Dağlıq Qarabağ probleminin həlli istiqamətində müəyyən canlanma hiss edilir. Tərəflər arasında keçirilən videogörüş və Rusiya xarici işlər naziri Sergey Lavrovun verdiyi bəyanatlar hər iki ölkədə geniş müzakirələrə yol açıb.
Sergey Lavrov bir neçə gün öncə Qarabağ probleminin məqbul həll variantlarından danışarkən bildirib ki, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri hərbi əməliyyatların qızğın vaxtlarında qəbul olunub və bu qətnamələrdə hərbi əməliyyatların tam dayandırılması və nizamlanmaya keçid əksini tapıb:“Bəli, bu qətnamələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü təsdiq olunub”. Bu sözlərin ardınca Lavrov konfliktin mərhələli şəkildə nizamlanmasının zəruriliyi bildirib:“Bu sənədlərdə münaqişənin mərhələli şəkildə həlli əksini tapıb. Birinci mərhələyə daha aktual problemlərin - Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad olunması və nəqliyyat, iqtisadiyyat və digər kommunikasiyaların blokadadan çıxarılması daxildir”. Görünən budur ki, hazırda danışıqlar gedir. Belə təmaslar varsa, deməli, masada mərhələli həll planı müzakirə olunur. Ancaq nədənsə erməni tərəfi bunu danır. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan son açıqlamasında deyib ki, Ermənistan Qarabağın öz müqəddəratını təyin etmə hüququnu nəzərdə tutmayan heç bir həll variantını qəbul etmir. Naqdalyanın sözlərinə görə, 2019-cu il aprelin 15-də Azərbaycan, Rusiya, Ermənistan və Minsk Qrupunun birgə açıqlamasında danışıqların ümumi konturları müəyyən olunub. O, həmin bəyanatda mərhələli həll planı barədə heç bir söz olmadığını əlavə edib:“Ermənistan üçün münaqişənin mərhələli həlli ilə bağlı hələ 2018-ci ilə qədər təklif edilmiş plan qəbuledilməzdir. 2018-ci ildən isə mərhələli həll planı ilə bağlı danışıqlar aparılmır”.
Görünən budur ki, Qarabağ danışıqları mərhələli həll planı üstündə gedir. Ermənilərin bunu danmasının arxasındakı mahiyyətlər nədən ibarət ola bilər?
Qabil Hüseynli: “Ermənistan məsələni mərhələli şəkildə deyil, bir müqavilə ilə həll etməyə çalışır”
Politoloq Qabil Hüseynli qəzetimizə bildirdi ki, proses mərhələli şəkildə həyata keçməlidir:“Çünki Ermənistan böyük əraziləri işğal edib və Dağlıq Qarabağı da müstəqilləşdirməyə can atır. Buna görə də, məsələni mərhələli şəkildə deyil, bir müqavilə ilə həll etməyə çalışır. Bu qətiyyən mümkün deyil. Azərbaycan da öz ərazi bütövlüyünü tam bərpa etmək istəyir. Ermənilər bu problemi elə bir dolaşıq hala salıblar ki, bunu yalnız mərhələ-mərhələ həll etmək mümkündür. Onlar BMT-nin qətnamələri və sonrakı danışıqlar prosesində əldə olunan prinsipləri saya salmırlar. Gah deyirlər format dəyiməlidir, indi də danışıqlardan çıxmaqla bizi hədələyirlər. Dağlıq Qarabağla bağlı ən praqmatik həll modelini vaxtilə Ermənistanın 1-ci prezidenti Levon Ter-Petrosyan irəli sürmüşdü. Ter-Tetosyanın təklif elədiyi həll planı da mərhələli idi. Birinci mərhələdə “Laçın dəhlizi” saxlanmaqla Dağlıq Qarabağ ətrafında bütün rayonlar azad edilir, kommunikasiyalar, sərhədlər açılır, iki ölkə arasında gediş-gəliş bərpa olunur, qarşılıqlı etimad mühiti yaradılır, Dağlıq Qarabağın yekun statusu isə ikinci və sonuncu mərhələyə saxlanırdı. Ancaq indiki Ermənistan hakimiyyəti bu həll modelini yaxına buraxmaq istəmir. Lavrov çıxışı zamanı müharibənin dayandırılmasının vacibliyini qeyd edib. Məsələ ondadır ki, Azərbaycan heç bir ölkə ilə müharibə aparmır. Müharibə Azərbaycana qarşı açılıb, torpaqları işğal olunub, bir milyondan artıq vətəndaşı torpaqlarından didərgin salınıb. Bu ədalətsiz, qeyri-insani bir müharibədir və səbəbkarı Ermənistandır. Yaxşı olardı ki, bu yöndə onlara ciddi təzyiqlər edilsin. Azərbaycan bu müharibəyə zorla cəlb edilib. Biz özümüzü müdafiə etməyə məcbur olmuşuq. Bununla belə, Ermənistan bəzi qüvvələrin hesabına qanuni torpaqlarımızı işğal edib. Bu gün danışıqlar prosesindən danışmalı olsaq, birinci növbədə bu məsələ aktuallaşmalıdır. Rusiya və digər vasitəçilər bu məsələdə məsuliyyəti tərəflərin üzərinə bərabər qoymamalıdır. Ermənistan konstruktivlikdən nə qədər yayınsa da, xeyri yoxdur. Azərbaycan, hərbi güclə olsa belə, öz ərazi bütövlüyünü təmin edəcək. Məsələ burasındadır ki, danışıqlar prosesi predmetli danışıqlara getmir. Yəni erməni tərəfi danışıqlar prosesini 2-ci, 3-cü dərəcəli məsələlər ətrafında saxlayır. Nəticə etibarilə Dağlıq Qarabağın hüquqi statusunu, onun ətrafındakı işğal edilmiş 7 rayonun geri qaytarılması ilə bağlı məsələləri müzakirə etməyə vaxt çatmır”.
Məhəmmədəli QƏRİBLİ