Prezident İlham Əliyevin hər zaman qayğı və diqqət bəslədiyi şəhid ailələri ölkəmizdə gerçəkləşdirilən antivirus tədbirlərini, o cümlədən də əhalinin müxtəlif təbəqələrinin sosial müdafiəsi istiqamətində həyata keçirilən dövlət tədbirlərini yaxından izləyirlər. Prezidentin bu istiqamətdə imzaladığı sərəncamlar, verdiyi göstərişlər şəhid ailələri tərəfindən təqdir edilir.
Beyləqan şəhərindən şəhid atası Hüseynov Vidadi İsa oğlu Prezidentə müraciətində bu məqamlardan danışır: “Bildiyimiz kimi bütün dünyada sərhəd tanımayan böyüyü, kiçiyi amansızcasına cənginə almış koronavirus virusu bəşəriyyəti sınaq qarşısında qoyub. Dünyanın inkişaf etmiş ölkələri belə təlatüm içində amansız xəstəlik ucbatından xalqının ölümünü seyr edir. Bu acınacaqlı vəziyyətdə Sizin uzaqgörən siyasətiniz və humanist addımlarınız, operativ şəkildə gördüyünüz işlər, ölkədə hər bir sahəni düşünərək qəbul etdiyiniz düzgün qərarlar, xalqın sosial rifahının yaxşılaşdırılması məqsədilə ard-arda verdiyiniz Sərəncamlar, bir sözlə Azərbaycan xalqının Sizin üçün hər şeydən üstün olduğunu bir daha sübut etdi”.
V.Hüseynov yazır ki, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın xalqa bir ana kimi çağırışı ölkə əhalisində xəstəliyə qarşı, mənəvi-psixoloji ruh yüksəkliyi yaratdı.
Məktub müəllifi yazır ki, həm bir şəhid atası, həm də bir sahibkar kimi hər zaman xalqımıza dayaq olduqlarına, Azərbaycan xalqının mənafeyini hər şeydən üstün tutduqlarına, habelə ölkəmizin uğurlu gələcəyi naminə gördükləri bütün işlərə görə, beyləqanlılar adından Prezident İlham Əliyevə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürümü bildirirəm.