Məlum olduğu kimi, pandemiya ilə mübarizə dövründə iqtisadiyyata, sahibkarlığa kömək məqsədilə həyata keçirilən dövlət dəstəyi proqramları ölkə sahibkarları, şirkət rəhbərləri tərəfindən müsbət qarşılanıb. Dövlət dəstəyi proqramlarından kifayət qədər sahibkar faydalanıb. Bütövlükdə, pandemiya dövründə sahibkarlara dəstək üçün ayrılan vəsaitin həcminə görə Azərbaycan liderdir.
Dövlət dəstəyi proqramı çərçivəsində ayrılan vəsaitdən faydalanan şirkətlərdən biri olan, Bakıda fəaliyyət göstərən “Prometal" MMC şirkətinin direktoru Vüqar Əsədov Prezidentə müraciətində həm bu məsələdən, həm də pandemiya ilə mübarizədə dövlətin verdiyi mücadilələrdən danışır. “Koronavirus pandemiyasının dünyada yaratdığı makroiqtisadi problemlər və bu problemlərin dünya ölkələrinin iqtisadiyyatında və digər sahələrdə səbəb olduğu mənfi təsirlər hamıya məlumdur. Lakin bu çətin durumda Sizin xalqın önündə gedərək, daim onunla birlikdə olmağınız, ölkəmizdə maddi yardıma ehtiyacı olan hər bir vətəndaşı nəzərə almaqla iri şirkətlərin də bu mənfi təsirlərdən ziyansız ötüşməsi istiqamətində addımlar atmağınız bizdə dövlətimizin və xalqımızın bu çətin vəziyyətdən üzüağ çıxacağına inamı daha da artırıb. Sizin "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" 2020-ci il 19 mart tarixli Sərəncamınız və həmin sərəncamın icrası ilə bağlı Tədbirlər Planı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli Qərarı ölkəmizin bütün iş adamları və sahibkarlarının rəğbətinə səbəb oldu”.
V.Əsədov koronavirus pandemiyasından zərərçəkmiş sahibkarlara, o cümlədən, "Prometal" MMC-yə göstərdiyi maddi və mənəvi dəstəyə görə rəhbərlik etdiyi MMC-nin kollektivi adından ölkə başçısına təşəkkürünü bildirir.