ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi bizim mövqeyimiz Rusiya, ABŞ və Fransanın rəhbərlərinin birgə bəyanatlarında dəfələrlə səsləndirilib.
Bu, Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyanın rusiyalı həmkarı Sergey Lavrovun danışıqlar prosesindəki sənədlərdə Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair müddəaların əksini tapması bəyanatına “Ermənistan Azərbaycana heç bir ərazi güzəştinə getməyəcək” fikirlərinə münasibət bildirən Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin şərhində deyilir. Rusiya XİN-də qeyd edilib ki, Rusiyanın mövqeyi Helsinki Yekun Aktının başlıca prinsiplərinə, o cümlədən, güc tətbiq etməmək, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququ prinsiplərinə əsaslanır: “Bu bəyanatlardakı nizamlanma elementlərinə Dağlıq Qarabağ ətrafında yerləşən ərazilərin qaytarılması, həmçinin, sakinlərin iradəsini bildirməsi yolu ilə Dağlıq Qarabağın qəti hüquqi statusunun müəyyən edilməsi də daxildir. Nəzərdən keçirilmiş və hazırda baxılan sənəd və təkliflərə gəlincə, Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov onları sadalayıb”.
Şərhdə o da deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi kifayət qədər həssas məsələdir: “Bu mövzunu ictimai debatlara çevirmək səmərəsizdir. Buna əsaslanaq ki, nizamlanma məsələsi yaranan format çərçivəsində danışıqların gedişində nəzərdən keçirilməlidir. Bu mövzuda məsləhətləşmələr davam edir. Məsələn, aprelin 21-də Ermənistanın və Azərbaycanın Xarici İşlər nazirlərinin həmsədrlərin iştirakı ilə keçirilən videokonfransı buna sübutdur”.
Göründüyü kimi, Rusiya XİN-i də öz mövqeyini bildirərək ətraf rayonların qaytarılmasının vacibliyinə eyham vurub.
“...ikili standart yanaşmasından əl çəkməyiblər”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun fikrincə, həmsədr ölkə olan Rusiya tərəfindən belə bir yanaşmanın ortaya qoyulması müsbət addımdır: “Ən azından, müəyyən qədər Ermənistana öz yerini göstərdilər. O mənada ki, ilkin mərhələdə ətraf rayonlar qaytarılmalıdır. Bununla yanaşı, Mnatsakanyanın məlum açıqlaması daxili auditoriyaya hesablanıb. Məsələ ondadır ki, Lavrovun danışıqların münaqişənin mərhələli həll variantı üzərində aparıldığı haqqında açıqlamasından sonra Ermənistanda Mnatsakanyana qarşı kəskin ittihamlar səsləndirildi. Hətta onun istefası tələb edildi. Belə bir fonda Mnatsakanyanın bu cür bəyanatlar verməsi ola bilsin erməni cəmiyyətini bir qədər sakitləşdirməyə yönəlib. Lakin o da diqqətdən qaçmamalıdır ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri, xüsusən də Rusiya problemin həllində ikili standart yanaşmasından əl çəkməyiblər. Kreml münaqişənin həll olunmasını hələ ki, istəmir. Ona görə də yaxşı olardı ki, Rusiya daha konkret mövqe ortaya qoysun. Hesab edirəm ki, rəsmi Moskva belə bir mövqe sərgiləsə, o zaman Ermənistan işğala son qoyar. Bütün bunlara rəğmən, Azərbaycan milli həmrəyliyə əsaslanaraq, ordumuzun gücü ilə münaqişəni həll edə bilər. O üzdən, hər zaman hərb variantına hazır olmalıyıq”.
Vidadi ORDAHALLI