən razılaşmanı pozmaq diplomatiyadan uzaq davranışdır. Görünür, erməni siyasətçilərin populist şüarçılığı xalqın iqtisadi rifahından daha əhəmiyyətli olub. Sözügedən prinsiplərə görə, Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların boşaldılması müqabilində Ermənistan iqtisadi blokadadan qurtulacaq. Bu da iqtisadiyyatının bərbad kökdə olduğunu gözəl bildiyimiz bu ölkə üçün çox mühümdür. Amma hökumət başqa yol tutub. Burada bəzi məqamlar var. Birincisi, Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiya üçün əhəmiyyətlidir. Rusiyanın Xarici İşlər Nazirliyi, həmçinin nazir Sergey Lavrov bu münaqişənin həllində maraqlı olsalar da, Ermənistan tərəfinin mövqeyi prosesi yubadır. İkincisi, bu kimi açıqlamalar heç də həmişə ciddi qəbul olunmamalıdır. Ermənistan xarici işlər nazirinin məlum açıqlamasından az sonra tamam başqa məzmunlu açıqlamaların veriləcəyi istisna deyil. Məsələ burasındadır ki, baş nazir Nikol Paşinyan Dağlıq Qarabağda təşkil edilən qondarma “seçkilər”dən sonra orada öz adamlarını iş başına gətirdiyinə görə Azərbaycanla razılığa gəlmək istəyini elə Qarabağ ermənilərinin mövqeyi kimi qələmə vermək imkanı qazanıb. Yəni Nikol Paşinyan özü belə təşəbbüs irəli sürərsə, radikallar tərəfindən hakimiyyətdən devrilə, hətta öldürülə biləcəyindən qorxduğu üçün bunun məsuliyyətini ac-yalavac Qarabağ ermənilərinin üzərinə yıxmağa çalışır. Beləliklə, ola bilsin, Paşinyan Qarabağ erməniləri tərəfindən iqtisadi blokadanın qaldırılması, iqtisadi dirçəliş istədikləri barədə səs çıxmasını gözləyəcək, sonra isə Dağlıq Qarabağ ətrafındakı rayonlara dair güzəştlərdən söhbət açmaq məqamı yetişəcək”. Ermənistanın belə bir səmərəsiz mövqeyi ucbatından ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən təzyiqlərə məruz qalıb-qalmayacağı barədə suala cavab verən politoloq bildirib: “ATƏT-in Minsk Qrupu üzvləri tərəfindən İrəvana təzyiq göstərilə bilər. Çünki Ermənistanın bu münaqişənin mərhələli həllindən boyun qaçırması üzündən müharibə ehtimalının gerçəkləşə biləcəyini hamı dərk edir. Hər hansı münaqişənin dinc yolla həllində irəliləyiş yoxdursa, yeni müharibə ehtimalı ortaya çıxır. Ermənistanın bu müqaviməti Moskvanı əsəbiləşdirdiyinə görə daha güclü təzyiq gözləmək olar. Üstəlik, Rusiya hökuməti Nikol Paşinyanı ABŞ-ın adamı hesab edərək ona etimad etmir. Bütün bunlar Azərbaycanı Minsk Qrupu həmsədrlərinin də, bütövlükdə dünya birliyinin də nəzərində daha güclü mövqeyə gətirir”.
Erməni mediası yazır ki, əslində Rusiya İrəvana qarşı təzyiq alətlərini artıq işə salıb. Ermənistanın “Qraparak” nəşri qeyd edir ki, Qarabağ münaqişəsinin mərhələli həlli versiyasını elan etməkdən başqa, Sergey Lavrov həm də qazın qiyməti və Rusiya şirkətlərinə qarşı cinayət işlərinin dayandırılması barədə danışıb. Qəzet yazır ki, bir çox erməni ekspertlərin fikrincə, Lavrov şantaj dilində danışmağa başlayıb. Belə ki, Lavrov aşıqlamasında aşağıdakıları da qeyd edib: “Əgər tərəfdaşlıqdan söhbət gedirsə, deməli, bu bütün sahələrdə özünü göstərməlidir. İqtisadiyyatdan bəhs etsək, son illərdə ortaq müəssisələrə, o cümlədən “Cənubi Qafqaz Dəmir Yoluna” qarşı qaldırılan cinayət işlərinin strateji müttəfiqlərə uyğun olmayan şeyləri tətbiq etmək cəhdləri olmadan həll olunacağına böyük ümidlərimiz var. Mən bu barədə çox səmimi danışıram, çünki Rusiya şirkətlərinin qarışdığı bir neçə çətin vəziyyət yaranıb”. “Qraparak” bu fonda yazır: “Rusiya xarici işlər nazirinin şantaj dilində danışmasının yetərli olmadığı, hələ üstəlik də Ermənistan-Rusiya ortaq müəssisəsi olmayan, ancaq Rusiyanın törəmə şirkətinə idarəetmə səlahiyyəti olaraq təhvil verilən Ermənistan Dəmir Yolunu “müştərək” adlandırdığını qeyd edə bilərik. Bundan əlavə, cənab Lavrov bütün bu məsələlərin hər iki tərəfin razı qalacağı şəkildə həll olunacağına ümid edir. Bu isə o deməkdir ki, Rusiya şantaş və təzyiqə başlayıb. İndiki halda bu, Azərbaycan üçün məqbul situasiyadır”.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.