Prezident İlham Əliyevin rəhbərliyilə pandemiya dövründə həyata keçirilən təhlükəsizlik tədbirlərinin doğurduğu uğurlu nəticələr vətəndaşlar tərəfindən təqdir edilir. Xüsusən də koronavirus infeksiyasının ölkəmizdə ağır fəsadlara səbəb olmaması üçün dövlətin gördüyü səmərəli işləri Prezidentə yazdıqları məktublarda vətəndaşlar xüsusilə vurğulayırlar.
Bakıda məskunlaşan məcburi köçkün Salmanzadə Rüfət Əlövsət oğlu Prezidentə ünvanladığı məktubunda “Dünya birliyinin mürəkkəb siyasi və iqtisadi proseslərlə üzləşdiyi bir vaxtda Azərbaycan Sizin rəhbərliyinizlə iqtisadi və mədəni inkişafı, müstəqilliyinin və beynəlxalq nüfuzunun güclənməsi əsasları üzərində möhkəm dayanmış sabitlik adasıdır. Dünyanı bürüyən koronavirus bəlası sanki insan cəmiyyətlərini və fərdləri sınaqdan çıxarır. İnsanlıq ciddi imtahan qarşısındadır. Cənab Prezident, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dünyanı cənginə alan infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının qorunması məqsədilə atdığınız addımlar, həyata keçirdiyiniz siyasət, etdiyiniz müraciətlər, gördüyünüz qabaqlayıcı tədbirlər, əhalinin sağlamlığının qorunması üçün aparılan işlər biz gənclər tərəfindən yüksək qiymətləndirilir” - deyə qeyd edən R.Salmanzadə, həmçinin, yazır ki, Prezidentin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan regionun ən inkişaf etmiş ölkəsinə çevrilib və dünyada öz sözünü deyən dövlət kimi qəbul olunur.
Məcburi köçkün gənc, həmçinin, yazır ki, Prezidentin pandemiya ilə mübarizədə bütün ölkələrdən tez addım atması, məktəblərin, sərhədlərin vaxtında bağlanması barədə qərar verməsi virusun Azərbaycanda yayılmasının qarşısını aldı. O, eyni zamanda, vurğulayır ki, görülən bu işlər təkcə əhali tərəfindən deyil, həm də beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilir. “Bu çətin günlərdə dövlətimiz, xalqımız üçün göstərdiyiniz fədakarlıq, yorulmaz səyləriniz bir gənc olaraq məni qürurlandırır. Azərbaycan böyüklüyündə bir ailənin qayğısını çəkdiyiniz üçün Sizə minnətdarlığımı bildirirəm” - deyə məcburi köçkün gənc məktubunda bildirir.