Koronavirus hələ də dünya gündəminin bir nömrəli mövzusu olaraq qalmaqda, qolbal miqyasda ciddi təhdid mənbəyi kimi çıxış etməkdədir. Artıq danılmaz həqiqətdir ki, pandemiya dünyanın geosiyasi, geoiqtisadi mənzərəsində də mühüm yeniliklərə səbəb olacaq. Bura Cənubi Qafqaz regionu da daxil edilir. Ekspertlər hesab edir ki, postpandemiya dönəmində regionda tamam yeni bir vəziyyətin formalaşmasını gözləmək olar. Ilkin analizlər isə bu qənaətə gəlməyə əsas verir ki, regionda koronavirusun ən çox sarsıtdığı ölkə Ermənistan olacaq. Çünki hazırda virusun ən çox zərbə vurduğu ölkə qismində də məhz Ermənistan çıxış edir. Bura səhiyyədə yaşanan problemlerlə yanaşı, iqtisadi-sosial sahədə qeydə alınan ağır vəziyyət də daxildir.
Azərbaycana gəldikdə, ölkəmizlə bağlı vəziyyət tamam fərqlidir. Bunu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) hazırladığı “COVID-19: Şərq Tərəfdaşlığı ölkələrinin böhrana cavabı” adlı hesabatdan da görmək olar. Sənəddə qeyd olunur ki, koronavirus pandemiyası başlayandan sonra Şərq Tərəfdaşlığı ölkələri virusu əngəlləmək üçün təcili tədbirlər gördülər:“İrana yaxın olduqlarını nəzərə alan Azərbaycan, Ermənistan, Gürcüstan səfərlər, kütləvi toplantılar üçün məhdudiyyətlər tətbiq edib, məktəbləri bağlayıblar. Lakin COVID-19-un regionda yayılması Şərq Tərəfdaşlığı ölkələrinin əksəriyyətini daha sərt karantin tədbirlərinə əl atmağa, bəzi hallarda hətta fövqəladə rejim tətbiq etməyə vadar etdi”.
Koronavirus pandemiyasının dünya iqtisadiyyatına böyük zərbələr vurduğunu qeyd edən hesabat müəllifləri göstərir ki, region ölkələrində də dövlət istiqrazlarının gəlirlilik dərəcəsi, valyuta məzənnələrinin dəyişkənliyi sərmayədarların yerli iqtisadiyyata etimadının azaldığını göstərir:“Azərbaycan istisna olmaqla, Şərq Tərəfdaşlığı ölkələrində milli valyutaların xeyli ucuzlaşması, dövlət istiqrazlarının artan gəlirliliyi ilə nəticələnib. Bu da sözügedən ölkələrdə dövlət maliyyə sisteminin sabitliyinə dair narahatlığın gücləndiyinə dəlalət edir”. Azərbaycanla bağlı sənəddə pandemiyanın iqtisadi fəsadlarını aradan qaldırmaq istiqamətində hökumətin atdığı addımlar qeyd olunur:“Azərbaycanda geniş iqtisadi dəstək proqramı qəbul edilib. Bu çərçivədə 2,5 milyard manatlıq on dəstək zərfindən birincisi ən çox zərərə uğraması gözlənilən dörd iqtisadi sahəyə, o cümlədən turizmə yönəldilir. Hökumət işçilərin məvacibini bütövlüklə və yaxud qismən ödəmək niyyətindədir. İkinci dəstək zərfi isə mikro sahibkarlığa yardım üçün nəzərdə tutulub”. Regionda ən pis vəziyyət isə məhz Ermənistandadır.
