Bütün dünyanın mübarizə apardığı, lakin hələ tam olaraq məğlub edə bilmədiyi koronavirus pandemiyası ümumbəşəri bəlaya çevrilib. Dünyanın əksər ölkəsində sosial-iqtisadi, mədəni həyatı iflic vəziyyətə salan koronavirus dövlətimizin həyata keçirdiyi önləyici tədbirlər nəticəsində Azərbaycana elə də güclü təsir göstərə bilməyib. Bu çərçivədə dövlətin həyata keçirdiyi bütün tədbirlər Azərbaycanın bölgələrində yaşayan vətəndaşların da diqqətindədir.
Goranboy rayonu, Qızılhacılı qəsəbəsindən Milli Qəhrəman ailəsinin üzvü Əliyeva Pakizə Camal qızı Prezidentə yazdığı məktubda “...Sizin uzaqgörən siyasətinizin nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatının siyahısında bizim ölkənin adı ölüm hallarının sayına görə, son pillələrdədir. Siz xalqımızın sağlamlığı üçün əlinizdən gələni əsirgəmədiniz. Aztəminatlı ailələrə dövlət tərəfindən davamlı yardımlar edilir” - deyə qeyd edir.
P.Əliyeva həmçinin yazır ki, Prezident İlham Əliyevin nazirlərlə keçirdiyi videomüşavirədə verdiyi göstəriş və tapşırıqlar ictimaiyyət tərəfindən ciddi şəkildə dəstəklənir: “Siz nazirlərlə keçirdiyiniz videomüşavirədə ümumi vəziyyəti nəzərə alaraq qeyd etdiniz ki, insanların sosial müdafiəsini gücləndirmək üçün dövlət tərəfindən yardım 200 min nəfərə deyil, 600 min insana iki ay ərzində hər ay 190 manat olmaqla verilməlidir. Bu, bir daha onu göstərir ki, Siz daim Azərbaycan xalqının yanındasınız, onun sevinc və kədərinə şərik olursunuz. Sizin qayğınız və səmimiyyətiniz hər bir azərbaycanlı ailəsində hiss olunub, bu gün də olunmaqdadır. Sizin tərəfinizdən edilən müraciətlər, tövsiyələr, məzuniyyətə buraxılan işçilərin əməkhaqqının ödənilməsi, 190 manat vəsaitin ayrılması, “Biz birlikdə güclüyük!” kimi çağırışlarınız Azərbaycan xalqını qorumaq üçündür”.
P.Əliyeva bütün bunlara görə, şəhid anaları adından Prezident İlham Əliyevə minnətdarlığını bildirir.
İradə SARIYEVA