Pandemiya dövründə dövlət tərəfindən atılan addımlar bir daha sübut etdi ki, Azərbaycan Prezidenti və dövləti hər zaman vətəndaşının yanındadır, həmişə vətəndaş dövlətinə arxalana bilər.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus (COVİD-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülməsi, məşğulluğun artırılması və sosial rifaha dəstək məqsədilə görülən işlər, eləcə də yeni xəstəxanaların tikilməsi, səhiyyə müəssisələrinin lazımi tibbi avadanlıqlarla təmin olunması məsələsi vətəndaşların da diqqətini qazanıb. Şəki şəhərindən Abdulhəmidova Aynur Nərbala qızının Prezidentə yazdığı məktubda bu məqama xüsusi diqqət yetirilib: “Yeni növ koronavirus infeksiyasına qarşı genişmiqyaslı mübarizə məqsədilə atdığınız qətiyyətli və məqsədyönlü addımlarınız, o cümlədən laboratoriyaların, çatışmayan tibbi ləvazimatların istehsalı üzrə müəssisələrin fəaliyyətə başlaması və ya yenidən təşkili, modul tipli xəstəxanaların tikintisi ilə bağlı verdiyiniz sərəncamlar, virusla birbaşa mübarizəyə cəlb olunmuş həkimlərin maaşlarının bir neçə dəfə artırılması Sizin həmişə xalqın yanında olduğunuzu göstərir.
Yaranmış sosial-iqtisadi çətinliklərin işsiz şəxslərə və sahibkarlara təsirini azaltmağa yönələn yardım paketlərinin ayrılması və digər tədbirlər Sizin hər bir azərbaycanlının Prezidenti olduğunuzu bir daha sübut edir”.
A.Abdulhəmidova pandemiya qurbanlarının sayının çoxalmaması və Prezidentin rəhbərliyi ilə aparılan qabaqlayıcı tədbirlərin səmərəliliyinin azalmaması üçün “Biz birlikdə güclüyük!”, “Evdə qal!” kimi çağırışlara bütün Azərbaycan ictimaiyyətinin səs verdiyini də qeyd edir.
Baki-xeber.com