Məsələ burasındadır ki, Ermənistanda virus səbəbindən iqtisadi çöküş sürətlənib, eləcə də koronaya tutulanların sayı durmadam artır. Cənubi Qafqazda bu sahədə ən yüksək göstəricilər məhz Ermənistandadır. Ölkədə koronavirusa yoluxanların sayı 2 minə çatır, Onlardan 30 nəfər ölüb. Ermənistanın səhiyyə naziri Arsen Torosyan bu durumda ölkədə koronavirusa yoluxma hallarının artmasını müxtəlif səbəblərlə əlaqələndirməyə çalışır. Nazir "Azatutyun" radiosunun efirində koronavirusun yayılma tempinin mütləq sayda artdığını etiraf edib:"Təəssüf ki, bizdə virusun yayılmasının müxtəlif mərkəzləri var. Yəni mart ayının ortalarında bu mərkəzlər 1-2 idisə, sonra 3 oldu. Bundan sonra virus həmin mərkəzlərin xaricində yayılmağa başladı. İndi ölkəmizdə bir-biri ilə əlaqəsiz 10, bəzən 20 mərkəz var və biz onları birinci oçaqla bağlayan bağı tapa bilmirik. Bu təbii, çox simptomsuz hadisə, mümkündür ki, virus COVID-19-a yoluxduğunu bilməyən insandan insana ötürülüb". Onun sözlərinə görə, koronavirusun yayılmasının başqa "bədbəxt istiqaməti" tibb mərkəzləridir: "Biz tibb mərkəzlərində koronavirusun yayılmasının qarşısını almaq və başqa xəstələri qorumaq üçün bütün qüvvələrimizi cəmlədik". Torosyan, həmçinin, xəstə sayının çoxalmasını küçələrdə hərəkətin artması, vilayətlərarası və şəhərlərarası yolların, bəzi məişət subyektlərinin açılması ilə əlaqələndirib. Ermənistanın “Politekonomika” araşdırma mərkəzinin rəhbəri Andranik Tevanyan da vəziyyətin ağır olduğunu bildirir:“Koronavirus böhranından əvvəl Ermənistan baş naziri Gürcüstanla, həmçinin Azərbaycanla iqtisadi göstəricilərdə rəqabət aparmağı və özünü regional rəhbər kimi təqdim etməyi sevirdi, indi isə əsl koronavirus statistikasını qeyd etmək istəmir, çünki sərfəli deyil. Hazırkı vəziyyətə əsasən, Ermənistanda rəsmi olaraq daha çox insanın virusa yoluxduğu aydın görünür. Gürcüstanda və Azərbaycanda bizə nisbətən xeyli azdır. Ölüm sayları da bizim xeyrimizə deyil”. Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan da ölkəsinin durumunun ağır olduğunu bildirir:“Ermənistanda koronavirus sürətlə yayılır. Nikol Paşinyanın prosesə heç bir şəkildə təsir göstərə bilmədiyi artıq aydındır. Hər şey Tanrının ümidinə qalıb. Nə qədər yayılır, qoy yayılsın. Bu epidemiya bir gün öz zirvəsinə çatacaq və geri çəkiləcək. Bəlkə yayın istisi kömək edəcək, bəlkə də ağcaqanadlar vəziyyəti daha da ağırlaşdıracaq. Təqdim etdiyim zəmanətlər əsasən nəzərə alınmır. Bir problem var: bu zəmanətləri həyata keçirmək üçün müəyyən bacarıq tələb olunur. Mövcud hökumətin belə bacarığı yoxdur. Nəticə isə göz qabağındadır: koronavirus ölkədə tüğyan edir. Hətta paytaxt İrəvan utancverici vəziyyətdədir. Küçələr yuyulmur, səkilər, eyvanlar və liftlər dezinfeksiya olunmur. Şəhər meri Hayk Marutyan komandası ilə görsənmir. Nə baş nazir, nə də prezident heç olmasa bir dəfə xəstəxanaya baş çəkməyə, xəstələr və həkimlərlə söhbət etməyə, tibb işçilərinin maaşlarını qaldırmağa cəsarət edir. Paşinyanın əsas işi oturub “kapital proqramları”nı müzakirə etməkdir. Bütün bunların nə vaxtsa sona çatacağı və hakimiyyət dəyişikliyinin olacağı qaçılmazdır. Çünki bu hakimiyyət dönəmində regionda ən pis vəziyyət məhz Ermənistanda olacaq”.
Həqiqətən də proseslərin gedişi virusun regionda Ermənistanı tam çökdürəcəyini aydın nümayiş etdirir.
Nahid SALAYEV