Karonavirusa yoluxan xəstələrin xüsusi izoliyasiya olunmuş xəstəxanalarda və palatalarda müalicəsinin həyata keçirilməsi, onların sağalması üçün dövlətin lazımi bütün tədbirləri görməsi, onları dərman vəsaitləri, süni nəfəs aparatı ilə təmin etməsi vətəndaşların diqqət mərkəzindədir. Xüsusən də tibb sahəsi ilə bağlılığı olan vətəndaşlar bunu daha çox dəyərləndirir.
Lənkəran şəhərindən 40 illik əczaçılıq təcrübəsinə malik olan Məmmədova Elazə Əkrəm qızı Prezidentə yazdığı məktubda həm bu məsələyə, həm də digər məqamlara diqqət çəkib: “Bu məktubu yazmaqda məqsədim Sizə səmimi qəlbdən gələn minnətdarlıq hisslərimi çatdırmaqdır. Lənkəran şəhərində 40 ildir fəaliyyət göstərən zəhmətkeş əczaçı kimi son vaxtlar ölkəmizdə baş verən hadisələrdə sizin çox böyük dəstəyinizi hiss etdim. Koronavirus pandemiyası dövründə şəxsən Sizin çıxışlarınızdan mənəvi güc alaraq fəaliyyətimi daha da həvəslə davam etdirdim. Qısa zaman ərzində xalqı zəruri tibbi ləvazimatlarla və avadanlıqlarla təmin etmək istiqamətindəki misilsiz fəaliyyətiniz ilə bizə çox böyük yardımçı oldunuz. Azərbaycanda istənilən sahədə qəbul etdiyiniz müdrik qərarlar sayəsində hazırda ölkəmiz pandemiya ilə mübarizədə digər ölkələrə nümunə göstərilir. Xalqın sosial rifah halının gücləndirilməsi üçün apardığınız düzgün və dəqiq siyasət nəticəsində bu gün hər bir Azərbaycan vətəndaşı Sizə ürəkdən təşəkkürünü bildirir”.
E.Məmmədova qeyd edir ki, Prezident İlham Əliyev öz fəaliyyəti ilə həqiqətən hər bir azərbaycanlının Prezidenti olduğunu bir daha qürurla nümayiş etdirir. O, həmçinin yazır ki, İlham Əliyev kimi qayıkeş, sadə, xalqın qayğısına qalan Prezidentimiz olduğu üçün çox şanslıyıq. “İnanırıq ki, Sizin ətrafınızda sıx birləşib bütün çətinliklərdən qələbə ilə çıxacağıq” - deyə E.Məmmədova vurğulayıb.